ABŞ prezidentilə görüşən azərbaycanlı öldü

ABŞ prezidentilə görüşən azərbaycanlı öldü
  15 İyul 2014    Oxunub:1271
Professor, texnika elmləri doktoru Nazim Babayev yaşadığı Sumqayıt şəhərindəki evində vəfat edib.
AzVision.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya onun yaxınları məlumat verib.

Qeyd edək ki, 1937-ci ildə Ordubad şəhərində anadan olmuş Nazim Babayev ABŞ-da staj keçmək üçün ərizə yazmış Azərbaycan SSR-in 360 gənc alim və elmlər namizədindən biri olub. Həmin vaxt SSRİ-dən ümumilikdə 30 nəfər seçilib. O, ABŞ-ın Prinston şəhərində Eynşteynin yaşadığı binada qalıb, Prinston Universitetində aparıcı professor vəzifəsində dərs deyib.

N.Babayev ABŞ-da çalışdığı müddətdə bu ölkənin prezident Riçard Niksonun dəvətilə Ağ Evdə olub, prezidentlə görüşüb. ABŞ ona bu ölkədə birdəfəlik yaşayıb işləməyi təklif etsə də, N.Babayev bunu qəbul etməyərək SSRİ-yə dönüb və müxtəlif elm ocaqlarında fəaliyyətini davam etdirib.

Aşağıda ABŞ-ın 37-ci prezidenti Riçard Niksonun imzası ilə Nazim Babayevin adına olan dəvətnamənin də fotosu yer alıb. N.Babayev illər sonra verdiyi müsahibədə ABŞ prezidentilə görüşü belə xatırlayırdı:

- Məni çağırdılar Vaşinqtondakı səfirliyə ki, prezidentlə görüşəcəksən. Dedim Ağ Ev hara, mən hara, prezident kim, mən kim... Nə isə, SSRİ səfirliyin maşını ilə Ağ Evə yola düşdüm. Nikson və iki senator məni foyedə qarşıladılar. Görüşdük. Prezident məni ABŞ-da dərs deməyim münasibətilə təbrik etdi. Mənə Ağ Evi gəzdirdilər, keçmiş prezidentlərin əşyalarını göstərdilər və xeyli hədiyyə verdilər. Sonradan hədiyyələrin bir qismini səfirlik aldı, dedilər ki, bu bizə lazımdır. Hətta prezidentlə birlikdə çəkdirdiyim şəklimi də alıb qaytarmadılar. Yəqin ki, həmin şəkil KQB arxivlərindədir. Ümumiyyətlə, bu görüş gizli saxlanıldı. Təsəvvür edin, SSRİ-nin professoru ABŞ prezidenti ilə görüşür, bu barədə Sovet mətbuatı nəinki yazdı, ümumiyyətlə bu görüş gizlədildi.


Teqlər:  





Xəbər lenti