Prezident İlham Əliyev dünyada cərəyan edən mürəkkəb proseslər fonunda tolerantlığın, dinc yanaşı yaşamanın və qarşılıqlı etimadın möhkəmləndirilməsinin əhəmiyyətindən danışaraq bildirib:
"Biz nə qədər çalışsaq da, hər halda kütləvi informasiya vasitələrində bu terminlər işlədilir. Terrorçuları "islamçı" adlandırırlar. Terrorçunun nə milləti, nə də dini vardır".
Azərbaycanda milli mənəvi dəyərlərin möhkəmləndirilməsi işinə dövlət səviyyəsində daim diqqət yetirildiyini, dini-tarixi abidələrin bərpası və mühafizəsi sahəsində mühüm tədbirlərin həyata keçirildiyini diqqətə çatdıran Prezident İlham Əliyev Azərbaycan dövlətinin ölkəmizin hüdudlarından kənarda da müxtəlif dinlərə məxsus məbədlərin bərpasında və tikintisində fəal iştirak etdiyini və bu işlərin bundan sonra da davam etdiriləcəyini vurğuladı.
Bakıda keçirilən konfransda iştirak etdiklərinə görə təşəkkürünü bildirən dövlət başçısı bildirib ki, konfransın mövzusu çox mühüm və aktual idi.
"Sizin iştirakınız, əlbəttə, bu konfransa xüsusi əhəmiyyət verdi. Tədbirin möhtərəm şeyximizin rəhbərliyi ilə Bakıda keçirilməsi və sizin dəstəyiniz xalqlarımız arasında qardaşlığın, qarşılıqlı münasibətlərin və ümumi məqsədimizin göstəricisidir. Çünki hamımız istəyirik ki, bütün dünyada, bizim regionda, Qafqazda sülh olsun, müharibələr, əzablı günlər olmasın. Bir daha demək istəyirəm ki, belə bir mövzu düzgün seçilmişdi: "Müsəlmanlar sülh naminə". Biz hamımız sülh istəyirik, hamımız buna can atırıq. Əlbəttə, bizim müqəddəs yerləri ziyarət etməyiniz sevindiricidir. İndi yenə Bakıdasınız. Əminəm ki, biz hələ gələcəkdə də tez-tez görüşəcəyik. Əlbəttə ki, ünsiyyət, görüşlər, beynəlxalq tədbirlərdə iştirak, səylərin cəmləşdirilməsi - bütün bunlar çox müsbət haldır.
Mən hamınızı salamlayıram, bizim burada və başqa yerlərdə keçirdiyimiz tədbirlərdə fəal iştirakınıza görə təşəkkür edirəm. Bütün bunlar bizim ümumi köklərimizə, tariximizə və ümumi məqsədimizə əsaslanan əməkdaşlığın baş tutmuş formatıdır", deyə Prezident vurğulayıb.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə isə dedi:
"Mən istərdim ki, Qafqazın şeyxülislamı kimi Sizə minnətdarlığımı bildirim. Sizin bu gün bizi qəbul etməyiniz bir daha dinə, mənəviyyata olan münasibətinizin göstəricisidir.
Allah-Təala Heydər Əliyev həzrətlərinə rəhmət etsin. Onun qoyduğu yol bu gün də davam etdirilir. Azərbaycan inkişaf edir. Heydər Əliyev həzrətləri prezident seçiləndən sonra ilk addımlarından biri peyğəmbər əleyhissalamın mövludu günü Təzəpir məscidinə gəlməsi oldu. Yəni, bu yol müqəddəs məkandan keçir və bu gün də davam edir.
Bu gün Sizin Azərbaycan üçün gördüyünüz işlər göz qabağındadır. Siz Azərbaycanda və onun hüdudlarından kənarda məscidləri, kilsələri bərpa etdirirsiniz. Bakıya gələn din xadimləri də bunu xüsusi vurğulayırlar. Azərbaycan həm maddi, həm də mənəvi cəhətdən sürətlə inkişaf edir. Biz Prezidentimiz ilə, Azərbaycanımız ilə fəxr edirik.
Bu konfransın Bakıda keçirilməsi və mənim MDB Müsəlmanları Məşvərət Şurasına ikinci dəfə beş illiyə sədr seçilməyim Sizə, Azərbaycana yüksək hörmət və ehtiramın göstəricisidir. Biz - müxtəlif dinlərin xadimləri birlikdə sülh və qardaşlıq üçün öz təcrübələrimizdən istifadə etmək istəyirik. Biz Ümrə ziyarətində olduq. Peyğəmbərin məzarının yanında hamımız Heydər Əliyev həzrətlərinin və Zərifə xanımın ruhuna dua etdik və mən Quran oxudum.
Demək istəyirəm ki, bu konfrans başqa yerlərdə də keçirilə bilərdi. Ancaq tədbirin Bakıda keçirilməsi, Sizin və digər dövlət başçılarının, dini liderlərin konfransımıza təbriklər göndərməsi Azərbaycana verilən önəmin və hörmətin təsdiqidir. Bu, Sizin apardığınız siyasətin düzgünlüyünü təsdiq edən bir faktdır. Ona görə də hamımızın adından Sizə təşəkkürümü bildirirəm".
Rusiya Federasiyası Qaraçay-Çərkəz Respublikasının müftisi, Şimali Qafqaz Müsəlmanları Əlaqələndirmə Şurasının sədri İsmayıl Berdiyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinin daim əziz tutulduğunu vurğulayaraq dedi:
"Bizim hamımızın böyük hörmət etdiyimiz, sovet dövründə isə Siyasi Büronun üzvü olması ilə fəxr etdiyimiz Sizin atanızın 90 illiyi ərəfəsində Bakıya gəlmişik. Biz burada Sizin atanızın, ananızın ruhuna quran oxuduq, dualar etdik. Allah ruhlarını şad etsin. Sizə gəlincə, Siz də hər şeyi xalqınız üçün edirsiniz. Sizin qəlbinizdə iman işığı vardır. Şeyxin dediyi kimi, atanız Sizi özü ilə ilk dəfə məscidə ziyarətə aparıb və hamısı da bundan başlayıb. Biz Sizin Həcc ziyarətində olmağınızın kadrlarını görmüşük. Bütün bunlar sübut edir ki, Sizin qəlbinizdə iman və inam vardır. Allah sizi qorusun!"
Prezident İlham Əliyev xoş sözlərə görə minnətdarlığını bildirdi. Ulu Öndərlə birlikdə müqəddəs ocaqları ziyarətlərini məmnunluqla xatırlayan dövlətimizin başçısı həmin səfərlərlə bağlı xatirələrin daim qəlbində yaşadığını qeyd etdi.
Din xadimləri arasında daimi təmasların və müntəzəm görüşlərin önəmini vurğulayan Prezident İlham Əliyev dedi:
"Biz həmişə bir yerdəyik, ünsiyyətdəyik. Mən sizin rolunuzu çox yüksək qiymətləndirirəm. Həm də müsəlman dünyasında böyük nüfuzu olan şeyximizin rolunu yüksək dəyərləndirirəm. Sizin respublikaların rəhbərləri ilə görüşlərimiz, onların ölkəmizə səfərləri və sizin Azərbaycanda keçirilən tədbirlərdə iştirakınız, digər təşəbbüslər sıx əlaqələrimizin sübutudur. Bir sözlə, biz bütün istiqamətlərdə əməkdaşlığı davam etdiririk. Bizim İslam ölkələri ilə birlikdə beynəlxalq fəaliyyətimizdə və beynəlxalq münasibətlər çərçivəsində, burada keçirdiyimiz forumlar sırasında sizin konfransınız da müstəsna əhəmiyyətə malikdir".
Dövlətimizin başçısı Azərbaycanın ən qədim məscidi olan Şamaxı "Cümə" məscidində gedən bərpa işlərindən də danışaraq dedi:
"Bu, tarixi məsciddir. Bu, Azərbaycanın ən qədim məscididir. Bu məscid 743-cü ildə inşa edilib. Onu zəlzələlər dağıtmışdı. Şamaxı şəhəri zəlzələdən zərər çəkəndə paytaxt Bakıya köçürüldü. Sonra isə artıq XX əsrdə məscid erməni vandalizminə məruz qaldı, ermənilər tərəfindən yandırıldı. Bütün bunlar sənədləşdirilib. 1918-ci il bizim xalqımız üçün çox ağır il idi. O vaxt Bakıda, Şamaxıda, Qubada və digər regionlarda minlərlə azərbaycanlı qətlə yetirilmişdir. Biz bütün tarixi və dini abidələrimizi bərpa edirik, onları əziz tutur, qoruyuruq. Biz xalqlarımızın rifahı naminə birlikdə çalışacağıq".
Rusiya Federasiyası Çeçenistan Respublikasının müftisi Sultan Mirzayev Bakıda keçirilən konfransın əhəmiyyətinə toxundu və MDB dövlətləri ilə yanaşı, digər ölkələrin nümayəndələrinin də ilk dəfə bu tədbirdə iştirakını əlamətdar hadisə kimi dəyərləndirdi.
Bakının artıq nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi bir məkana çevrildiyini söyləyən Çeçenistanın müftisi budəfəki konfransın da səmərəli nəticələr verəcəyinə əminliyini ifadə etdi. O, daha sonra gənclərin mənəvi cəhətdən formalaşmasının cəmiyyətin ümumi inkişafına göstərdiyi təsirdən danışdı. Sultan Mirzayev ümummilli lider Heydər Əliyevin Azərbaycanın inkişafındakı müstəsna xidmətlərindən danışdı və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayaraq dedi:
"Heydər Əliyev ikinci dəfə Azərbaycanda hakimiyyətə gələndə çox ağır dövr idi. O, Azərbaycanı ayağa qaldırdı, ölkəni inkişaf etdirməyin yolunu göstərdi. Çox sağ olun ki, Siz də bu yolla gedirsiniz, olanları qoruyursunuz, inkişaf etdirirsiniz, genişləndirirsiniz".
Sultan Mirzayev daha sonra Çeçenistan Respublikasında yaranmış sabitlikdən danışaraq bildirdi:
"Bu gün Çeçenistanda sülh, sabitlik hökm sürür. Bu da Şimali Qafqazda çox mühüm rol oynayır. Bütün Şimali Qafqaz regionunun müftiləri bunu təsdiq edə bilərlər".
Prezident İlham Əliyev isə deyib:
"Mən tez-tez bu barədə deyirəm: cəmiyyətimizin əsasında mənəvi-tərbiyəvi prinsiplər durur. Əgər biz bunu itirsək cəmiyyət olmayacaqdır. Onda biz bünövrəni itirmiş olarıq. Biz həm dinimizi, həm dilimizi, həm ədəbiyyatımızı, həm də incəsənətimizi qoruyub saxlamışıq. Müstəqillik illərində də bu mövqeləri möhkəmləndirmişik. Gənclər də milli ruhda tərbiyə olunmalı, savadlı olmalıdırlar".
Ukraynanın müftisi Təmim Əhməd Azərbaycan dövləti tərəfindən tolerantlığa, dini etiqada, mənəvi dəyərlərə göstərilən yüksək qayğının cəmiyyətin ümumi inkişafına verdiyi töhfələrdən söhbət açaraq bildirdi:
"Mən demək istəyirəm ki, bizim Ukraynada ən azı MDB-nin demək olar ki, bütün millətlərinin nümayəndələri yaşayırlar. Buna görə də bütün ölkələrdə sülh və əmin-amanlıq olanda bizdə də sülh və əmin-amanlıq olur. Ukrayna MDB ölkələri üçün çox mühüm strateji yerdir. Biz müxtəlif ənənələrə və mədəniyyətlərə malik bütün müsəlmanlarla birlikdə çalışırıq".
Təmim Əhməd Kiyevdə ilk məscidin inşasına Azərbaycan dövlətinin göstərdiyi köməyə görə minnətdarlığını bildirdi.
Ukrayna müftisi Prezident İlham Əliyevə xatirə hədiyyəsi təqdim etdi.
Serbiyanın müftisi Muhammed Yusifpahiç Azərbaycanda sülhün və əmin-amanlığın mövcudluğundan məmnunluq hissi keçirdiyini vurğuladı. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlı olduğunu bildirərək dedi:
"Azərbaycana qarşı haqsızlıq olub və var. Ölkənin Dağlıq Qarabağla birlikdə 20 faiz ərazisi işğal altındadır".
Muhammed Yusifpahiç münaqişənin həlli ilə bağlı Prezident İlham Əliyevin müdrik siyasət apardığını söylədi. Serbiyanın müftisi Azərbaycan dövlətinin başçısına Belqradda ölkənin qədim tarixi abidələrindən olan məscidin bərpasına, həmçinin pravoslav kilsəsinin təmirinə göstərilən yardıma görə təşəkkür etdi. O, Bakıda keçirilən konfransın əhəmiyyətindən də danışdı.
Serbiyanın müftisi Prezident İlham Əliyevə xatirə hədiyyəsi təqdim etdi.
Sonra Beynəlxalq İslam Missiyasının prezidenti, Qafqaz Müsəlmanları İdarəsinin Moskvadakı səlahiyyətli nümayəndəsi Şafik Pşixaçev çıxış edərək dedi:
"Möhtərəm Prezident! Biz Sizin münasibətinizə uyğun olaraq yenə də, artıq bu dəfə belə bir formatda "MDB müsəlmanları sülh və sabit inkişaf naminə" adlı konfransı keçirmək üçün Bakıya toplaşmışıq. Biz hamımız Sizin atanızın bu xoş münasibətlərin əsasını qoymasını çox əziz tuturuq. Biz müqəddəs yerlərdə dua etmişik. Biz Sizin valideynləriniz üçün dua etmişik. Xalqına böyük nemətlər bəxş edən və ölkənizin tərəqqisi üçün yol göstərən Heydər Əliyevin ruhuna dua oxumuşuq. Bu, bizim "MDB müsəlmanları sülh və sabit inkişaf naminə" adlı ikinci konfransımızdır. İlk konfrans 2009-cu ildə Moskvada keçirilmişdi. İndi Bakıda toplaşmışıq. Buranı seçməyimiz təsadüfi deyildir. Mənim həmkarlarımın, qardaşlarımın fikirlərinə qoşuluram ki, Bakı İslam mədəniyyətinin mərkəzlərindən biridir. Bu, Sizin xoş məramınızdır, Sizin iradənizdir. Biz Sizə çox minnətdarıq. Biz dua edirik ki, Allah-Təala Sizə həmişə kömək olsun və uğurlarınız daha da artsın".
Prezident İlham Əliyev Məşvərət Şurası çərçivəsində əməkdaşlığın gələcəkdə də genişləndirilməsi işində Şura üzvlərinə uğurlar arzuladı.