Başa düşdün? Gəl, yoxlayaq...

// “Feynman metodu” nədir və harada tətbiq edilə bilər

   Başa düşdün? Gəl, yoxlayaq...
  30 Mart 2025    Oxunub:1090
Nəyisə yaxşı yadda saxlamaq üçün mövzunun dərinliyinə getmək lazımdır. Biz çox zaman mövzunun mahiyyətini başa düşmür və təfərrüatlarda itib-batırıq. Elə gəlir ki, mövzunu yaxşı öyrənmişik və bilirik, amma izah etməyə başlayanda belə olmadığını anlayırıq. Görürük ki, əslində biliklərimiz xeyli səthidir. Bu vəziyyətə düşməmək üçün biliklərimizi Feynman metodu ilə yoxlamalıyıq.
Texnikanın mahiyyəti öyrənilən mövzunu həmin sahədən uzaq başqa bir şəxsə izah etməkdir. Bir kağız parçası götürün, mövzunu yazın və izah etməyə başlayın. Təsəvvür edin ki, mövzu haqqında heç nə bilməyən bir insana, yaxud səkkiz yaşlı uşağa yazırsınız. Bu yaşda uşaqlar sadə məsələləri başa düşmək üçün yetərli biliyə malik olurlar, lakin onların söz ehtiyatı azdır, ona görə də, xüsusi terminləri sadə sözlərlə təsvir etmək lazım gələcək.

Metod necə işləyir

Çoxları məktəbdə materialı əzbərləməyə öyrəşiblər. Biz terminləri mənasını başa düşmədən deyirik. Bu, çox zaman məfhumun nə anlama gəldiyini və ya iş mexanizmini aydınlaşdırmağa tənbəllik etdiyimiz üçün deyil, materialı əzbərləmək vərdişimiz səbəbindən baş verir. Bizə elə gəlir ki, mövzunu başa düşmüşük, amma bu cür biliklər çox səthi olur - şəkillərlə dəstəklənməyən sözlər tez unudulur, biliklərdə boşluqlar yaranır.

Səkkiz yaşlı uşağa mövzunu izah edərkən terminlərdən, əzbərlədiyiniz ifadələrdən istifadə edə bilməyəcəksiniz. Hər şeyi mümkün qədər sadə və əlçatan şəkildə öz sözlərinizlə təsvir etməli olacaq və tezliklə sadə dillə izah edə bilməyəcəyiniz məqamları kəşf edəcəksiniz. Həm də uşaq azyaşlı olduğu üçün deyil, həmin məqamı özünüz tam başa düşmədiyiniz üçün.


Dərhal izahat yazmağı bacarsanız, onu təkrar oxuyun, sizə məntiqsiz, qarışıq və çətin görünən bütün məqamları şübhə altına alın. Onları daha ətraflı təsvir etməyə çalışın ki, uşaq nədən söhbət getdiyini başa düşsün.

Bundan sonra növbə balacanındır – o sizin anlamadığınız bütün məqamları başa düşməli və izahat verməlidir. Mövzudan xəbəri olmayan, izahatlarınızı oxumağa razılaşacaq tanışınız olsa, daha yaxşı olar. O, bütün anlaşılmaz məqamlar üzrə suallar verə biləcək və biliklərinizi dərinləşdirməyə kömək edəcək.

“Feynman metodu”nu harada tətbiq etmək olar

Bu metoddan istifadə edərək istənilən biliyi yoxlaya bilərsiniz: fiziki düsturları, müxtəlif cihazların iş prinsiplərini, canlı orqanizmlərin fəaliyyətini, iqtisadi mexanizmləri və s.

Bu texnika yalnız öyrənmə prosesində deyil, iş zamanı da kömək edəcək. Məsələn, siz ondan hesabat və ya təqdimatlar hazırlamaq üçün istifadə edə bilərsiniz. Sadə nitq həmişə mürəkkəb dildən, xüsusi terminlər və ifadələrlə izah edilən məruzədən daha yaxşı qavranır və yadda qalır.

“Feynman metodu” məlumatınızı mümkün qədər sadələşdirməyə və bütün dinləyicilərin onu başa düşdüyünə əmin olmağa kömək edəcək.

Məhəmmədəli Həsənli
AzVision.az


Teqlər: Elm   Feynman-Metodu  





Xəbər lenti