İsrail Dəməşqdə prezident sarayının yaxınlığına zərbələr endirib - VİDEO

   İsrail Dəməşqdə prezident sarayının  yaxınlığına zərbələr endirib    - VİDEO
  02 May 2025    Oxunub:712
İsrail təyyarələri Dəməşqdə prezident sarayının yaxınlığında hücum edib
AzVision.az “The Times of Israel” nəşrinə istinadən xəbər verir ki, İsrailin Baş naziri Binyamin Netanyahu və Müdafiə naziri İsrael Kats belə məlumat açıqlayıblar.

“Bu, Suriya rejiminə açıq siqnaldır. Biz Dəməşqin cənubuna qoşun göndərilməsinə və ya druz icması üçün hər hansı təhlükəyə icazə verməyəcəyik”, - onların birgə bəyanatında deyilir.

İsrailin Müdafiə qüvvələri (ÇAXAL) İsrail qırıcılarının Dəməşqdə Suriya lideri Əhməd əl-Şəraanın sarayı yaxınlığında hava hücumu təşkil etdiyini təsdiqləyib.

Druzların lideri Suriyada xarici qoşunlar görmək istəyir
Xatırladaq ki, aprelin 30-da Dəməşqin cənubunda, əsasən druzların yaşadığı Sahnaya şəhərində Suriya hökumət qüvvələrinin bölmələri ilə druz silahlıları arasında toqquşmalar başlayıb. Bir gün əvvəl isə qonşu Sahnaya ilə qonşu olan Jaramana şəhərində toqquşmalar baş verib. Suriya hakimiyyəti təhlükəsizlik qüvvələrinin silahlı münaqişədə iştirak etmədiyini və asayişi bərpa etmək üçün göndərildiyini açıqlayıb.


Bu toqqquşmalar nəticəsində ölkənin təhlükəsizlik qüvvələrinin 22 əməkdaşının öldürüldüyü və mülki əhali arasında da qurbanların olduğu bildirilir.

Qarşıdurmanın sonradan səngiməsinə baxmayaraq, dünən axşam saatlarında Suriya mediası Sahnaya şəhərinin merinin oğlu ilə birlikdə öldürüldüyü barədə xəbər yayıb. Siyasətçi bundan əvvəl sakinləri Suriya hakimiyyətinin paytaxtın druzların məskunlaşdığı şəhərətrafı qəsəbələrdə sabitliyi bərpa etmək yönündə hərəkətlərini dəstəkləməyə çağırıb.

Son hadisələr fonunda, Ankara , öz növbəsində, Suriya cəmiyyətindəki bütün qrupların barışıq və dinc yanaşı yaşamasına yönəlmiş təşəbbüsləri dəstəkləməyə davam edəcəyini açıqlayıb.


Sahil İsgəndərov
AzVision.az


Teqlər:   İsrail   Suriya   zərbələr  





Xəbər lenti