100 ilin `Vəhşi Diviziya`sı – ARAŞDIRMA

100 ilin `Vəhşi Diviziya`sı – ARAŞDIRMA
  01 Sentyabr 2014    Oxunub:17632
“Vəhşi diviziya” adı ilə tarixə düşən hərbi birliyin yaradılmasının bugünlərdə 100 ili tamam oldu. Bununla bağlı AzVision.az bizim hərb tariximizin də bir parçası olan “Vəhşi diviziya” ilə bağlı ötən il dərc etdiyi araşdırmanı bəzi ixtisarlarla yenidən oxucularına təqdim edir.

1914-cü ilin dekabrında cəbhədən gələn dəhşətli şaiyələr bütün Avstriya-Macarıstan imperiyasını silkələdi. İldırım sürətilə yayılan bu xəbərlər səngərdəki əsgərləri və cəbhə xəttinə yaxın yaşayış məntəqələrinin sakinlərini daha çox dəhşətə gətirirdi: “Ruslar Asiyanın dərinliklərindən cəbhə xəttinə naməlum bir qüvvə - vəhşi süvarilər ordusu gətiriblər. Onlar çiyinlərində ağ, qara qanadları olan kentavra bənzər məxluqlardır. Qarşılarına çıxan heç bir canlıya rəhm eləmirlər. Avropa hələ belə dəhşət görməyib”.

Avstriyalılar və almanlar bütün Avropanı dəhşətə gətirən bu döyüşçüləri “tüklü papaq geymiş şeytanlar”, rus çarı isə “qafqaz qartalları” adlandırsa da, onlar tarixə başqa adla - “Vəhşi diviziya” adıyla düşdülər.

Rəsmi sənədlərdə adı Qafqaz Yerli Süvari Diviziyası olan bu hərbi birlik, 1914-cü il iyulun 26-da Qafqaz Hərbi Dairəsi qoşunlarının baş komandanı qraf İllarion Vorontsov-Daşkovun Qafqaz xalqlarından hərbi hissələrin təşkil olunması təklifiylə Çara müraciətindən sonra yaradılmışdı. Həmin dövrdə müsəlmanlar orduya çağırılmadığından, 6 Süvari Alayından ibarət diviziyanın şəxsi heyəti əsasən Şimali və Cənubi Qafqazdan olan müsəlman könüllülərdən ibarət idi.

Bu 6 alaydan biri - Tatar Süvari Alayı 1914-cü il avqustun 5-dən 27-dək Yelizavetpol (Gəncə) şəhərində azərbaycanlılardan təşkil olunmuşdu. Yelizavetpol qubernatorunun verdiyi məlumata görə müraciət edənlərin sayı 2000-i keçsə də Alaya Yelizavetpol quberniyasından 400 nəfər, Tiflis quberniyasının Borçalı uyezdindən isə 100 nəfər götürmək mümkün olmuşdu. Çünki, təsdiq olunmuş ştat cədvəlinə görə hər alayda 22 zabit, 3 hərbi məmur, 1 alay mollası, 575 süvari döyüşçü və 68 təsərrüfat heyəti var idi. Yerdə qalan 100 nəfər isə alaya ezam olunmuş peşəkar hərbçilər idi. Bu alaylar 3 briqadada birləşirdi. 1-ci briqaya Kabardin və Dağıstan, 2-ci briqadaya Çeçen və Tatar, 3-ci briqadaya İnquş və Çərkəz Süvari Alayları daxil idi.

Tatar Süvari Alayına podpolkovnik Pyotr Polovtsev rəhbərlik edirdi. Azərbaycanlılara və onların adət-ənənələrinə böyük hörmətlə yanaşan, cəsur və qorxmaz zabit Polovtsev barəsində ruslar deyirdilər ki, "onun bədəni rus, ruhu isə tatardır". Alay komandirinin köməkçiləri isə əslən Bakıdan olan podpolkovnik Vsevolod Staroselski və rotmistr Şahverdi xan Ziyadxanov idi. 16-cı draqun Tver polkunundan polkovnik Feyzulla Mirzə Qacar da bu alaya ezam olunmuşdu.

Alay təşkil olunduqdan sonra Qubernator Qafqaz ordusunun baş komandanının köməkçisi general A. Mışlayevskiyə könüllülər adından bir xahişlə müraciət etdi: “Keçmiş Tatar Alayına (1828-29-cu illərdə rus-türk müharibəsi zamanı təşkil olumuş 1-ci Süvari-müsəlman Alayı nəzərdə tutulur) Çar I Nikolay tərəfindən təqdim olunmuş və hazırda Şuşa uyezd idarəsində saxlanılan döyüş bayrağı Yelizavetpolda təşkil olunmuş alaya verilsin”.

1914-cü il sentyabrın 10-da Gəncə şəhərində Tatar Süvari Alayının təntənəli yola salma mərasimi keçirildi. Alay buradan birbaşa Armavir şəhərinə gəldi. Armavir Qafqazda təşkil olunmuş alayların toplanış yeri kimi təyin olunmuşdu. Burada çar II Nikolayın qardaşı Mixail Aleksandroviç komandir kimi diviziyanı qəbul etdi.

1914-cü ilin oktyabrında Rusiya ordusunun Baş komandanı, eyni zamanda imperatorun dayısı Nikolay Nikolayeviç yeni təşkil olunmuş Qafqaz diviziyasına sıra baxışı keçirdi. Tatar, Çeçen, Çərkəz, İnquş, Kabardin və Dağıstan Süvari Alaylarının döyüşçülərinin çərkəzi geyimləri, iri papaqları və xəncərlərindən çox mütəəssir olan Hərbi nazirin bacısı oğluna dediyi - “Sənin diviziyan hələ ki, vəhşidir. Ancaq mən belə hesab edirəm ki, almanların öhdəsindən gələ bilər”- kəlməsini oradakı jurnalistlər havada tutdular və beləcə “Vəhşi diviziya” kəlməsi Rus mətbuatı vasitəsilə xalq arasında yayıldı.

Noyabrın əvvəlində Qafqaz Yerli Süvari Diviziyası general-leytenant Hüseyn xan Naxçıvanskinin rəhbərlik etdiyi 2-ci kavaleriya korpusunun tərkibinə verildi. Noyabrın 26-da Lvov şəhərində korpus komandiri Hüseyn xan Naxçıvanski diviziyaya baxış keçirdi. Həmin prosesi yazıçı Lev Tolstoyun oğlu, həmin vaxt orada jurnalist kimi iştirak edən qraf İlya Lvoviç Tolstoy özünün “Qırmızı başlıqlar” adlı oçerkində belə təsvir edirdi: “Hamısı bir-birindən əzəmətli Süvari Alayları nizami qaydada gəlib keçirdilər. Bütün şəhər camaatı bir saat ərzində indiyə qədər görmədikləri bu gözəl mənzərəni böyük həzlə izlədilər... Milli döyüş mahnıları ifa edilən zurna sədaları altında qırmızı çərkəzilərdə və başlıqlarda, gümüş və qızıl işləməli silahlarla silahlanmış, qarayanız üzlərindən milli qürur, fəxarət yağan qıvraq döyüşçülər oynaq atlarının belində qarşımızdan keçib gedirdilər”.

Komandanlıq “Vəhşi diviziya”nı cənub-qərb cəbhəsinə - Qalitsiyaya yolladı. Rəhbərlik belə hesab edirdi ki, qafqazlılar Karpat dağlarında öz döyüş qabiliyyətlərini daha yaxşı göstərə bilərlər.

1914-cü il dekabr ayının 8-də “Vəhşi diviziya” burada ilk döyüşə girdi. Bu döyüşdən sonra almanlar və avstriyalılar şokda idilər. Onlar belə döyüşə hazır deyildilər. Qafqazlılar Avropanın indiyə qədər adət elədiyi bütün müharibə qanun-qaydalarını inkar edərək, öz qaydalarını diqtə eləməyə başlamışdılar.

“Vəhşi diviziya”nın süvariləri vəhşi nərələrlə, “Allah, Allah“ qışqırıqlarıyla düşmənin üzərinə şığıyır onları qılıncdan keçirir, atları dərin qarın içində yorulub əldən düşənə qədər qaçan düşməni təqib edirdilər. Onların iri tüklü papaqları, saqqallı üzləri, havada yellənən yapıncıları və çərkəzi geyimləri düşmən əsgərlərini vahiməyə salırdı.

“Vəhşi diviziya”nın döyüşçüləri heç vaxt əsir düşmürdülər və özləri də heç kimi əsir götürmürdülər. Qaçıb canını qurtara bilməyən hər bir əsgər məhv edilirdi. Onların hücumlarından sonra salamat qalmış düşmən əsgərləri özlərini xoşbəxt sayırdılar. Yeri gəlmişkən belə xoşbəxtlərin içərisində sonralar Yuqaslaviya Federasiyasına rəhbərlik etmiş marşal İosif Broz Tito da varıydı. Marşal Tito müharibədən 60 il sonra da- 70-ci illərin ortalarında həmin günləri həyacansız xatırlaya bilmirdi: “Qafqazlılar bizi mühasirəyə almışdılar. Biz onların necə və haradan peyda olduqlarını heç hiss eləmədik də. Əllərində sıyrılmış qılıncları hər tərəfdən bizim üzərimizə gəlirdilər. Onlardan biri qılıncı mənim başıma endirmək istədi. Mən tüfəngin süngüsünü qabağa verib özümü müdafiə eləsəm də kürəyimdə güclü ağrı hiss elədim. Geri çevriləndə başqa bir qafqazlının qəzəbdən əyilmiş sifətini gördüm. Onun iri qara gözlərindən sanki alov yağırdı”.

Rus ordusunun zabitləri, zadəgan təbəqənin nümayəndələri- tanınmış ailələrdən olan qraflar, knyazlar qafqazlılarla bir yerdə qulluq etməyi özləri üçün şərəf sayırdılar. Fransız şahzadəsi Napoleon Mürat, Qacar şahzadəsi Feyzulla Mirzə Qacar və bu kimi məşhur soyadları təmsil edən insanlar bu diviziyada qulluq edirdilər.

“Vəhşi diviziya” ənənələrdən və mentalitetdən qaynaqlanan daxili qanunları olan bir hərbi hissə sayılırdı. Əslində diviziyanın gücü də elə bunda idi. Çünki, burada qulluq edənlərin əksəriyyəti bir-biri ilə ya qohum, ya da ki, həmkəndli idilər. Bunlar hamısı birləşdirici faktor sayılırdı. “Müharibələr Səlnaməsi” kitabında çap olunmuş “ Vəhşi Diviziya” adlı oçerkdə qafqazlıların bu xüsusiyyətləri ətraflı təsvir olunub: “Karpat dağlarına qar yağıb. Hər tərəf ağappaqdır. Qarşıdakı yüksəkliklərdəki, qarlı səngərlərdə avstriyalı əsgərlərdir. Güllələr vıyıldayır. Bizim səngərlərdəkilər dəstələrlə oturublar. Hamısı bir-biri ilə qohumdurlar. Bilirlər ki, Əhməd yaralansa İbrahim çıxaracaq, İbrahim yaralansa İsrail çıxaracaq, Abdulla yaralansa İdris çıxaracaq. Mütləq çıxaracaqlar. Ya ölü, ya da yaralı döyüş meydanında qoymayacaqlar...”

Ancaq burada həlledici rol oynayan ən böyük səbəblərdən biri də döyüşçülərin 90 %-nin müsəlman olması idi. Döyüşçülərin məişətində və qidalanmasında komandanlıq bu məsələyə xüsusi diqqət yetirirdi. Diviziyanın hər polkunda rəsmi molla ştatı yaradılmışdı. Molla döyüçüləri azana səsləyir, dini mərasimlər keçirir, həlak olanların dəfnini təşkil edirdi. Alay mollasını süvarilər özləri seçirdilər. Molla həmçinin Qurana əl basdıraraq döyüşçülərə Çara və Vətənə sədaqət andı içdirir, döyüşə gedən zaman isə çiynində tüfəng polkun qabağında gedirdi. Məlumat üçün qeyd edək ki, görkəmli Azərbaycan şairi Məhəmməd Hadi də Tatar Süvari Alayında baş axund kimi xidmət etmişdi.

1915-ci ilin 15 fevralında Çeçen və Tatar alayları Brin kəndi yaxınlığında ağır döyüşlər aparırdı. Güclü müqavimət göstərməsinə baxmayaraq qafqazlıların qəhrəmanlığı sayəsində düşmən ağır itkilər verərək bu yaşayış məntəqəsindən çıxarıldı.

Həmin döyüşdə iştirak etmiş hərbi müxbirlərdən biri “Vəhşi diviziya”nın döyüşçülərinin xəncərlərinin əvəzedilməz rol oynadığından danışır və döyüşünün finalını belə təsvir edirdi: “...Yarım saatdan sonra düşmən tamamilə darmadağın edildi. Onlar tərəfdən döyüş meydanında qalan ölülərin sayı 370 nəfərdən çox idi. Onlardan 130 nəfəri xəncərlə öldürülmüşdü”.

Bu döyüşdən sonra Alay komandiri P. Polovtsev 4-cü dərəcəli Müqəddəs Georgi ordeni ilə təltif edildi. O zaman Polovtsev Yelizavetpol qubernatoru Q. Kovalyova göndərdiyi teleqramda deyirdi: “Tatar alayı yerli diviziyada öz komandirinə Georgi xaçı qazandıran ilk alay oldu. Yüksək mükafatla fəx etməklə bərabər bunu həm də tatar süvarilərinin döyüş qabiliyyətinə və qəhrəmanlığına verilmiş qiymət kimi dəyərləndirirəm. Sizdən mənim Yelizavetpol quberniyasının müsəlman döyüşçülərinin fövqəladə qəhrəmanlıqları müqabilində duyduğum fəxarət və qürur hislərimi qəbul etmənizi xahiş edirəm. Polovtsev”

Fevral ayının 21-də korpus komandiri general-leytenent Hüseyn xan Naxçıvanski diviziya komandiri knyaz Mixail Aleksandroviçdən düşməni Tulmaç adlı ərazidən çıxarmaq haqqında əmr aldı. Qarşıya qoyulmuş tapşırığı yerinə yetirmək üçün diviziya komandiri irəliyə əvvəl Tatar Alayını, sonra isə Çeçen alayını buraxmağı əmr edirdi. Şiddətli döyüşlərdən sonra Tulmaç azad edildi. Beləliklə fevral ayının sonuna qədər 2-ci kavaleriya korpusu Cənub-Şərq cəbhəsində Karpat istiqamətində qarşıya qoyulan bütün tapşırıqları yerinə yetirdi.

1915-ci ilin payızını “Vəhşi diviziya”nın döyüşçüləri səngərlərdə qarşıladılar. Mövqe döyüşləri gedirdi. Bu, həmişə hücum etməyə öyrəşmiş qafqazlıları bezdirmişdi. At belində olmağa öyrəşmiş döyüşçülər səngərlərdə yatmağı özlərinə sığışdıra bilmirdilər. Onlar belə düşünürdülər ki, torpaqda gizlənmək ölülərin işidir. Zabitlərin gözündən yayınan kimi onlar əsl fatalist müsəlman kimi səngərdən çıxır və düşmənin dolu kimi yağan gülləsinin altında səngərlərin üstünə uzanırdılar.

Belə saymazyana hərəkətlər üzündən 1915-ci ilin oktyabrında “Vəhşi diviziya”nın Çeçen Alayının bir dəstə döyüşçüsü mühasirəyə düşdü. Almanlar sevinirdilər. Onlar hələ indiyə qədər bu dəhşətli döyüşçülərdən bir nəfəri də olsun canlı və ya ölü ələ keçirə bilməmişdilər. Mühasirədəkilərə təslim olmaq tələbilə göndərilmiş ultimatumdakı “Əsir düşmək” ifadəsini tam anlamıyla tərcümə edə bilmədiyinə görə, dəstənin başçısı almanların təklifini öz döyüşçülərinə belə izah elədi: “Bizə silahı yerə qoyub, paqonlarımızı və çəkmələrimizi çıxarmağı və əllərimizi yuxarı qaldırıb almanlara ərə getməyi təklif edirlər”. Bu çeçen döyüşçüləri o dərəcədə qəzəbləndirmişdi ki, hətta onlar göndərilmiş elçinin başını bədənindən ayırmaq istəyirdilər.

Ancaq nə almanların sevinci, nə də çeçenlərin narahatçılığı uzun çəkmədi. Tatar Süvari Alayının qəfil hücumundan sonra düşmən mühasirə həlqəsindəki mövqelərini qoyub qaçmağa məcbur oldu.

1916-cı il may ayının 29-da “Vəhşi diviziya”nın çeçen polkunun 50 atlısı sürətlə Dnestr çayını keçərək düşmənin plasdarmını ələ keçirdilər. 250-yə yaxın avstriya və macar əsgəri əsir götürüldü. Həmin gecə diviziyanın başqa hissələri də Dnestri keçdilər. Bundan 1 həftə sonra - iyun ayının 4-də Rus ordusu Cənub-Qərb cəbhəsində güclü hücuma keçdi. İki ay yarım davam edən bu hücum 1-ci Dünya müharibəsinin tarixinə “Brusilov sıçrayışı” adıyla düşdü.

İyun ayında Tatar və Çeçen alayları Çeremoş çayını keçərək Prut çayının mənbəyi istiqamətində Voroxta şəhəri istiqamətində hərəkət etdilər. Tatar alayının bu döyüşlərdə fərqlənən süvarisi Kərim Qulu oğlu 4-cü dərəcəli Müqəddəs Georgi ordeni ilə mükafatlandırıldı. Avqustun 22-nə qədər davam edən döyüşlərdə Bukovina və Şərqi Qalitsiya işğal olundu. Çar II Nikolay bu həmlədə iştirak etmiş çeçen atlılarını və onların komandiri Feyzulla Mirzə Qacarı “Müqəddəs Georgi” ordeni ilə təltif etdi.

Ancaq bəzən komandanlıq tərəfindən qəbul edilmiş səhv qərarlar diviziyanın lüzumsuz itkilərlə üzləşməsinə səbəb olurdu. “Brusilov sıçrayışı”ndakı bəzi məqamları tədqiq etmiş hərbi mütəxəssislərin fikrincə, 9-cu ordunun tərkibinə daxil olan “Vəhşi diviziya”dan heç də həmişə təyinatı üzrə istifadə olunmayıb. Belə ki, diviziyanın Süvari polklarından əsas zərbə qüvvəsi kimi, istifadə etmək əvəzinə onları bəzən ya parçalayıb müxtəlif piyada birliklərinə yardımçı qüvvə kimi verir, ya da onlardan kəşfiyyat məqsədilə istifadə edirdilər. Bu da diviziyanın lüzumsuz itkilər verməsinə gətirib çıxarırdı.

Bütün müharibə ərzində “Vəhşi diviziya”nın tərkibi 4 dəfə dəyişmişdi. 1916-cı ilin yayında diviziyada onun ilk heyətindən demək olar ki, heç kim qalmamışdı. Bütün tarixi boyu diviziyada Qafqazdan və Cənubi Qafqazdan olan 7000-dən artıq müsəlman döyüşçü xidmət keçmişdi. Təkcə bir il ərzində diviziya hərb tarixində analoqu olmayan 16 süvari hücumu həyata keçirmişdi. Diviziyanın 4 il ərzində götürdüyü əsirlərin sayı onun şəxsi heyətinin sayından 4 dəfə çox olmuşdu. 3500-ə qədər süvari Müqəddəs Georgi ordeninə və “İgidliyə görə” Georgi medallarına layiq görülmüşdü. Mükafatlandırılanlar arasında Tatar Süvari Alayının zabitləri üstünlük təşkil edirdi. Onlardan adları bizə məlum olanlar rotmistr Şahverdi Xan Ziyadxanov,ştabs-rotmistrlər Süleyman bəy Sultanov və Ehsan Xan Naxçıvanski, ştabs-kapitan Cəlal bəy Sultanov, poruçik Səlim Bəy Sultanov da varıydı. Unter zabitlər və süvarilərdən Zəngəzur uyezdinin Ərəbli kəndindən Əlibəy Nəbibəyov, Qazax uyezdinin Ağköynək kəndindən Sayad Zeynalov, Mehdi İbrahimov, Ələkbər Hacıyev, Datso Daurov, Aleksandr Kaytukov Müqəddəs Georgi ordeninin bütün dörd dərəcəsi ilə, Qazax uyezdinin Salahlı kəndindən Osman ağa Gülməmmədov və Şuşalı Zeynal bəy Sadıxov isə 3 dərəcəsi ilə mükafatlandırılmışdılar.

İyul ayının ortasında diviziyanın inquş alayına düşmənin arxasında kəşfiyyat aparmaq tapşırığı verildi. Burada onlar gözlənilmədən Kayzerin məşhur “dəmir diviziya”sı ilə qarşılaşdılar. Seçmə əsgərlərdən təşkil olunmuş bu diviziya cəbhə xəttinin harasında olursa-olsun həmişə düşməni vahiməyə salırdı. Cəmi 500 atlıdan ibarət alay artilleriya və pulemyotlarla təhciz olunmuş 3000 nəfərlik alman seçmə ordusu ilə üz-üzə qalmışdı.

Komandanlığın əmrini gözləmədən inquşlar düşmənlə üzbəüz döyüşə atıldılar. Az keçmədi ki, cəbhə xəttini yarmış Tatar Süvari Alayı sağ cinahdan, Çeçen Alayı isə sol cinahdan İnquşların köməyinə çatdı. Həmin döyüşdə iştirak etmiş alman əsgərlərindən biri sonralar bu döyüşü belə xatırlayırdı: “Hər tərəfdən üstümüzə qara duman kimi süvari ordu şığıyırdı. Döyüşçülərin anlamadığımız dildəki vəhşi qışqırıqları, geyimləri, saqqallı üzləri, havada parıldayan qılıncları bizi dəhşətə gətirirdi. Hər dəstənin qabağında qırmızı, ya da göy əbalı molla gəlirdi. Onun əlində Quran, çiynində isə tüfəng varıydı”.

Saat yarımlıq döyüşdən sonra artıq Kayzerin qüruru olan hərbi birlikdən heç nə qalmamışdı.

1916-cı ilin əvvəlində Polovtsev diviziyanın qərargah rəisi təyin olunduğundan, Tatar alayına milliyətcə kabardin polkovnik Bekoviç-Çerkesski komandir təyin olundu. Çeçen Alayına isə Feyzulla Mirzə Qacar rəhbərlik edirdi. 1916-cı il may ayının 31-də Tatar alayı avstriya ordusunun sürəkli atəşi altında hücum edərək bir həmləylə Tışkovtsı kəndini tutdu. 171 avstriya əsgəri və 6 zabiti əsir götürüldü. Gün ərzində avstriyalılar daha böyük qüvvə ilə, artilleriya və pulemyotların köməyi ilə 5 dəfə kəndi geri qaytarmağa cəhd eləsələr də, itki verərək, geri çəkildilər. Bu döyüşdə onlar 177 əsirdən əlavə daha 256 döyüşçü itirdilər. Bu döyüşə görə Tatar alayının komandiri polkovnik knyaz Bekoviç-Çerkasski 3-cü dərəcəli Müqəddəs Georgi ordeni ilə təltif edildi. Sürətli süvari hücumunda fərqləndiklərinə görə Yelizavetpol quberniyasının Yuxarı Ayıblı kəndindən olan süvari Paşa Rüstəmov, Şuşa şəhər sakini Xəlil bəy Qasımov və şahzadə İdris Ağa Qacar (Feyzulla Mirzə Qacarın qardaşı) 4-cü dərəcəli Müqəddəs Georgi ordeni ilə təltif edildilər.

1917-ci il may may ayının 22-də vaxtilə Tatar Süvari Alayının komandiri, sonra isə diviziyanın qərargah rəisi olmuş general-mayor A. Polovtsov Petroqrad hərbi dairəsi qoşunlarının baş komandanı təyin olundu. O, Tatar Süvari Alayının yaradılmasının təşəbbüskarlarından biri Məmməd Xan Ziyadxanova yazırdı: “Xahiş edirəm Yelizavetpol quberniyasının və Borçalı uyezdinin müsəlman əhalisinə çatdırın ki, hərbi nazirdən bundan sonra da Tatar Süvari Alayının mundirini daşımaq icazəsi aldığıma görə özümü çox xoşbəxt sayıram. İl yarım rəhbərlik etdiyim bu qəhrəman alay haqqında ən xoş xatirələrimi qürurla xatırlayacam. Müsəlmanlar Qalitsiya çöllərində və Rumıniyada saysız-hesabsız qəhrəmanlıqları ilə öz böyük əcdadlarının layiqli varisi və böyük Vətənimizin sadiq oğulları olduqlarını sübut elədilər. Petroqrad hərbi dairəsi qoşunlarının baş komandanı general Polovtsev”.

1917-ci ilin fevral inqilabı və Çarın taxtdan salınması xəbəri “Vəhşi diviziya”nın döyüşçüləri arasında çaşqınlıq, hətta ruh düşkünlüyünə səbəb oldu. Kerenski hökumətinin hakimiyyətə gəlişindən sonra bolşeviklərin orduda anti-müharibə təbliğatı daha da gücləndi və öz nəticəsini verdi. Zabitlərin qətlə yetirilməsi ilə kütləvi fərarilik halları qarşısıalınmaz prosesə çevrilmişdi. Bütöv ordu hissələri cəbhə xəttini boşaldaraq geriyə qayıdırdılar. Onların döndüyü yerlərdə isə özbaşınalıq, zorakılıq və qarət baş alıb gedirdi. İndi cəbhə xəttində almanların qarşısında dayanan yeganə qüvvə general Kornilovun komandanlıq etdiyi 8-ci ordu idi. Bu ordunun isə ən etibarlı hissəsi “Vəhşi diviziya” idi.

İyulun ortalarında cəbhədəki məğlubiyyətlər fəlakət həddinə çatdı və Kerenski Kornilova müdafiə naziri vəzifəsini qəbul etməyi təklif etdi. Kornilov isə bu təklifi bir şərtlə qəbul etdi. Fevral inqilabından sonra orduda fərariliyə və özbaşınalığa görə ölüm hökmünün dayandırılması haqqında qəbul edilmiş qərar ləğv edilsin. Kerenski bu şərti qəbul etməyə məcbur oldu. Kornilovun əsas güvəndiyi qüvvələr Kazak qoşunları, Türkmən polku və “Vəhşi diviziya” idi. Kornilov “Vəhşi diviziya”ya geri çəkilən ordu hissələrini dayandırmaq, fərariləri cəzalandırmaq və qayda yaratmaq tapşırığı verdi. Diviziyanın döyüşçülərinin tətbiq etdiyi dəhşətli cəza tədbirləri tezliklə rus əsgərlərini özünə gəlməyə məcbur etdi. Artıq orduda intizam bərpa olunmağa başlamışdı. Bunun nəticəsində tezliklə almanların Cənub-Şərq cəbhəsindəki hücumları dayandırıldı. May ayının 7-də göstərdiyi xidmətlərə görə Çeçen Süvari Alayının komandiri polkovnik şahzadə Feyzulla Mirzə Qacara general-mayor rütbəsi verildi.

“Utro Rossii” qəzetində çap olunmuş “Rusiyanın sadiq oğulları” adlı məqalədə rusların bəzən ikrahla yadlar adlandırdıqları qafqazlıların bu fədakarlığı haqqında deyilirdi: “Bizim “vəhşi” adlandırdığımız bu əzabkeşlər- Qafqaz Yerli Diviziyasının əsgərləri, Rus ordusunda gedən satqın sövdələşmənin hesabını öz həyatları ilə ödəyərək Rusiyanın azadlığını, şərəfini xilas etməklə məşğuldurlar. “Vəhşilər” Rumıniyada rus ordusunu biabırçılıqdan xilas etdilər, onlar qarşısıalınmaz bir zərbəylə avstriyalıları geri oturdub, bütün Bukovinanı və Çernovitsı azad etdilər. Bir həftə bundan əvvəl “vəhşilər” Qaliçə daxil olub avstriyalıları oradan çıxardılar. Dünən isə “vəhşilər”mövqeləri qoyub qaçan mitinq kalonnasını xilas edərək, irəli atıldılar və həmin mövqeləri düşməndən geri aldılar. Bu gün bizim yad hesab etdiyimiz “Vəhşilər”, öz mövqelərini qoyub arxa cəbhədəki mitinqlərə qaçan rus əsgərlərinin tələb etdiyi torpağı da, azadlığı da öz canları hesabına qoruyurlar”.

Kornilov və Kerenski arasında gedən siyasi münaqişə, bolşeviklərin pozuculuq fəaliyyəti öz nəticəsini verdi. Nəticədə Kornilov həbs edildi və sentyabrın 2-də general Polovtsev yenidən diviziyanın komandiri vəzifəsinə təyin olundu. Polovtsevin təqdimatı ilə Kerenski “Vəhşi diviziya”nın alaylarının vətənlərinə - ilk təşkil olunduqları yerə qayıtmasına icazə verdi. Oktyabr inqilabından sonra Tatar Süvari Alayı ilk təşkil olunduğu yerə Yelizavetpol yaxınlığındakı Yelenendorf (indiki Göy-göl şəhəri) yaşayış məntəqəsinə köçürüldü.

Bir neçə aydan sonra- may ayının 28-də Azərbaycanın müstəqilliyini elan edən ADR hökuməti iyunun 19-da ölkə ərazisində hərbi vəziyyət elan etdi. Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə "Vəhşi diviziya"nın Tatar Süvari Alayının əsgərlərindən formalaşdırılmış və general Əliağa Şıxlinskinin rəhbərlik etdiyi Müsəlman Korpusunun əsasında ilk ordu hissəsi- "Əlahiddə Azərbaycan korpusu" yaradıldı. Beləliklə, uzaq Qalitsiya çöllərində, Karpat dağlarında, Rumıniyada xalqımızın döyüşkənlik ruhunu təsdiqləmiş “Vəhşi diviziya”nın qəhrəman döyüşçüləri Azərbaycan Milli Ordusunun özəyini təşkil edən ilk hərbi birləşmə oldu.

Füzuli Sabiroğlu
AzVision.az üçün

Qalereya




Teqlər:  





Xəbər lenti