Aİ Gürcüstan diplomatları üçün vizasız rejimi dayandırıb

   Aİ Gürcüstan diplomatları üçün vizasız rejimi dayandırıb
  27 Yanvar 2025    Oxunub:572
Avropa İttifaqına (Aİ) daxil olam 27 ölkənin Xarici İşlər nazirləri Gürcüstanın diplomatik pasportları üçün vizasız rejimin dayandırılması barədə qərarı təsdiqləyib.
AzVision.az xəbər verir ki, Aİ Şurasının mətbuat xidməti belə məlumat yayıb.

“Bu gün Şura Aİ ilə Gürcüstan arasında viza rejiminin sadələşdirilməsi sazişinin bir hissəsinin dayandırılması barədə qərar qəbul edib. Bu, gürcü diplomatları və rəsmilərinin Aİ-yə səfəri zamanı viza üçün müraciət etmələri ilə nəticələnəcək”, - bəyanatda deyilir.

Sənəddə vurğulanır ki, gürcü diplomatları və rəsmiləri daha qısa müraciət müddətlərindən, aşağı viza rüsumlarından və daha az təsdiqləyici sənədlər təqdim etmək imkanlarından yararlana bilməyəcəklər.

Vizasız rejim artıq hökumətlərarası təşkilatlar tərəfindən Aİ ölkəsinin ərazisində keçirilən rəsmi görüşlərdə və digər tədbirlərdə iştirak edən Gürcüstanın rəsmi nümayəndə heyətlərinin, milli və regional təşkilatların üzvləri və parlamentləri, Gürcüstanın Konstitusiya Məhkəməsi və Ali Məhkəməsi, habelə diplomatik pasport sahibləri üçün üçün əlçatan olmayacaq.

Aİ Şurasındakı mənbənin ötürdüyü məlumata görə, bu qərar yaxın günlərdə birliyin rəsmi jurnalında dərc olunduqdan sonra qüvvəyə minəcək. Otən il dekabrın 20-də Avropa Komissiyası (AK) rəsmi olaraq Gürcüstan rəsmiləri və diplomatları üçün vizasız rejimin dayandırılmasını təklif etmişdi.

Gürcüstan müxalifətinin şansı yoxdur
Xatırladaq ki, 2024-cü ilin mayında Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanunu qəbul etdikdən sonra, burada öz təsir rıçaqlarının zəifləyəcəyindən narahat olan Aİ və ABŞ-nin rəsmi Tbilisiyə təzyiq cəhdləri nəticəsində münasibətlər pisləşməyə başladı. Gürcüstanda fəaliyyət göstərən bəzi QHT-lər isə kollektiv Qərbin dəstəyi ilə ölkədə “rəngli inqilab” törətmək cəhdlərinə əl atdılar.

2024-cü il oktyabrın 26-da keçirilən parlament seçkilərində qalib gələn hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyası kollektiv Qərbin ölkədə açıq-aşkar fövlət çevrilişi etmək cəhdlərinə cavab olaraq, noyabrın 28-də 2028-ci ilə qədər Aİ-yə daxil olmaq üzrə Brüssellə danışıqların başlanması barədə müzakirələri dayandırmaq və Aİ-nin bütün büdcə qrantlarından imtina etmək qərarını verdi.

Sahil İsgəndərov
AzVision.az



Teqlər:     Gürcüstan   viza  





Xəbər lenti