Ağsuda mehmanxananın fəaliyyəti dayandırılıb

Ağsuda mehmanxananın fəaliyyəti dayandırılıb
  25 Fevral 2025    Oxunub:290
Ağsuda təhlükəsizlik sahəsində nöqsanları olan mehmanxananın fəaliyyəti dayandırılıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Ağsu şəhəri, Tariyel Xasıyev küçəsi, 12 ünvanında yerləşən “Ağsu” mehmanxanasında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Belə ki, obyekt yanğınxəbərverici siqnalizasiya, tüstüdən mühafizə qurğuları və ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməyib. Elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb və obyektin daxilində hər an yanğın təhlükəsi yarada biləcək elektrik birləşmələri mövcuddur. Təxliyə yollarının yanar materialdan olan üzlüklərlə bəzədilməsinə yol verilib. Obyektin taxta konstruksiyalarına odadavamlı məhlul hopdurulmayıb. Obyektin daşınmaz əmlakı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta edilməyib.

"Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək. Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Ağsu şəhəri, Tariyel Xasıyev küçəsi, 12 ünvanında yerləşən “Ağsu” mehmanxanasının fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib", - məlumatda qeyd olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti