BBI: “Rusiyalı miyarderlər daha da varlanıblar”
2012-ci ilin mart ayından dərc olunan bu siyahı dünyanın 500 ən varlı adamının gəlirləri haqqında məlumatları ehtiva edir. Müvafiq indeks ən varlı sahibkarlara məxsus şirkətlərin səhmlərinin bazar dəyəri əsasında hesablanır.
Reytinq cədvəlindən bəlli olur ki, yanvar ayından etibarən “Sverstal”ın təsisçisi Aleksey Mordaşov 5,73 milyard dollar qazanıb və bu müddət ərzində onun sərvəti 26,6 milyarda yüksəlib. Öz növbəsində, “Avroxim” və “SUEK” şirkətlərinin həmtəsisçisi Andrey Melniçenkonun aktivləri 5,26 milyard artaraq 24,1 milyard dollara çatıb.
“Lukoyl” şirkətinin yaradıcısı Vahid Ələkbərovun kapitalı 3,59 milyard artıb ki, bu da onun varidatının 28,2 milyard dollara çatmasına səbəb olub. Eyni zamanda, yanvar ayından bəri 3,54 milyard dollar qazanan “NLMK” korporasiyasının direktorlar şurasının sədri Vladimir Lisin öz kapitalını pul ifadəsində 27,5 milyarda çatdıra bilib.
Maraqlıdır ki, Qərbin sanksiyalarının və Ukrayna ilə üzücü müharibənin təsirlərinə rəğmən, rusiyalı milyarderlərin durmadan artır. Beləliklə, 2024-cü ilin birinci yarısının yekunlarına görə, onların aktivlərinin bazar dəyəri 17,76 milyard dollar artıb. Həmin vaxt ən varlı rusların ümumi biznes kapitallaşması 351,67 milyard dollar həcmində qiymətləndirilirdi.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Rusiya milyarderlər