1692 müəllim işə düzəldi

1692 müəllim işə düzəldi
  05 Sentyabr 2014    Oxunub:1535
2014-2015-ci tədris ilində ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulu üzrə müsabiqə artıq başa çatıb.
Bu barədə AzVision.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, müsabiqəyə 2975 vakant yer çıxarılıb. Müsabiqədə iştirak etmək üçün 17962 nəfər ərizə verib. İlk dəfə olaraq müsahibə mərhələsində müəllimlərin kommunikativ qabiliyyətləri də qiymətləndirilib. Müsabiqənin nəticələrinə görə 1304 nəfər işə qəbul olunub.

Ötən ildən fərqli olaraq cari ildə işə qəbul üzrə müsabiqə qısa müddətdə yekunlaşmış, imtahan mərhələsi 1 həftə müddətində, müsahibələr isə 3 gün ərzində keçirilib. Əvvəlki illərdə bu proses bir aydan çox vaxt aparırdı.

Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulu üzrə müsabiqədən sonra boş qalan və yeni yaranmış vakant yerlərin təhlili aparılmış, 25-29 avqust 2014-cü il tarixlərində müsabiqədə iştirak edərək keçid balını toplayan, lakin heç bir yer tutmayan 2894 nəfər elektron müraciət edib. Əlavə yerləşdirmə nəticəsində 388 nəfər işə qəbul edilib.

Büləliklə, müsabiqənin nəticələrinə əsasən ümumilikdə 1692 nəfər işə qəbul olunub ki, onlardan 1405 nəfərinə (83%) həvəsləndirmə tədbirləri tətbiq edilib.

Təhlil göstərir ki, ötən illə müqayisədə vakant yerlərin tutulmasında əhəmiyyətli irəliləyiş olub. Belə ki, ötən dərs ilində müsabiqə nəticəsində işə qəbul olunanların sayı 1281 nəfər olmuşdusa, cari ildə həmin göstərici 411 nəfər artaraq 1692 olub.

Onu da qeyd etmək lazımdır ki, müəllimlərin işə qəbulu qaydalarının şəffaflığı və obyektivliyi təmin etməsinin nəticəsidir ki, cari ildə keçirilmiş müsabiqədə 18 min nəfərədək müəllimin iştirak etməsinə baxmayaraq, nəticələrdən apelyasiya verən, demək olar ki, olmayıb.


Teqlər:





Xəbər lenti