Polşa və Baltika təhlükə altındadır

   Polşa və Baltika təhlükə altındadır
  20 Fevral 2025    Oxunub:546
Avropanın xüsusi xidmət orqanları ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinlə razılaşma naminə Amerika qoşunlarını çıxaracağından ciddi narahat olduqlarını bildiriblər.
AzVision.az xəbər verir ki, Almaniyanın “Bild” nəşri adı çəkilməyən Şərqi Avropa ölkəsinin xüsusi xidmət orqanlarının təmsilçilərindən birinə istinadən bu narahatlığın Vladimir Putinin 2021-ci ildə səsləndirdiyi tələblərdən qaynaqlandığını yazır. Onda Putin 1990-cı ildən sonra alyansa daxil olan bütün NATO ölkələrindən Amerika qoşunlarının çıxarılmasında israr etmişdi.

“Avropada ABŞ prezidenti Donald Trampın bu ssenarinin həyata keçirilməsinə razılıq verə biləcəyindən qorxurlar”, - qəzet bildirir.

Nəşrin rəyini öyrəndiyi hərbi ekspertlər xəbərdarlıq edirlər ki, ABŞ qoşunlarının Şərqi Avropadan çıxarılması regionda vəziyyətin kəskin pisləşməsinə səbəb ola bilər. Onların fikrincə, Amerika qoşunları bölgədən çıxacağı halda, Rusiya ordusu Baltikyanı ölkələrdə öz təsirini gücləndirməyə cəhd edə, həmçinin Polşa ilə hərbi münaqişəyə girə bilər.

Bu baxımdan, Rusiya ilə həmsərhəd dövlətlər üçün Amerikanın hərbi mövcudluğu onların təhlükəsizliyi və müstəqilliyi üçün əsas amil kimi qiymətləndirilir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Polşa   Baltika   təhlükə  





Xəbər lenti