İranda ölümə məhkum edilmiş reper azadlığa çıxdı

   İranda ölümə məhkum edilmiş reper    azadlığa    çıxdı
  03 Dekabr 2024    Oxunub:496
Hökumət əleyhinə nümayişləri dəstəklədiyinə görə bu ilin aprel ayında edama məhkum olunmuş iranlı reper Tumac Salehi həbsdən azad edilib.
AzVision.az xəbər verir ki, Salehi iki il əvvəl “Qadın, Həyat, Azadlıq” insan haqları kampaniyasına dəstək verdiyi üçün aprel ayında İran məhkəməsi tərəfindən ölüm cəzasına məhkum edilib.

2022-ci ilin sentyabrında gənc qadın Məhsa Əmininin polis nəzarətində öldürülməsi İran cəmiyyətində hiddət dalğası doğurdu. Salehi həmin ilin oktyabrında ictimai etirazları dəstəkləyən açıqlamalar verdiyi üçün həbs olunub. Onun mahnıları İrandakı zülm və edamları pisləyirdi. Salehi həbsdə olarkən işgəncələrə və döyülmələrə məruz qaldığını bildirib.

2024-cü ilin iyununda İranın Ali Məhkəməsi Tumacın azadlığa buraxılması ilə bağlı davamlı ictimai tələblər nəticəsində ölüm hökmünü ləğv etsə də, onu azadlığa buraxmadı.

Nəhayət İran məhkəməsi Salehinin azad olunması qərarını da verməli oldu. Bununla belə, Salehinin əmisi oğlu Arezu Eqbali Babadi bildirib ki, Tumacın azadlığa buraxılması xəbərini onun ailəsi və tərəfdarları “ehtiyatlı nikbinliklə” qarşılayıblar.

“Biz onun azadlığını qeyd edərkən heç vaxt unutmayacağıq ki, o, sadəcə azadlıq və insanlıq tələb etdiyi üçün həbsxanada bir dəqiqə də qalmamalı idi”, - Babadi vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: İran   Salehi   azadlıq  





Xəbər lenti