Ərdoğanın Bakı səfərinə YAP-dan reaksiya

Ərdoğanın Bakı səfərinə YAP-dan reaksiya
  03 Sentyabr 2014    Oxunub:1923
“Ərdoğanın Bakı səfəri Azərbaycan-Türkiyə əlaqələrinin yüksələn xətt üzrə inkişafının göstəricisidir. Ümumiyyətlə, Azərbaycan-Türkiyə münasibətlərini ən gözəl xarakterizə edən Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamıdır”.
AzVision.az xəbər verir ki, bu fikirləri YAP-ın icra katibinin müavini Siyavuş Novruzov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakı səfərini şərh edərkən bildirib.

S.Novruzov bu səfərin Azərbaycan üçün əhəmiyyətli olduğunu qeyd edib:

“Tarix göstərir ki, hər zaman xalqlarımız və cəmiyyətimiz bu mövqedən çıxış edərək bir-birinin köməyinə çatıblar. Ümumiyyətlə, ölkələr arasında tərəfdaşlıq münasibətləri mütəmadi surətdə inkişaf etməkdə və yeni keyfiyyət çalarları ilə zənginləşməkdədir. Hər iki ölkəni bir-birinə bağlayan strateji əsaslar xalqlararası dərin inteqrasiya, ortaq milli keçmişə və dəyərlərə malik olmaq, eyni zamanda, milli maraqların uzlaşdırılmasıdır.

Mühüm məqamlardan biri də budur ki, Azərbaycan-Türkiyə əməkdaşlığı regional və beynəlxalq təhlükəsizliyə müstəsna töhfələr verir. Bu, xüsusilə də, hər iki dövlətin iştirakı ilə reallaşdırılan enerji layihələrinin fonunda müşahidə olunur. Bu layihələr bütövlükdə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamaqla yanaşı, Azərbaycanla Türkiyənin beynəlxalq müstəvidə mövqeyi və nüfuzunu xeyli dərəcədə gücləndirir. Hər iki ölkənin birgə iştirakçılığı və əməkdaşlığı əsasında icra olunan layihələr regional çərçivədən çıxaraq qlobal xarakter kəsb edir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, tikilməkdə olan Bakı-Tbilisi-Qars dəmir yolu Avropa ilə Asiyanı birləşdirən dəhliz funksiyasını yerinə yetirən Azərbaycanın enerji və coğrafi imkanlarından səmərəli istifadə etməyə imkan verir. TANAP və TAP layihələri iki ölkə arasında təkcə iqtisadi deyil, təhlükəsizlik əlaqələrini də daha da gücləndirəcək. Bütün bunlar isə Azərbaycan-Türkiyə strateji münasibətləri ən yüksək səviyyədə inkişaf etməsinin bariz göstəricisidir. Bu mənada hesab edirəm ki, Türkiyə Prezidentinin Azərbaycana hazırki səfəri çox əhəmiyyətlidir”.

AzVision.az


Teqlər:  





Xəbər lenti