"Donald Tramp dünyanı bir-birinə qatır" - ŞƏRH

   "Donald Tramp dünyanı bir-birinə qatır" -  ŞƏRH
  14 Yanvar 2025    Oxunub:183
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp bir neçə açıqlamaları ilə gündəmin əsas mövzusuna çevrilib. Tramp Milad günü ilə bağlı müraciətində, Kanadanın ABŞ-nin 51-ci ştatı olacağı təqdirdə, kanadalıların vergilərini iki dəfə azaldacığını vəd edib. Bununla yanaşı o, Kanadanın ABŞ-yə ilhaq edildiyi xəritəni sosial şəbəkə hesabında dərc edib.
Eyni zamanda Donald Trampın Danimarkanın muxtar bölgəsi olan Qrelandiyanı ölkəsinə birləşdirmək barədə çağırışları da geniş müzakirəyə səbəb olub. “Politico” nəşrinin məlumatına görə, Amerikanın yeni seçilmiş prezidenti Donald Tramp dövründə Qrenlandiyanın hərbi yolla ABŞ-yə birləşdirilməsi bəşər tarixinə ən qısa silahlı münaqişə kimi düşə bilər.

Bundan əlavə Tramp Panama kanalının yenidən ABŞ-nin mülkiyyətinə keçə biləcəyini də açıqlayıb.

Maraqlıdır, bu cür açıqlamalar ABŞ-nin beynəlxalq nüfuzuna necə təsir göstərəcək?

Mövzu ilə bağlı AzVision.az-a danışan politoloq Tofiq Abbasov bildirib ki, Donald Trampın bu açıqlamaları Amerika Birləşmiş Ştatlarının xaricdəki imicinə heç də yaxşı təsir etməyəcək:

"Bütün ölkələr bu məsələlərin hamısına mənfi münasibət bildirəcəklər. Amerika kimi inandıra biləcək ki, onlar həqiqətən də dünyaya demokratiya gətirirlər, insanlara azadlıq, hürriyyət vəd edirlər? Əlbəttə ki, heç kimi. Əgər doğrudan da digər xalqlara, toplumlara, azadlıq, demokratiya vəd edirlərsə, onda özlərindən başlamalıdırlar.

Kanada və Qrelandiyanının ABŞ-yə ilhaq ediləcəyinə inanmıram. Çünki bu, mümkünsüz məsələdir. Birincisi, onlar dünya nizamına zidd bir mövqe tuturlar. Qrenlandiya bəlli olduğu kimi, Danimarka krallığına mənsub bir ərazidir. Artıq Danimarka da öz milli gerbinə dəyişikliklər edib. Bildirir ki, bu, onun torpağıdır. Kanadanın Baş naziri Castin Trüdo kəskin bir reaksiya verib. O, ölkəsinin heç vaxt ABŞ-nin 51-ci ştatı olmayacağını bildirib. Kanada özü faktiki olaraq bir dominiondur. İngiltərənin ixtiyarında olan bir ərazidir.

Donald Tramp hələ öz kürsüsünə oturmadan dünyanı bir-birinə qatır. Amerika Birləşmiş Ştatlarının beynəlxalq nüfuzu bu proseslərin nəticəsində zəifləyəcək. Bəlkə də yaxın zamanlarda Trampın bu oyunpozanlığını görüb Cozef Baydenə şükür edəcəyik. Çünki Bayden yaşlı olsa da heç bir dövlətə, heç bir qonşusuna təhdid törətməyib.

Qrenlandiya neçəyədir?
Meksika körfəzinin adının dəyişdirilməsi məsələsinə gəldikdə isə Donald Tramp ABŞ-nin böyüklüyünü real yanaşmalarla deyil, bazar qaydalarına uyğun şəkildə həyata keçirməyə çalışır. Bəllidir ki, ABŞ ən güclü dövlətdir. Onun geniş imkanları var ki, öz qonşularına, digər ölkələrə nüfuz etsin. Meksika körfəzinin adının dəyişdirilməsinə nail olmaq Amerika Birləşmiş Ştatlarına Cənub qonşusu ilə yeni problemlər gətirəcək. Ona görə də, Tramp hakimiyyətə gəlməzdən əvvəl baza baxışlarına nəzər salıb dəyişikliklər etsə, o, bir o qədər onun xeyrinə olacaq".

Politoloq Samir Hümbətov isə bildirib ki, Donald Trampın verdiyi açıqlamalar populist açıqlama kimi dəyərləndirilə bilər.

"Amerika Panamanın əvvəldən nəzarətində olmasının marağındadır. Həm Çinə, həm də digər dövlətlərə təsir etmək üçün işinə yarayır. Xarici siyasət strategiyasında xüsusi yer tutur. ABŞ-nin Panamanı işğal etməsi beynəlxalq aləmdə ciddi bir narazılığa səbəb olacaq. Kanada isə Amerika ilə ticarət edən ölkələr sırasında əsas tərəfdaşlarından biridir. Əgər Kanada da ABŞ-nin nəzarətinə keçərsə, bu, ABŞ-nin Latın Amerikasından başlayaraq Şimal Buzlu Okeana qədər geniş bir coğrafiyada möhkəmlənməsi mənasını daşıyır.

Qrenlandiya böyük strateji əhəmiyyətə malik bir yerdir. Həm Qrenlandiya, həm də Kanada təbii resurslarla zəngindir. Bu, Amerika Birləşmiş Ştatlarının marağından kənarda qala bilməz. İşğal prosesi varsa, o dövlətə müsbət imic gətirməyəcək. Amma nəzərə almaq lazımdır ki, indi dünyanın yenidən bölüşdürülməsi prosesi gedir. Bu prosesdə kimin hansı mövqedə olacağı hələ bilinmir", - deyə politoloq bildirib.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   ABŞ   DonaldTramp  





Xəbər lenti