"COP29-a ev sahibliyi edən Azərbaycan universitetləri ekoloji hədəflərdən uzaqdır"

   "COP29-a ev sahibliyi edən Azərbaycan universitetləri ekoloji hədəflərdən uzaqdır"
  29 Oktyabr 2024    Oxunub:1028
"Azərbaycan universitetlərinin ekoloji fəaliyyətlərini nəzərdən keçirərkən qonşu ölkələrin – Gürcüstan, Türkiyə, Rusiya və İranın universitetləri ilə müqayisədə ciddi çatışmazlıqları açıq şəkildə görə bilirik. Bu ölkələrdə bir çox universitet ekoloji davamlılıq sahəsində öncül təcrübələrə malikdir və davamlı inkişafı təşviq edən layihələr həyata keçirir".
AzVision.az xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov deyib:

"Gürcüstanda Tbilisi Dövlət Universiteti (TSU) ekoloji təşəbbüslərlə tanınır. Universitetdə Davamlılıq və Ekologiya Mərkəzi yaradılıb və bu mərkəz tələbələrə ekoloji təhsili inkişaf etdirmək üçün kurslar təqdim edir. TSU, eyni zamanda, iqlim dəyişikliklərinə qarşı mübarizədə maarifləndirmə tədbirləri keçirir və kampusda enerjiyə qənaət texnologiyalarından istifadə edir. Statistik məlumatlara görə, TSU-nun həyata keçirdiyi enerji qənaəti tədbirləri illik enerji sərfini 10%-ə qədər azaltmağa kömək edib.

Türkiyədə Boğaziçi Universiteti bu sahədə nümunəvi bir universitetdir. Universitet kampuslarında günəş panelləri, suyun təkrar istifadəsi və tullantıların azaldılması sistemləri tətbiq olunur. Hətta, Boğaziçi Universiteti “Yaşıl Universitetlər” reytinqində 2023-cü ildə ilk 100-lükdə yer almışdır. Universitetin İqlim Dəyişiklikləri Araşdırma Mərkəzi iqlim məsələləri ilə bağlı mütəmadi seminar və layihələr təşkil edir. Bu universitetin təcrübəsi göstərir ki, ekoloji məsələlərə əhəmiyyət verilməsi universitetin qlobal reytinqlərdə mövqeyinə də müsbət təsir göstərir.

Rusiyada Moskva Dövlət Universiteti (MGU) ətraf mühitin qorunması istiqamətində geniş tədqiqatlar və ekoloji layihələr aparır. MGU, “Sıfır Karbon Emissiyaları” təşəbbüsü ilə karbon izini azaltmağı hədəfləyir və bu proqram çərçivəsində kampusda karbon emissiyalarını 15% azaltmağa nail olub. Universitet ekoloji tədqiqatlar üçün hər il təxminən 1 milyon dollar sərmayə ayırır və bu sahədəki fəaliyyətlərini genişləndirir.

COP29 prezidenti BMT rəsmisilə iqlim təşəbbüslərini müzakirə edib
İranda Tehran Universiteti də davamlı inkişafı dəstəkləyən universitetlərdəndir. Tehran Universiteti Ekologiya və Çevrə Elmləri Mərkəzi vasitəsilə tələbə və müəllimlərə ekoloji təhsili inkişaf etdirmək üçün imkanlar yaradır. Tehran Universiteti, eyni zamanda, kampusunda bərpa olunan enerji mənbələrindən istifadə edir və tullantıların idarə olunması layihələrinə yer ayırır. Belə layihələr vasitəsilə universitet karbon emissiyalarını təxminən 12% azaltmağa nail olub".

Ekspertin sözlərinə görə, Azərbaycan universitetlərinin isə bu səviyyədə ekoloji təşəbbüslərə sahib olmadığı müşahidə edilir:

"Azərbaycanın aparıcı universitetlərində nə karbon izinin azaldılması proqramları, nə də ətraf mühitin qorunması məqsədilə geniş tədqiqat mərkəzləri mövcuddur. Məsələn, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində, Bakı Dövlət Universitetində və digər universitetlərdə ekoloji layihələr üzrə investisiyalar və resurslar məhduddur. Bu sahədə görülən tədbirlər daha çox formal xarakter daşıyır və təsirli nəticələrə səbəb olmur.

Yaxın ölkələrdəki təcrübə göstərir ki, universitetlərin ekoloji fəaliyyətlərə diqqət yetirməsi tələbələrə ətraf mühitə dair şüurlu davranışlar öyrətmək və davamlı inkişafa töhfə vermək baxımından vacibdir. Azərbaycan universitetlərinin bu istiqamətdə islahatlara ehtiyacı var və ekoloji sahədə fəal addımlar atmaqla beynəlxalq səviyyədə daha rəqabətcil mövqeyə sahib ola bilərlər".

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   COP29   Azərbaycanınuniversitetləri  





Xəbər lenti