Ermənistan XİN Annanın diplomatları təhqir etməsini şərh etmədi

   Ermənistan XİN Annanın diplomatları təhqir etməsini şərh etmədi
  25 Fevral 2025    Oxunub:508
Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan növbəti dəfə qalmaqallı fikirləri ilə gündəmə gəlib.
O, bir neçə gün öncə erməni diplomatları təhqir edib. "Sputnik Armeniya" məsələ ilə bağlı Ermənistan Xarici İşlər Nazirliyinə (XİN) sorğu ünvanlasa da, XİN baş nazirin həyat yoldaşının diplomatlar barədə təhqiramiz ifadələrinə şərh verməkdən imtina edib.

Nazir Akopyanın dəbdəbəli maşını ilə bağlı sualdan yayındı
Bir neçə gün öncə Akopyan sosial şəbəkələrdə erməni diplomatlarını böyük komplekslərə malik insanlar adlandırıb. Paşinyanın həyat yoldaşı ölkəsini təmsil edən diplomatları “özünə əmin olmayan, həmişə çaşqın vəziyyətdə hərəkət edən, aydın ideyası, konsepsiyası olmayan” kimi təsvir edib.

"Bizim xüsusi diplomatik dilimizin bir baxışı var. Demək olar ki, rütbəsindən, vəzifəsindən, statusundan asılı olmayaraq hər kəs onları qəbul edən ölkəni “bunlar” adlandıraraq danışmağa başlayır. Məsələn: “bunlarla belə etməliyik”, “bunları Ermənistana gətirmək istəyirik”. Həm universitetimizdə, həm də Oksfordda təhsil alan diplomatlar özlərini belə ifadə edirlər”, - Akopyan XİN işçilərinin durumundan gileylənib.

O qeyd edib ki, diplomatlar əcnəbilərin yanında özlərini belə arzuolunmaz formada göstərirlər və heç vaxt da düşünməyiblər ki, kimsə onların ifadə tonunu tuta bilər.

Ümumilikdə isə, bu cür münasibət, başqa ölkələrə hörmətsizlik yanlış davranışdır. Onun sözlərinə görə, cəmi 2-3 ölkə və xalq var ki, erməni diplomatlar onların haqqında belə tonda danışa bilmir.

Qeyd edək ki, Akopyan paylaşımdan bir neçə gün sonra statusuna baxışı məhdudlaşdırıb.

Bundan öncə Ermənistanın maliyyə naziri Vahe Hovanisyan da jurnalistlərin Akopyanla bağlı sualları qarşısında aciz qalmışdı. Jurnalistlərdən biri Parlamentdə ona "baş nazirin həyat yoldaşı hansı səbəbdən 134 min dollar dəyərində "Lexus LX 500" avtomobilində gəzir? Buna nə üçün ehtiyac duyulub?" soruşub. Nazir sualları cavablandırmaqda çətinlik çəkib.

Xatırladaq ki, Anna Akopyan bir neçə dəfə öz ölkəsi, milləti haqqında neqativ, amma reallığı əks etdirən fikirlər səsləndirib. O, iki il öncə aprel ayında Tavuşun Açarkut kəndində 44 günlük müharibə zamanı öldürülmüş David Şahnazaryana həsr olunmuş tədbirdə çıxışı zamanı da gündəmə gəlmişdi. Baş nazirin həyat yoldaşının həmin vaxt fərarilərlə bağlı qalmaqallı açıqlama verməsi onun sosial mediada kütləvi şəkildə təhqir olunmasına səbəb oldu.
“44 günlük müharibə zamanı 11 min fərarimiz var idi. 11 min hərbçi, könüllü, zabit”, - baş nazirin həyar yoldaşı qeyd edib.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   XİN   Diplomat   Anna-Akopyan  





Xəbər lenti