“Azərsun Holdinq”in təşəbbüsü ilə mətbuatın 150 illiyinə həsr edilmiş sayt hazırlanıb

“Azərsun Holdinq”in təşəbbüsü ilə mətbuatın 150 illiyinə həsr edilmiş sayt hazırlanıb
  24 Fevral 2025    Oxunub:325
Milli mətbuatın 150 illiyi ilə əlaqədar müxtəlif layihələr reallaşdıran “Azərsun Holdinq” bu mövzuda sayt hazırladıb.
İlin əvvəlində təqdim edilmiş təqvim dəsti çərçivəsində həyata keçirilən layihə Azərbaycanın mətbuat tarixinin müxtəlif dövrlərinə işıq tutaraq, mətbu orqanlarının inkişafı və cəmiyyətə verdiyi töhfələr barədə ətraflı məlumatları oxuculara təqdim edir. Təqvim üzərindəki QR kodunu skan etməklə, hər kəs asanlıqla bu sayta daxil ola və orada adları qeyd olunan mətbuat orqanları haqqında məlumat əldə edə bilər. Saytda, həmçinin həmin mətbu orqanlarının nəşrində müstəsna rolu olan görkəmli şəxsiyyətlər, publisistlərlə bağlı qısa məlumatlar da mövcuddur.

Təqvim “Əkinçi” qəzeti ilə başlayaraq, Azərbaycanın mühüm mətbuat orqanlarını sırasıyla təqdim edir. “Molla Nəsrəddin”, “Şərqi Rus”, “Füyuzat”, “Kaspi”, “Dəbistan”, “Lək-lək”, “Hümmət”, “Açıq söz” və ən sonda “Həyat” qəzeti ilə tamamlanır.

Bu təqvim layihəsi “Azərsun Holdinq”in qurucusu Abdolbari Gozalın təşəbbüsü ilə həyata keçirilib.
Əvvəlki illərdə də “Azərsun Holdinq” sosial layihələri çərçivəsində müxtəlif mövzulara həsr olunmuş təqvim dəstlərini ictimaiyyətə təqdim edib.

Bu layihələr arasında 44 günlük Vətən müharibəsindəki möhtəşəm qələbəmizə, ümummilli lider Heydər Əliyevin 100 illiyinə, Azərbaycan rəngkarlıq sənətinin inkişafına, habelə Azərbaycan ədəbiyyatının zəngin ənənələrinə həsr olunmuş təqvimlər xüsusi yer tutur. Bu təqvim dəstləri, həm də Azərbaycanın mədəni və tarixi irsinin qorunub saxlanmasında mühüm rol oynayır.

AzVision.az


Teqlər:





Xəbər lenti