Gürcüstanda uşaqların aksiyalara cəlb olunması cəhdi Qərbin çirkin marağına güzgü tutur

Gürcüstanda uşaqların aksiyalara cəlb olunması cəhdi Qərbin çirkin marağına güzgü tutur
  06 Dekabr 2024    Oxunub:627
Azərbaycanın bəzi müxalifət partiyalarının ABŞ Prezidenti Buşun şəklini başları üzərin qaldıraraq mitinqlərə çıxdığı günlər ictimai tarixin acı həqiqətlərindəndir.
Elçibəyi, Rəsulzadəni Buşun populist çıxışına dəyişənlərin xalqa sədaqətli olacaqlarına xalq təbii ki, inana bilməzdi, inanmadı da. İllər keçdi, nə Buş, nə ATƏT, nə AŞPA, nə AB Azərbaycan xalqına gün ağladı. Öz acılarımıza özümüz dərman olduq. Təsəvvür edək, hələ də ATƏT-in Minsk qrupunun Qarabağ münaqişəsini həll edəcəyinə ümid bağlasaydıq 5 ilimiz də qurban gedəcəkdi.

Hörmətsizliyi ilə daha çox populyarlıq qazanan hörmətli Qərb, barmağınızı qatlayın ki, hansısa ölkəyə, hansısa xalqa xoşbəxtlik gətirmisiz? Harda iziniz var, orda qanqal bitib. Əfqanıstan, Fələstin, Liviya, İraq, Misir, Suriya, Ukrayna, Gürcüstan, Ermənistan sizin əl işinizin rəzalət rəsmidir. Bu ölkələrin xalqlarını saxta azadlıq parıltısı ilə yoldan çıxarıb dövlətlərini xarabazara çevirmisiz. Qafqazı işğal etmək planınız dəfələrlə iflasa uğramaqla yanaşı atdığınız hər addım Qafqaz ölkələrindən birini kökündən ayıraraq fəlakətə sürükləyib.

Növbəti dəfə Gürcüstanı hədəfə almısız. Saakaşvilini hakimiyyətə gətirməklə onun ölkəsinin ərazilərini parçalamış oldunuz, nəticədə keçmiş prezidentin həbsxanada çürüməsinə hətta ləzzətlə tamaşa edirsiniz. Paşinyanı qızışdırıb Azərbaycana qarşı qaldırdınız, bu da erməni baş nazirin aqibəti. Dünyanı qloballaşdırmaq istəyirdiniz, siyasətiniz iflasa uğradı. Hər bir xalqın öz tarixi, genetik, ənənəvi kimliyi var. Məsələn, gürcünü necə alman edə bilərsən, yaxud azərbaycanlı frnasız ola bilməz axı. Olmadı da.

Qloballaşma niyyəti gerçəkləşmədən iflasa uğradı. Xalqlar çox yaxşı dərk edirlər ki, bu acımasız dünyada sakit yaşamaq öz kökünə bağlı olmaqla mümkündür. Əlbəttə uşaqlar və yeniyetmələr bu gerçəyi tam anlamaya bilərlər, elə bu səbəbdəndir, ölkədaxili ixtişaşlarda gənc nəsil alətə çevrilir. Gürcüstanda Qərbin fətvası ilə meydanlara çıxanların başında dayananlar uşaqları aksiyalara çağırmaqla mənəvi cəhətdən aşındıqlarını təsdiqləmiş oldular.

Qərb maraqlarını təmin etsin deyə, bir ölkənin bütün infrastrukturunu dağıtmağa, xalqını parçalamağa acımasızcasına rəvac verir. Avropa Birliyinə dövlət yox, ölkə inteqrasiya ola bilər. Gələk, gedək, gəzək, görək, yaşayaq, mədəniyyətlərimizi inteqrasiya edək, daha dövləti Avropa alətinə çevirməyək. Hər bir dövlət min bir zülmlərdən keçərək qurulub və özünəməxsus dəyərlər üzərində də bərqərardır. Niyə hansısa qütb o dövləti vassalına çevirməlidir?

Dünyada Qərb siyasətinin nəticəsində xarabazara çevrilən dövlətlər artmaqdadır. Bu acı nümunə ölkələrə dərs olsun.

AzVision.az



Teqlər:





Xəbər lenti