Fransa turbulentlik zonasına daxil olub

   Fransa    turbulentlik zonasına    daxil olub
  02 Sentyabr 2024    Oxunub:1129
Parlament seçkilərindən bir aydan çox keçməsinə baxmayaraq, Fransada hələ də nə hökumət, nə də baş nazir var. Prezident impiçmentə məruz qalır, xüsusi təyinatlılar müttəhimlər kürsüsündə oturub.
İstək çoxdur, kadr yoxdur

Mütərəqqi insanlar tərəfindən böyük rüsvayçılıq kimi qiymətləndiirlən Paris Yay Olimpiadasını Fransa həm formalaşmış hökumət, həm də baş nazir olmadan keçirdi. Olimpiya Oyunları ərzində mövcud olan çox şərti siyasi barışıq başa çatıb və yenidən seçim problemi yaranıb. Əslində, Fransada kadr çatışmazlığı və siyasi çıxılmaz vəziyyət danılmaz faka çevrilib.

Baş nazir vəzifəsini icra edən Qabriel Attal “Fəth edilməmiş Fransa” və “Milli Birlik” olmadan deputatlara prezident koalisiyasına qoşulmaq təklifi ilə məktub ünvanlayıb. Halbuki sağçılar və solçular makronçu siyasi assosiasiya ilə birlikdə ən çox səs toplayan iki qüvvədir. Beləliklə də, Qabriel Attal seçkilərin qalibləri cəlb olunmadan bir növ çoxluq koalisiyasının yaradılmasını təklif edir ki, bu da özlüyündə absurd yanaşmadır.


Aanaloji mövqedən çıxış edən “Üfüqlər” partiyasının lideri Eduard Filipp də ifrat solçular və sağçılar olmadan hamı ilə danışıqlar aparmağa çağırır. İfrat sağçılar və solçular dedikdə isə, o, “Fəth olunmamış Fransa” və “Milli Birlik” partiyalarını nəzərdə tutur ki, bunun özü də çox qəribə səslənir. Belə ki, “Milli Birlik” partiyasının lideri Marin Le Penlə mütəmadi olaraq görüşən Eduard Filipp onunla ünsiyyəti heç də utancverici saymır.

Hazırda Fransanın baş naziri vəzifəsi tamamilə qeyri-sabit bir kəmiyyətə transformasiya olunub. Hazırkı ssenaridə üç partiyanın təxminən bərabər səsə malik olması ilə bu baş nazirlərin kaleydoskopik şəkildə dəyişəcəyini proqnozlaşdırmaq mümkündür.

Bu mənada, Fransa Böyük Britaniyanın çoxdan daxil olduğu dövrə qədəm qoyur. Jan-Lyuk Melanşonun sol koalisiyadan baş nazirliyə namizəd kimi irəli sürdüyü Lüsi Kasets öz məktubunda hər kəsi yeni xalq cəbhəsinin proqramını həyata keçirməyə çağırıb:
1. pensiya islahatlarını ləğv etmək;
2. maaşları artırmaq;
3. ekologiya uğrunda mübarizə aparmaq.

Yaxşı çağırış olsa da, tamamilə parçalanmış parlament və formalaşmamış hökumət reallığı fonunda bunun kimin edəcəyi bəlli deyil.

Maraqlıdır ki, hökumətin başçısı və “Üfüqlər” partiyasının lideri roluna namizədlərdən biri olan incik Daxili İşlər naziri Jerald Darmanen istənilən işə, istənilən hökumət tapşırığına hazır olduğunu bildirib. Tarix heç vaxt özünü baş nazir kimi sırımaq naminə belə misilsiz nümunənin şahidi olmayıb.

Əslində baş nazir olmaq istəyənlər kifayət qədərdir, lakin Makronun seçəcəyi bir kəs yoxdur. İstənilən hökumətin son dərəcə qısa ömür sürəcəyini anlayan Fransa prezidenti nə sağa, nə sola, nə də öz kadrlarına etibar edə bilmir ki, son nəticədə də siyasi pauza uzanır.

Jan-Lyuk Melanşonun impiçment layihəsi

Fransanın üzləşdiyi siyasi böhran şəraitində Melanşonun başçılıq etdiyi birləşmiş sollar cəbhəsinin, Makrona qarşı impiçment təklifi şok effekti yaradıb.
Ümumiyyətlə, Fransada kifayət qədər mürəkkəb olan impiçment proseduru hər cür bürokratik çətinliklər və süründürməçiliklərlə haşiyələnib. İmpiçment elan etmək üçün təkcə Milli Assambleyada səs çoxluğunun dəstəyini qazanmaq yox, həm də bir çox bürokratik əngəllərdən keçmək lazımdır. Bu prosedurlar ölkə Konstitusiyasının 68-ci maddəsi ilə tənzimlənir.

Milli Assambleyanı, parlamentin yuxarı palatası olan Senatı ali məhkəmə formalaşdırmağa razı salmaq lazımdır. Bundan əlavə, tərtib olunan qətnamə Milli Assambleyanın və Senatın bürolarında təsdiq edilməlidir. Ali məhkəmə yaradıldıqdan sonra isə gizli səsvermə yolu ilə impiçment barədə qərar qəbul etmək üçün bir ay vaxt ayrılır. Bu təklifə deputat korpusunun ən azı 2/3 hissəsi səs verməlidir.

Ümumiyyətlə, sol koalisiya ən azı aşağı palatada nəzərəçarpacaq dərəcədə çox səs toplasa idi impiçment layihəsi reallaşa bilərdi. Amma 750 deputatdan 183-ü ilə uzağa getmək çox müşkül məsələdir. Buna baxmayaraq, siyasi nöqteyi-nəzərdən Melanşon öz davranış xəttini bir növ düzgün seçib.


Amma burada böyük risk də var. Belə ki, Melanşonun nüfuzu onsuz da birmənalı deyil və uğursuz impiçment cəhdi onun düşmənlərinin əlində gülüş və trolling üçün əlavə vasitə olacaq. Amma onun solçu tərəfdarları bunu Melenşonun aktivində müsbət xal kimi kimi qələmə verəcəklər: “baş nazirliyə öz namizədini irəli sürə bilməsə də, əl-qolunu sallayıb oturmaqdansa, heç olmasa impiçment oyununa getmək yaxşıdır”.

Jandarmlar müttəhim kürsüsündə
Siyasətçilərin baş nazir postu uğrunda apardıqları mübarizə fonunda, 2018-ci ildə etirazçıları və sarı jiletliləri zorakılığa məruz qoyan doqquz polis məmuruna və çevik polis zabitinə qarşı avqustun əvvəlində Parisdə məhkəməsi başlayıb.
100 minlərlə sarı jiletlinin Fransanı sarsıdan nümayişləri zamanı onlarla etirazçı öldürülüb, çoxlu fransız yaralanıb və əlil olub. 27 dəyənək zərbəsi alan ittihamçılardan birinin vəkili bildirib ki, bu məhkəmə Makronun prezidentliyi dövründə ilk proses olacaq. Bunun ardınca isə polisin səlahiyyətlərindən sui-istifadə etməsi ilə bağlı digər araşdırmalar gündəmi zəbt edəcək.


Bu baxımdan, vəziyyət, ümumiyyətlə, çox acınacaqlı olduğu qədər də hiddətləndiricidir. Çünki iğtişaşlar zamanı on minlərlə polis məmuru hədsiz dərəcədə amansızlıq nümayiş etdirib. Onlar insanları döyüb, səlahiyyətlərini aşıb, həbslər və saxlamalar həyata keçirib, polis bölmələrində zorakılıqla məşğul olublar.

Amma müttəhimlər kürsüsündə cəmi doqquz jandarm əyləşib ki, bu da Fransa Femidasını ifşa edir. Yalnız bir neçə sarı jiletli onların xəsarətlərinin asayiş keşikçiləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadəsi nəticəsində baş verdiyini sübut edə bilib: oyulmuş gözlər, sındırılmış qollar, qabırğalar. Bütün polis jandarmeriyasından isə yalnız 9 nəfər bu cinayətlərə görə məsul sayılıb.
Çünki Fransa siyasi sisteminin özəllikləri ondan ibarətdir ki, əgər iqtidar sizin tərəfinizdə deyilsə, dövlətin adından hərəkət etmirsinizsə, ancaq bu dövləti məhkəməyə verməyə çalışırsınızsa, cinayəti sübut etmək son dərəcə çətindir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Fransa   böhran   turbulentlik  





Xəbər lenti