`Birliyimiz günü-gündən güclənir` - İlham Əliyev
AzVision.az trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 3-də Bakıda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan və Türkiyə nümayəndə heyətlərinin geniş tərkibdə görüşündə deyib.
Prezident İlham Əliyev bildirib: "Biz çox şadıq ki, andiçmə mərasimindən bir neçə gün sonra siz Azərbaycana rəsmi səfər edirsiniz. Bu, bir daha onu göstərir ki, Türkiyə-Azərbaycan əlaqələri dostluq, qardaşlıq əlaqələridir və bu əlaqələr ən yüksək pillədədir. Bu gün təkbətək görüşümüzdə əlaqələrimizin müxtəlif istiqamətlərini müzakirə etdik, həm ikitərəfli, həm beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi apardıq. Bir daha görürük ki, bizim birliyimiz günü-gündən güclənir. Bütün məsələlərlə bağlı bizim fikrimiz eynidir və bir amalımız var ki, Türkiyə-Azərbaycan dostluq, qardaşlıq əlaqələrini biz uğurla inkişaf etdirək. Əminəm ki, bu səfər bu istiqamətdə atılan önəmli addım olacaqdır".
***
`Dağlıq Qarabağ problemi həll olunmadan Türkiyə-Ermənistan münasibətləri normallaşa bilməz`. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Azərbaycan və Türkiyə nümayəndə heyətlərinin geniş tərkibli görüşündə bildirib.
Türkiyə Prezidenti qeyd edib ki, Ankara bunu dəfələrlə bəyan edib.
R.T.Ərdoğan bildirib ki, seçkilərdən sonra Azərbaycana səfəri adət halına çevrilib: "Bu, qarşılıqlı sevgimizin nə qədər güclü olduğunun göstəricisidir. İkitərəfli görüş zamanı Türkiyə-Azərbaycan əlaqələrinin inkişafını dəyərləndirmə fürsəti əldə etdik və bütün sahələri müzakirə etdik".
Türkiyə Prezidenti qeyd edib ki, Bakı-Ankara münasibətləri bundan sonra fərqli şəkildə inkişaf etməlidir.