"Bizim rusiyayönlü qüvvələr ciddi problemlərlə üzləşirlər" - Akopyan

"Bizim rusiyayönlü qüvvələr ciddi problemlərlə üzləşirlər"    - Akopyan
  10 Yanvar 2025    Oxunub:418
Ermənistanın tanınmış araşdırmaçı jurnalistlərindən olan Tatul Akopyan diqqət çəkən fikirlər səsləndirib.
O, özünün Facebook hesabında paylaşım edərək yazıb ki, Kremlin İrəvanda olan əlaltıları ciddi siyasi böhran yaşayırlar. Akopyan konkret olaraq rusiyayönlü qüvvələrə söz atıb: "Ermənistanın rusiyayönlü qüvvələri qarşıdan gələn parlament seçkilərində iki ciddi problemlə üzləşəcək. Onlar nəinki Nikol Paşinyana qarşı birləşə bilmirlər, həm də öz aralarında açıq şəkildə və ictimai düşmənçilik aparırlar. Təbii ki, bu amillərdən yalnız Nikol Paşinyan faydalanacaq".

Erməni jurnalisti qorxuya salan 10 fars və artan demoqrafiya problemi
Jurnalist ölkəsindəki siyasi xaosdan gileylənərək yazıb ki, haqqında söz açdığı qüvvələr son illər Ermənistanda baş verən fəlakətlərdən sonra Rusiyadan tamamilə üz çevirib. Bir sözlə, bu gün Ermənistanda vəziyyət xeyli dəyişib: "Mən həm də qeyri-siyasi və hökumət dairələrində Rusiyaya qarşı məyusluq və qəzəbin artmasını da nəzərdə tuturam. Bu qəzəb 1920-ci ildə bolşevik-kamalçı razılşaması zamanı və çar Rusiyası, Romanovlar hökumətinin anti-erməni siyasət yeritdiyi dövrlərdə olduğundan daha dərindir".

Qeyd edək ki, Ermənistan son iki ildə Rusiya ilə münasibətləri xeyli gərginləşdirib. Hökumətə yaxın saytlarda Kreml əleyhinə silsilə yazılar dərc edilir, siyasətçilər isə hətta tez-tez Gümrüdəki hərbi bazanın ləğvi məsələsini qaldırırlar. İş o yerə çatıb ki, rəsmi İrəvan Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT)-dən çıxmaq niyyətini müxtəlif vasitələrlə ortaya qoyur. Parlamentin spikeri Alen Simonyan və baş nazir Nikol Paşinyan bununla bağlı bir neçə dəfə oxşar fikirlər səsləndiriblər.

Dünən isə Ermənistan Nazirlər Kabineti ölkənin Avropa İttifaqına daxil olması prosesinə başlamaq üçün qanun layihəsini təsdiqləyib. Artıq Rusiyadan bu məsələyə sərt şəkildə reaksiyalar gəlir. Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib ki, Ermənistanın Avropa İttifaqına daxil olması ölkənin Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlüyü ilə bir araya sığmır.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Paşinyan   Jurnalist  





Xəbər lenti