İrəvanın narkotik dərdi: Narkoman polislər necə "təmizlənirlər"?

 İrəvanın narkotik dərdi:  Narkoman polislər necə "təmizlənirlər"?
  18 Oktyabr 2024    Oxunub:1506
Xəbər verdiyimiz kimi Ermənistanın daxili işlər naziri Vahe Kazaryan parlamentdə keçirilən dinləmələr zamanı polislər arasında narkomanların sayının artmasından gileylənib. O, bu il 40-dan çox polis əməkdaşının narkotik istifadəsinə görə işdən qovulduğunu söyləyib.
Yerli media narkotik və cinayətkarlarla mübarizə aparmalı olan bir sistemin içində narkomanların peyda olmasına görə həyəcan təbili çalır.

Ermənistanda 40-dan çox polis narkoman olduğu üçün işdən qovulub
Saytlar məsələni gündəmdə saxlayaraq real statistikanın daha fərqli ola biləcəyini yazırlar. Rehab.am klinikasının baş həkimi, psixiatr və narkoloq Aleksandr Manukyan deyib ki, 2024-cü ildə narkotikdən istifadə edən 7-8 polis əməkdaşı ona müraciət edib. Polislərdən biri qadın olub.

“Mənə müraciət edən polislər artıq daimi narkotik istifadəsi mərhələsində idilər. Onlar sağalmaq məqsədi ilə deyil, orqanizmlərini təmizləmək və sertifikatlaşdırma üçün lazım olan testdən uğurlu keçmək üçün gəlmişdilər”, - Manukyan erməni polislərin əl atdıqları variantları açıqlayarkən deyib.

Baş həkimin müşahidələrinə görə, polislər adətən marixuana qrupuna aid narkotik vasitələrindən istifadə edirlər. Marixuana və kannabisə aid maddələr isə orqanizmdə daha uzun müddət qalır. Onun sözlərinə görə, marixuanadan hətta bir dəfə istifadə edildikdə belə, onun tərkibində olan maddələr sidikdə 24-30 gün ərzində aşkarlana bilir. Ona görə də bu narkotik vasitədən iki ay əvvəl istifadə etmiş şəxsdən belə götürülən analiz müsbət nəticə verə bilir: "Klinik müdaxilə olmadan, bu cür maddələr bədəndən yalnız o zaman xaric edilir ki, həmin şəxs uzun müddət narkotikdən istifadə etmir".

Maraqlıdır ki, digər hüquq-mühafizə orqanlarının nümayəndələri mütəxəssislə əlaqə saxlamayıblar. Narkoloq bunu belə izah edib: "Yəqin ki, yalnız polis əməkdaşları narkotik istifadəsinə görə yoxlanılırlar. Ona görə də yalnız bu sistemdə çalışanlar mənə müraciət edirlər".

Mütəxəssis onu da qeyd edib ki, əgər bir insanda iradə və qətiyyət, motivasiya, psixoloqla işləmək istəyi və reabilitasiya mərkəzlərinə baş çəkmək marağı varsa, o zaman hər bir narkoman bu bəladan qurtula bilər.

Əslində Ermənistanda polis əməkdaşları arasında narkotikdən istifadə problemi yeni deyil və bu cür hallar həmişə mövcud olub.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Narkotik  





Xəbər lenti