Xınalıqda tikinti işləri niyə baha başa gəlir? – Şöbə müdiri açıqladı

   Xınalıqda tikinti işləri niyə baha başa gəlir?    – Şöbə müdiri açıqladı
  09 Oktyabr 2024    Oxunub:1536
"Xınalıqda 2021-ci ildə 16 ev, sonrakı illərdə isə 26 ev təmir olunaraq sakinlərə təhvil verilib. Bu il isə 15 ev üzrə layihələndirmə, bərpa işləri aparılıb. Proses zamanın evlərin torpaq zəmininin möhkəmləndirilməsi əsas diqqət yetirdiyimiz məqamdır".
Bu sözləri Xınalıq kəndində jurnalistlərlə söhbətində Dövlət Turizm Agentliyinin Qoruqların İdarəetmə Mərkəzinin əsaslı tikinti şöbəsinin rəisi Elşən Ağalarov deyib. O bildirib ki, işlərə maneçilik törədən yeganə məsələ hava şəraitidir: “Burada yalnız maydan oktyabr ayınadək təmir-bərpa işləri aparmaq mümkündür. Hazırda bu işlər dayandırılıb. Eləcə də dağlıq coğrafi relyef və yüklərin daşınmasındakı problemlər çətinliklər törədir".

“Xınalıq və Köç yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğunda son illərdə görülən işlərdən, icra olunan layihələrdən danışan şöbə rəisi bildirib ki, 2026-cı ilə qədər 100 evin tikintisi nəzərə tutulub. Gələn il yəqin ki, inşaat işləri üçün tender məsələləri həll olunacaq.
“Xınalığın əsas sərvəti insanlarıdır” – Kənan Quluzadə | VİDEO

Tikinti zamanı qarşılaşdıqları problemlərdən və Xınalıqdakı şəraitdən danışan Elşən Ağalarov qeyd edib ki, ərazinin unikallığından irəli gələn tikinti qaydalarını ancaq yerli sakinlər icra edə bilirlər. Ona görə də işçi qüvvəsi tam olaraq yerli sakinlərdən ibarətdir: “Əsas problemimiz daşınma ilə bağlı qiymətin artmasıdır. Bakıdan aldığımız material Bakı-Quba, Quba-Xınalıq, Xınalıq-Xınalıq marşrutu ilə gedəndə qiymətlər yüksəlir. Yüksəkliyə görə bura ağır yük maşınları gələ bilmir. Maksimum səkkiz tonluq maşın gəlir, onun da qiymətini aşağı salmaq olmur. Qarşılaşdığımız digər problem hava şəraitdir. Burada ən yaxşı halda maksimum beş ay işləmək olur. Məsələn, bu il iyunun 30-dək yağışlar tikintinin aparılmasına imkan verməyib”.

Şöbə müdirinin sözlərinə görə, 44 evin layihələndirməsi, təmir-bərpa işləri üçün 4,4 milyon manat, bərpa zamanı yaranan problemlərin həlli üçün isə əlavə 2,2 milyon manat ayrılıb. Qiyməti artıran bu problemlər əsasən söküntülərin daşınması, taxta konstruktsiyaların emalı və logistika ilə əlaqədardır.

"Layihəyə başladığımız zaman kənd sakinləri işə müsbət yanaşmırdılar. Evlərin yüksək səviyyədə təmiri həyata keçirildikcə bu inamsızlıq da aradan qalxdı",- deyə Elşən Ağalarov fikirlərini yekunlaşdırıb.

Məhəmmədəli Həsənli
AzVision.az


Teqlər: Xınalıq   Turizm  





Xəbər lenti