Marsda qədim okeanın sahil zolağı aşkarlanıb

   Marsda    qədim okeanın    sahil zolağı aşkarlanıb
  09 Noyabr 2024    Oxunub:2090
Çinin “Zhurong” roveri (gəzən aparat) qədim zamanlarda Marsda nəhəng okeanın mövcud olması nəzəriyyəsini dəstəkləyən yeni dəlillər aşkar edib. Cihazlar sahil xəttinin mümkün izlərini tapıb.
AzVision.az “Scientific Reports” jurnalına istinadən xəbər verir ki, “Zhurong” roveri 2021-ci ildə Marsın şimal yarımkürəsində, “Utopia” düzənliyində enib. Kəşfiyyat zamanı o, “eroziyaya uğramış konusları, çoxbucaqlı çökəklikləri və həkk olunmuş axınları” kəşf edib. Alimlərin fikrincə, konuslar palçıq vulkanlarından qalıb - onlar tez-tez su və buz olan yerlərdə yaranıb.

Roverdən alınan məlumatlar, eləcə də peyk məlumatları bu yerdə okean sahilinin olduğunu göstərir. Araşdırmaya görə, okean 3,7 milyard il əvvəl daşqın nəticəsində əmələ gəlib. Daha sonra donub və 3,4 milyard il əvvəl tamamilə yox olub.

Lakin müstəqil ekspertlər elmi qrupun gəldiyi nəticəyə şübhə ilə yanaşıblar. Onların fikrincə, qeyri-adi geoloji birləşmələrin yaranmasına səbəb su deyil, hava şəraiti ola bilər. Eroziya həmçinin bir neçə milyard il ərzində sahil xəttinin bütün əlamətlərini məhv etməli idi.

NASA-nın yeni tədqiqatı Marsda həyat əlamətlərinin ola biləcəyini göstərir
Qeyd edək ki, bir müddət əvvəl NASA-nın Marsdakı Buz dövründə su buzunun əmələ gəlməsi isitqamətində apardığı araşdırmaların nəticələri açıqlanmışdı.
Marsda suyun olub-olmaması məsələsi birbaşa orada həyatın inkişafının mümkünlüyü məsələsi ilə bağlıdır.

“Yer üzündə həyatın okeanda, ya termal bulaqların yaxınlığında böyük dərinliklərdə və ya dayaz axın hovzələrində yarandığı hesab olunur. Əgər Marsda su hövzəsi olsaydı, onda eyni proseslər orada da baş verə bilərdi. Alimlər qədim mikrob həyatının izlərini axtarırlar. Mars süxurları analiz üçün Yerə qaytarıldıqdan sonra onlar mühüm məlumatları əldə edə bilərlər”, - Scientific Reports yurnalında dərc olunan məqalədə vurğulanır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Mars   okean  





Xəbər lenti