Rusiyanın `od vurduğu` qiymətlər - Bazardan reportaj

Rusiyanın `od vurduğu` qiymətlər - Bazardan reportaj
  05 Sentyabr 2014    Oxunub:18291
Son günlər paytaxt bazarlarında kənd təsərrüfatı məhsullarının qiymətində süni bahalaşma müşahidə olunur. Əsasən də meyvə-tərəvəzin qiymətinin gözlənilmədən qalxması alıcıların narazılığına səbəb olub. Bir həftə öncə nisbətən ucuz qiymətə satışa çıxarılan məhsullar niyə bahalaşıb. Hər kəsi bu sual düşündürür?

AzVision.az-ın əməkdaşı bu suala cavab tapmaq üçün üz tutub Bakının “Təzə bazar” kimi tanınan ticarət mərkəzinə. Əməkdaşımız bazardakı qiymət artımı ilə maraqlanıb.

Şaftalını 8 manata alırdıq, indi ...

İlk baş çəkdiyimiz piştaxtada cürbəcür meyvələr satışa çıxarılmışdı. Almadan banana kimi istənilən meyvəni piştaxtada görmək mümkün idi. Yəni, bir sözlə pulun varsa bazarda hər şey ala bilərsən, təki cibin dolu olsun...

İlk olaraq elə onların qiyməti ilə maraqlanıram. Satıcıdan öyrənirəm ki, son 15 gündə qiymətlərdə çox fərq var. Bunun səbəbini isə satıcı belə izah edir:



“Bildiyimizə görə son vaxtlar Azərbaycan məhsulları Rusiya bazarlarına çıxarılır. Buna görə də yerli məhsulların qiyməti bahalaşıb. Qiymət artımında nə biz, nə də alıcı qazanır. Yaxşı qazanan kəndçilərin məhsullarını Rusiyaya aparan alverçilərdir. Buna görə də məhsulların qiymətləri son vaxtlar əməlli başlı artıb. Bu da bizə sərf eləmir”.

Satıcı qiymət artımının əsasən meyvə-tərəvəz məhsullarına aid olduğunu bildirib.

“Doğrudur, meyvələrin qiyməti bahalaşıb. Məsələn, təsərrüfatçı 70-80 qəpiyə satdığı şaftalını indi 1 manat 30 qəpiyə satır. Mən də məcburən satırım 1 manat 60 -70qəpiyə. 20 gün bundan qabaq isə şaftalını 70 qəpiyə alırdıq, mən də satırdım 1 manata. 30 qəpik o, 30 qəpik də mən qiyməti qaldırmışam.

Müəyyən meyvələr var ki, əvvəlki qiymətlərlə müqayisədə hazırda 40, 50, 70 qəpik baha satışa çıxarılır. Şaftalının bir yeşiyini 8 manata alırdıqsa, indi 12 manatadır.



Qiymətləri qalxan meyvələr əsas gavalı, şaftalı, nektarindir, almaların qiyməti o qədər də qalxmayıb stabil qalıb. Bir də əsas üzümdür. Üzüm hər qiymətə, 80 qəpiyə,1 manat, 1 manat 50 qəpiyə, gavalılarən qiyməti 50 qəpikdən 1 manat 50 qəpiyə qədər dəyişir. Əncirin kilosunu isə 3 manata satıram. Əncir Bakının kəndlərindən gəlir deyə qiymətlərində dəyişiklik yoxdur.

Almaları isə 70-80 qəpiyə, 1 manat 30 qəpiyə satıram. Alıcılar da başa düşür ki, qiymətin qalxması bizlik deyil”.

Doyunca meyvə yeyə bilmirik?



Alıcılar da qiymət artımından narazıdırlar. Əhməd dayı bildirir ki, qiymətlər baha olduğu üçün ürəyi istəyi meyvəni alıb evə apara bilmir.

“Meyvələr bahadır. Keçən ilin bu vaxtı ilə müqayisə etsək fərq böyükdür. Keçən il məsələn almanı, şaftalını ucuz ala bilərdik, qiymət bir manata düşmüşdü, hətta 80 qəpiyə düşən vaxtı da var idi. Məsələn, indi Sinab alması aldım, kilosu 2 manatadır. Çox bahadır. Bunun heç əslində bir manat qiyməti yoxdur. Keçən il bir manata almaq olardı. Bu il bahalaşıb olub 2 manata, 2 manat 50 qəpiyə. İndi Rusiyaya yol açılıb, ora aparılırsa biz öz mer-meyvələrimizdən doyunca yeməyək?. Hər hansı halda bazarı tənzimləyən bir orqan yoxdur ki, baxsınlar qiymətləri tənzimləsinlər. Bir adam gəlsin ki, bu qiymətlərə yiyə dursun. Azərbaycan bazarını stabilləşdirsin.



Biz də deyirik ki, yaxşıdır, qoy getsin Rusiyaya, kənd təsərrüfatımız inkişaf etsin, kənddə yaşayanlar da pul tapsınlar.Amma bazardakı qiymətlər də alıcılıq qabiliyyəti ilə bağlı olmalıdır. Alıcının zənbilinə uyğun gəlməlidir ki, bu həyatda yaşaya da biləsən. Ona görə də aldığın pulla verdiyin pul uyğun gəlmir. Cürbəcür yarmarkalar açırlar filan, amma bu dediyim məsələni həll etmir”.

Pomidorun qiyməti “əl yandırır”



Onu da deyim ki, tərəvəzlər içərisində qiymət artımı daha çox pomidordadır. Bazarın yaşlı satıcısı bunun digər səbəblərindən birinin son günlər havanın çox isti keçməsində görür:

“Məhsulların Rusiyaya aparılması ilə əlaqədar olaraq bir balaca qiymətlərdə artım var. Xüsusən də bu, pomidorun qiymətində özünü göstərir. Pomidoru 1 manat, manat yarım,2 manata satıram. Badımcanı isə 1 manata verirəm.

10-20 gün bundan qabaq hər şeyin bol vaxtı idi, deyə 50-60 qəpiyə satırdıq. İndi isə getdikcə azalır, yay qurtarır, pomidor da azalır. Ona görə də qiyməti bir az qalxır. Ancaq məhsulların Rusiyaya getməsi bizim üçün də yaxşıdır.



Həm mallar qalmır, həm də Azərbaycanın Rusiyada yaşayan vətəndaşları da öz məhsularımızdan yeyir. Payız məhsulu gələndən sonra yenə bolluq olacaq, yenə qiymətlər aşağı düşəcək. Belə isti hələ olmamışdır. İstilər ki, oldu demək olar məhsulların hamısını yandırıb. Məsələn, bundan sonra pomidorlar gələcək ki, yarısı qırmızı, yarısı da istidən saralmış olacaq”.

Daha sonra şəxsi təsərüfatında əkib- becərdiyi məhsulları satmaq üçün bazara gələn satıcıya yaxınlaşıram.



“Soğanı 30, kartofu 50-70, bibəri 60-70 qəpiyə satıram. Kim neçəyə xətri istəyir satır. Arvad-uşaq hamısı kənddədir, qazırlar, çıxardırlar, mən də satıram.



Kartofda, badımcanda son günlər qiymət qalxması 10 , pomidorda 30-40 qəpik fərq edir. Xiyar, kök, bibər, kələmin qiyməti eynidir. İrandan da kartof gəlir deyə qiymətlər elə də qalxmayıb”, - deyə satıcı bildirib.

Bazarda qarpız qıtlığı...



Qarpız satılan piştaxatda isə satıcı daha çox məhsulun yoxluğundan şikayətləndi:

“Qarpız yoxdur. Biri var ola bahadır, bir də var ki, məhsul yoxdur. Tapa bilmirik. Dünən Sabirabaddan bir maşın qarpızı güclə tapmışam. Olanlar da ki, pis vəziyyətdədir. Yaxşısı da ki, bahadır. Gedirik bostanlara hamısını gün vurub, partlayıb qalıb tağlarda. Ona görə də gəlib baha çıxır. 15 qəpiyə alırdıqsa, 25-30 qəpiyə satırdıq. İndi isə 35 qəpiyə gedib rayondan gətirmişəm .



Hazırda qarpız topdan satış məntəqələrində 60 qəpiyədir.
Xırda qarpızlar ucuzdur, böyük qarpızlar bahadır. Hazırda isə demək olar ki, yoxdur. İndi satışı 50 qəpikdir, yavaş- yavaş bahalaşır”.



Şahanə RƏHİMLİ
Fotolar: Nuron Məmmədov

Qalereya




Teqlər:  





Xəbər lenti