Ramazan endirimi, yoxsa Ramazan fırıldağı?

Ramazan endirimi, yoxsa Ramazan fırıldağı?
  19 İyul 2014    Oxunub:1312
Ramazan ayı ilə əlaqədar paytaxtın “28 mall”, “Metro park”, “Park bulvar” və digər iri ticarət mərkəzlərində, mağazalarda endirim kampaniyalarına başlanılıb.
“Zara”, “Mango”, “CELIO”, “Nine West”, “Chicco” kimi məşhur mağazalarda 50-70 faiz arasında endirimlər təklif edilir.

Lakin İqtisadiyyat və Sənaye Nazirliyinin apardığı yoxlamalar nəticəsində əhalinin bu endirim reklamlarının bəziləri ilə aldadıldığı da bəlli olub.

Məsələn, nazirlik “Koteks” MMC-yə məxsus mağazada endirim reklamı verildiyi halda endirimlərin tətbiq edilmədiyini aşkarlayıb.

Bu barədə virtualaz.org saytına nazirlikdən məlumat veriblər.

Xəbərdə deyilir ki, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 31-də yerləşən mağazada 70 faiz endirim reklamı verilsə də satışda endirim tətbiq edilmir. Beləliklə də qeyri-dəqiq reklamdan istifadə edilməklə istehlakçıların çaşdırılması hallarına yol verilir.

Belə ki, satışda olan mallara 70 faiz endirim tətbiq edilməsi barədə mağazanın vitrin pəncərəsində reklam yayımlansa da mağazada satışda olan malların qiymətlərinə endirim tətbiq edilmədiyi aşkar olunub. Bundan başqa, qeyd olunan reklamların aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı da müəyyən edilib.

Nazirlik “Koteks” MMC barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcəyini açıqlayıb.

Nazirlik alıcılara xəbərdarlıq edir ki, bayramlarda daha çox alıcı cəlb etmək məqsədilə malların qiymətində endirimlər tətbiq edilir. Əksər hallarda isə endirim kampaniyaları saxta xarakter daşıyır. Belə ki, istehlakçıların cəlb edilməsi məqsədilə qeyri-dəqiq reklamlar yerləşdirilir. Bununla da ticarət subyektləri istehlakçıların seçim sərbəstliyinə təsir göstərən qanunsuz reklam üsullarından istifadə etməklə istehlakçıları aldadırlar.

Nazirlik mal almadan əvvəl endirimlərlə əlaqədar yayımlanan reklamlarda endirim tətbiq olunan malların əhatə dairəsinin (bütün mallara, bir qrup mala, yaxud bir məhsula) dəqiq göstərilib-göstərilmədiyinə, tətbiq olunan endirim faizlərinin reklamda konkret göstərilib-göstərilməməsinə diqqət yetirilməsini tövsiyə edir.

Endirim tətbiq olunan malların əhatə dairəsi və endirim faizləri konkret göstərilmiş mağazalarda istehlakçılar alış-veriş edərkən malların üzərində endirimdən əvvəlki və sonrakı qiymətlərin olmasına diqqət yetirməlidir.

Nazirlik alıcılardan yalançı reklam verməklə əhalini aldadan mağaza, firma və ya digər ticarət obyektləri ilə bağlı Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət edilməsini istəyir.


Teqlər:





Xəbər lenti