Tramp Zelenskinin getməsini istəyir

   Tramp Zelenskinin getməsini istəyir
  10 Mart 2025    Oxunub:834
Amerika və Ukrayna nümayəndə heyətlərinin Səudiyyə Ərəbistanında görüşündən əvvəl Donald Tramp köməkçilərinə açıq şəkildə bildirib ki, yardım və kəşfiyyat məlumatlarının mübadiləsinin bərpası üçün təkcə mineralların hasilatı tədarükü barədə sazişi kifayət etməyəcək.
AzVision.az xəbər verir ki, “NBC” telekanalının mənbələrə istinadən yaydığı məlumata əsasən, ABŞ prezidenti həmçinin Zelenskinin sülh danışıqlarına münasibətinin dəyişməsini, o cümlədən ərazi itkiləri də daxil olmaqla güzəştə getməyə, seçkilər keçirməyə və bəlkə də prezidentlikdən istefa verməyə hazır olduğunu görmək istəyir.

“Volodimir Zelenskinin Ukraynanın “mümkün qədər tez danışıqlar masasına oturmağa hazır olduğu” ifadəsindən sonra silah tədarükü və kəşfiyyat məlumatlarının mübadiləsinin bərpası ehtimalı nikbinlik yaradıb”, - telekanalın mənbələri açıqlayıb.

Onların fikrincə, kəşfiyyat mübadiləsində fasilə Rusiyanın hücumlarına birbaşa təsir göstərməyib. Rusiya ordusunun son böyük hücumları isə, böyük ehtimalla, kəşfiyyat məlumatlarının mübadiləsi və silah təchizatı dayandırılmadan əvvəl planlaşdırılıb. Bundan əlavə, Vaşinqton Rusiyanın zərbələrinə hazırlıqla bağlı Kiyevi məlumatlandırmaqda davam edir.

Keçən il Ukraynada prezident seçkilərinin keçirilməməsi səbəbindən Volodimir Zelenskinin qeyri-legitimliyi Kremlin əsas iddialarından biridir. Ağ Evə qayıtdıqdan sonra Tramp və onun administrasiyası da Ukraynada seçkilərin keçirilməsində israr etməyə başlayıb.

Ağ Evdə qaralan qan: Prezidentlərin mübahisəsinin tam mətni
Fevralın 28-də Volodimir Zelenskinin ABŞ-yə səfəri çərçivəsində Ağ Evdə yaşanan məlum qalmaqaldan sonra Donald Tramp ukraynalı həmkarının sülh sazişinə hazır olmadığını bildirdi.

Bunun ardınca, Vaşinqton Kiyevə diplomatik təzyiqləri artırdı. ABŞ Ukraynaya avadanlıq tədarükünü dayandırdı və kəşfiyyat məlumatlarının mübadiləsinin də məhdudlaşdırmalar tətbiq etdi. ABŞ prezidneyinin Milli Təhlükəsizlik müşaviri Mayk Uolts bildirib ki, Vaşinqton Rusiya ilə sülh danışıqlarının vaxtı müəyyən olunmayana qədər Ukrayna ilə silah satışını və kəşfiyyat məlumatlarının mübadiləsini bərpa etməyəcək.

Lakin “Reuters” agentliynin yaydığı məlumata görə, Vaşinqton Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsini demək olar ki, bərpa edib və Səudiyyə Ərəbistanında keçiriləcək danışıqlardan müsbət nəticələr gözləyir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Tramp   Zelenski   gediş  





Xəbər lenti