Ekologiya ilə "dost olmayan" universitetlərimiz

   Ekologiya ilə "dost olmayan" universitetlərimiz
  30 Oktyabr 2024    Oxunub:966
"Azərbaycan universitetləri ekoloji və davamlılıq sahələrində dünya reytinqlərində mövqeyə sahib deyil. "Times Higher Education" (THE) (Climate) reytinqi və "GreenMetric" kimi dünya ekoloji reytinqlərində Azərbaycanın bəzi universitetləri iştirak etsə də, nəticələri zəifdir".
AzVision.az xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov deyib.

Onun sözlərinə görə, THE-nin təsir reytinqində son illərdə Azərbaycan universitetlərindən cəmi 18-i sosial və ekoloji göstəricilər üzrə məlumat paylaşmağa başlayıb:

"Məsələn, Sumqayıt Dövlət Universiteti kimi müəssisələr iqlim fəaliyyətini proqramlarına daxil etməyi planlaşdırır, lakin onların kampus ekoloji layihələrini genişləndirməyə ehtiyacları var.

"COP29-a ev sahibliyi edən Azərbaycan universitetləri ekoloji hədəflərdən uzaqdır"
"GreenMetric" reytinqinə əsasən, Azərbaycanın bir neçə universiteti enerji, su təchizatı, tullantıların idarə olunması sahələrində müəyyən fəaliyyətlər həyata keçirsə də, əsasən Avropa və Şimali Amerika universitetləri ilə müqayisədə çox geridə qalır. "GreenMetric"in 2023-cü ilin məlumatlarına görə, Qərbi Kaspi Universiteti, Neft və Sənaye Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti kimi ali məktəblər müəyyən mövqelərə sahib olsa da, qlobal təsirləri yetərli deyil".

Ekspert müqayisə üçün qeyd edib ki, Gürcüstanda Tbilisi Dövlət Universiteti ekoloji mərkəzlərə və təhsil proqramlarına investisiya qoyur:

"Türkiyədə Boğaziçi Universiteti yaşıl enerji layihələri ilə tanınır, Rusiya və İranda Moskva Dövlət Universiteti və Tehran Universiteti isə sıfır karbon emissiyası və iqlim dəyişikliyi araşdırmaları sahəsində irəliləyiş əldə ediblər.

Azərbaycan universitetlərinin ekoloji reytinqlərdə mövqelərini yüksəltmək üçün ekoloji layihələrə daha çox investisiya qoyması, enerji və su istifadəsini optimallaşdırması və tələbələri ekoloji problemlərlə bağlı daha çox maarifləndirməsi vacibdir".

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   universitetlər   ekologiya  





Xəbər lenti