Çin Rusiyadan yan keçməklə Avropaya “pəncərə” açır

   Çin Rusiyadan yan keçməklə  Avropaya   “pəncərə”    açır
  10 Yanvar 2025    Oxunub:472
Çindən Qırğızıstana və daha sonra Özbəkistana “CKU (Çin-Qırğızıstan-Özbəkistan)” adlanan dəmir yolu xəttinin tikintisinə başlanılması mərasimi keçirilib. Bu layihə Rusiya, Belarus və Polşadan keçən “yeni İpək Yolu”na alternativ olacaq.
AzVision.az “Essanews” nəşrinin yaydığı məlumata istinadən xəbər verir ki, Pekin Ukraynadakı hərbi münaqişə ilə bağlı müxtəlif ssenarilərə hazırlaşır.

Polşanın “Rzeczpospolita” qəzetinin yazdığına görə, bu ssenarilərdən biri ABŞ qoşunlarının birbaşa Ukrayna münaqişəsində iştirakını və Rusiyanın potensial dağılmasını nəzərdə tutur ki, bu da amerikalıların diqqətinin Çinə daha çox yönəlməsinə səbəb ola bilər.

“Beləliklə, Qırğızıstan və Özbəkistandan çəkilən yeni dəmir yolu Rusiya ərazisindən yan keçməklə Avropaya yüklərin daşınması üçün daha bir alternativ olacaq. Bununla Çin Pekin və Vaşinqton arasında gərginliyin baş verəcəyi təqdirdə Avropanı neytral qalmağa və iqtisadi əlaqələri gücləndirməyə sövq etməyə çalışır”, - qəzetdə dərc edilən məqalədə vurğulanır.

Qeyd edək ki, “CKU” marşrutu 1990-cı ildən müzakirə olunur, lakin iştirakçı ölkələr yalnız 2024-cü il iyunun 6-da bu barədə Pekində saziş imzaladılar. Uzunluğu 486 kilometr olan dəmir yolunun 311,75 kilometri Qırğızıstan ərazisindən keçəcək.

Əldə edilən razılaşmalar çərçivəsində Çin öz ərazisində Qırğızıstanla əlaqə yaratmaq üçün lazım olan dəmir yolu xətti çəkəcək, yolun Qırğızıstan hissəsini isə yaradılmış birgə şirkət idarə edəcək. Qırğızıstanda dəmir yolunun tikintisinin altı il çəkəcəyi gözlənilir. Özbəkistan da öz növbəsində mövcud dəmir yolunu modernləşdirir.

Yeni marşrut Rusiya ərazisindən və Trans-Sibir dəmir yolundan yan keçməklə Çindən Avropaya gedən marşrutu təxminən 900 kilometr qısaldacaq. Nəticədə yola sərf olunman vaxt azalacaq.

Bu dəmir yolunun tikintinin başlanmasını tarixi hadisə kimi alqışlayan Qırğızıstan prezidenti Sadır Japarov onu “strateji körpü” adlandırıb.

Bu marşrut Çindən Qırğızıstana, eləcə də Orta Asiya və Yaxın Şərq ölkələrinə, o cümlədən Türkiyəyə, daha sonra isə Avropa İttifaqına malların çatdırılmasını təmin edəcək.
“The Diplomat” nəşrinin məlumatına görə, Çin “CKU” layihəsinin səhmlərinin 51%-nə, Qırğızıstan və Özbəkistanın hər biri 24,5%-ə sahib olacaq. Layihənin həyata keçirilməsi üçün Pekin 2,35 milyard dollar məbləğində aşağı faizli kredit ayırıb. Bu, proqnozlaşdırılan 4,7 milyard dollarlıq tikinti xərclərinin yarısını ödəyəcək. Qalan xərclər tərəflərin payına uyğun olaraq bölüşdürüləcək: Çin 1,2 milyard dollar, Qırğızıstan və Özbəkistan isə hər biri təxminən 573 milyon dollar ayıracaq.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: CKU   Rusiya   Avropa  





Xəbər lenti