Azərbaycanlı milyarder dünyanın ən böyük yaxtasını aldı

Azərbaycanlı milyarder dünyanın ən böyük yaxtasını aldı
  16 İyul 2014    Oxunub:3590
Bu yaxınlarda məlum olub ki, dünyanın ən böyük ekspedisiya yaxtası olan “Luna”nın (bu söz latın dilində də, rus dilində də eyni mənanı verir - Ay) sahibi dəyişilib. Belə ki, rusiyalı milyarder Roman Abramoviç bu yaxtanı digər rusiyalı milyarder Fərhad Əhmədova satıb.
Düzdür, “Abramoviç yaxtanı Əhmədova satıb yox, güzəştə gedib” demək daha doğru olardı. Çünki Abramoviçin Almaniyanın ən yaxşı tərsanəsində xüsusi sifariş əsasında yenicə düzəldilmiş bu yaxtanı satmaq üçün heç bir əsası yox idi. Abramoviçin onu satmaq üçün yalnız bir səbəbi vardı - köhnə dostuna Yer kürəsini öz yaxtasında dolanmaq kimi çoxdankı arzusunu həyata keçirməkdə kömək etmək.

Bu arzu Əhmədovda çoxdan baş qaldırmışdı. Hələ uşaqlıqdan... Bunun “günahkarı” isə dənizçi Sindibad haqdakı film və Cek Londonun sevimli “Dəniz canavarı” kitabı olub. Bu arzu Azərbaycanın Göyçay rayonundan olan yeniyetmə oğlan üçün necə də əlçatmaz idi! O, hətta sovetlər dövründə Sakit okean donanmasında xidmət edəndə də bu arzu yalnız arzu olaraq qalırdı...

İllər, onilliklər ötüb keçdi. O gənc oğlan çox şeyə nail oldu. Üç oğlu var, evləri var, onun təşəbbüsü ilə yüz minlərlə ağac əkilib. İndi isə ən əsas arzusunu həyata keçirmək vaxtı gəlib çatıb.



Bəs dünya səyahətinə çıxmaq üçün nə lazımdır? Ekspedisiya yaxtası! Əksəriyyəti lüks gəzinti yaxtası olan üzən saraylar yox, məhz səyahət üçün nəzərdə tutulan yaxta! Belələri isə ümumiyyətlə azdır. Sayları heç 10-a da çatmaz. “Luna” isə onların içində ən təzəsi və ən yaxşısıdır...

“Luna” istənilən en dairəsində üzməyə uyğunlaşdırılıb. Bu yaxta Atlantik okeanını əlavə yanacaq götürmədən üç dəfə o tərəf-bu tərəfə üzə bilir. Onun hər bir mühərriki 5 min at gücündədir. “Luna”da isə 7 belə mühərrik var. Yaxtanın öz generatorları 17 min əhalisi olan bir Avropa şəhərini tam təchiz etməyə bəs edəcək qədər elektrik enerjisi istehsal edir. Yaxtanın sutəmizləyici qurğusu isə sutka ərzində 45 ton dəniz suyunu içməli suya çevirmək iqtidarındadır.



Üstəlik “Luna” dünyanın ekoloji cəhətdən ən təmiz gəmilərindən biridir. Yaxtada bütün tullantıların emal edilməsi üçün ən müasir avadanlıqlar quraşdırılıb. “Luna” həm də dünyanın ən təhlükəsiz yaxtalarındandır. Yaxtada praktiki olaraq bütün təhlükələrə - yanğından tutmuş dəniz quldurlarına qədər hər cür təhlükəyə qarşı müvafiq tədbirlərin görülməsi imkanları nəzərdə tutulub. Necə deyərlər, arzuların gəmisidir...

Fərhad Əhmədovun dediyinə görə, o, əvvəlcə yeni ekspedisiya gəmisinin düzəldilməsini sifariş etmək istəyib. Lakin məlum olub ki, layihələndirmə, inşaat və sınaq üzgüsü kimi işlərə ən azı 4 il vaxt lazımdır. Çıxış yolu Abramoviçi dilə tutub razı salmaq idi. Bu da mümkün oldu. Düzdür, dərhal olmadı, amma hər halda sonda oldu...



İndi Əhmədovun bakılı dostları onu vətəndə az-az görəcəklər. Üstündə Azərbaycan bayrağı dalğalanan “Luna” hazırda Egey dənizindədir. Bəs sonra? Sonra Atlantik okean, Karib dənizi, Alyaska, Polineziya, Yeni Zelandiya gəlir... Əhmədovun planları çoxdur. Ən nadir sərvətə - yeni gözəl təəssüratlara sahiblənmək planlarının yerinə yetməsi azı 3-4 il çəkəcək. Bu müddət ərzində isə Əhmədovun əsas evi dünyanın ən yaxşı ekspedisiya yaxtası olan “Luna” olacaq. Necə deyərlər, yaxşı yol... / Virtualaz.org



Teqlər:  





Xəbər lenti