Bayden jurnalistin hərəkətindən hiddətlənib

  Bayden jurnalistin hərəkətindən hiddətlənib
  14 Sentyabr 2024    Oxunub:1814
Böyük Britaniyanın baş naziri Kir Starmer ilə görüşdə ABŞ prezidenti Co Bayden jurnalsitin protokol qaydalarını pozmasından əsəbiləşib.
“Daily Mail” nəşrinin yaydığı məlumatda bildirilir ki, britaniyalı müxbirlərdən biri prezidentlərin çıxışından əvvəl sual verdiyinə görə Bayden onu Ağ Evin protokol qaydalarını pozduğuna görə danlayaraq, susmağını əmr edib.

“Sizə deyirəm, mən danışana qədər susun, yaxşı? Mən belə deyirəm. Yaxşı fikirdirmi?”, - ABŞ prezidenti jurnalisti susdurub.

Co Bayden və Kir Starmerin açılış nitqindən sonra həmin jurnalistin Rusiya prezidenti Vladimir Putinlə bağlı verdiyi sualın cavabında Amerika lideri “Putin haqqında çox düşünmədiyini” deyib.

Görüş zamanı Böyük Britaniyanın baş naziri Kir Starmer ABŞ prezidenti ilə Ukrayna strategiyasını müzakirə etməyə hazır olduğunu bildirib. Starmer qeyd edib ki, bir həftə sonra BMT Baş Assambleyasının sessiyasında bu müzakirəyə qayıtmaq fikrindədir. Bundan əvvəl isə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer keçirdiyi brifinqdə Bayden-Starmer görüşündə Ukrayna ordusunun Rusiyanın dərinliklərinə zərbələr endirməsi barədə qərarın veriləcəyini gözləmədiyini söyləyib.

Lakin Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov “İzvestiya” qəzetinə açıqlamasında ABŞ-nin, böyük ehtimalla, artıq Ukraynaya Qərb silahları ilə Rusiya ərazisinə zərbələr endirməyə icazə verildiyini deyib. Onun sözlərinə görə, bu cür addımlar Kiyevin müttəfiqlərinin münaqişədə iştirakını artırır.

Vaşinqton Kiyevin qələbəsinə şübhə edir
Yeri gəlmişkən, Böyük Britaniyanın “The Guardian” qəzeti də öz mənbələrinə istinadən yazıb ki, Vaşinqton və London Ukraynanın birbaşa Rusiya ərazisindəki hədəflərə uzaq mənzilli raketlərlə zərbə endirmək üçün Kiyevə artıq icazə veriblər. Sadəcə, bunu hələ rəsmi qaydada açıqlamırlar.

Sahil İsgəndərov
AzVision.az



Teqlər:   Putin   Bayden   hiddət  





Xəbər lenti