Əmək nazirləri Bakıda bir araya gəlir

Əmək nazirləri Bakıda bir araya gəlir
  22 Aprel 2013    Oxunub:1180
Bakıda İslam Əməkdaşlıq Təşkilatı ölkələri əmək nazirlərinin konfransı keçiriləcək
Sabah Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin əmək nazirliklərinin yüksək səviyyəli rəsmilərinin iclası öz işinə başlayacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, iki gün davam edəcək iclasda məqsəd Təşkilata üzv ölkələrin əmək nazirlərinin aprelin 25-26-da keçiriləcək konfransının gündəliyinin hazırlanması, nazirlərin görüşü zamanı müzakirəyə çıxarılacaq əsas sənədlərin yekun razılaşdırılmasıdır.

Dünyanın 50-dən çox islam ölkəsinin əmək nazirlərinin iştirak edəcəyi konfrans isə İƏT ölkələri arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üçün möhkəm zəminin yaradılması və bu sahədə mütərəqqi ideya və innovasiyaların mübadiləsi məqsədinə yönəlib.

Konfransda həmin ölkələrdə əmək bazarının inkişaf etdirilməsi, işçi qüvvəsinin rəqabət qabiliyyətinin yüksəldilməsi və beynəlxalq standartlara çatdırılması, işsizliyin səviyyəsinin azaldılması və s. məsələlər müzakirə ediləcək.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirlərin yekunu olaraq, əmək nazirləri tərəfindən Bakı Çərçivə sənədi və Qətnamənin, həmçinin Bakı Bəyannaməsinin qəbul olunması nəzərdə tutulur.
Qeyd olunan sənədlər İƏT-ə üzv ölkələrin əmək nazirlikləri arasında əməkdaşlıq prioritetlərini müəyyən etməklə, eyni zamanda bu əməkdaşlıq üzrə vahid əlaqələndirmə şəbəkəsinin yaradılmasını və bu əlaqələndirmə vəzifəsinin yaxın iki ildə Azərbaycan tərəfindən yerinə yetirilməsini nəzərdə tutur.



Teqlər:  





Xəbər lenti