MSM: “Ruslar 15 günə Pokrovska çata bilər”

   MSM: “Ruslar    15 günə    Pokrovska çata bilər”
  01 Sentyabr 2024    Oxunub:1299
Ukrayna Kurska hücum etmək üçün elitar bölmələrini Donbassdan çıxardıqdan sonra Rusiya qüvvələri Pokrovska doğru irəliləyişini əhəmiyyətli dərəcədə sürətləndirib.
AzVision.az xəbər verir ki, məşhur “The Telegraf” qəzetində dərc olunan materialda bu ilin fevral ayında strateji əhəmiyyətli Avdeyevka şəhərini ələ keçirdikdən sonra Rusiya qoşunlarının yavaş-yavaş Pokrovska doğru irəlilədiyi bildirilir. Lakin Ukrayna Kursk bölgəsinə hərbi müdaxilə üçün Donbassdan elitar hərbi bölmələrini çıxardıqdan sonra bu irəliləmə sürətlənib.

“Mən heç vaxt rusların belə sürətli hücumunu görməmişdim. Çox sürətlidir. Amma bizim problemimiz elə əvvəlki kimi qalır: piyada qoşunlarımız, kifayət qədər artilleriyamız və mərmilərimiz yoxdur. Bizim kifayət qədər dronlarımız yoxdur.

Düşmən güclü radio-elektron mübarizə (REM) imkanlarını işə salıb, ona görə də bəzən bir tankı məhv etmək üçün 10, 12, 15 pilotsuz uçan aparatı işə salmalı oluruq. Vəziyyət çox ağırdır və xeyrimizə deyil. İndi bizim üçün ən vacib məsələ rus əsgərlərinin çoxluğudur. Onların sayı bizdən, məncə, ən azı beş dəfə çoxdur”,
- Ukraynanın bu rayonda döyüşən aviasiya kəşfiyyatı bölməsinin komandiri qəzetə müsahibəsində deyib.

Son üç həftə ərzində ruslar Pokrovska doğru ən azı təxminən 8 km irəliləyərək piyada qoşunlarını qoruyan dəmir yolu boyu hərəkət ediblər və cümə günü Novoqrodovka şəhərini ələ keçiriblər. Ukraynanın “Müdafiə Strategiyaları Mərkəzi”nin (MSM) qiymətləndirməsinə görə, ruslar sentyabrın ortalarına qədər Pokrovska çata bilərlər.

Qeyd edək ki, Pokrovsk şəhəri Donetsk vilayətinin digər hissələrində cəbhəni nəzarətdə saxlayan Ukrayna qarnizonunu dəstəkləyən avtomobil və dəmir yollarını birləşdirən strateji mərkəzdir. Pokrovsk və Kostantinovka arasındakı birbaşa yol artıq istifadə üçün çox təhlükəlidir. Yaxın günlərdə və ya həftələrdə onun bağlanacağı ehtimal olunur.

Pokrovskın çökməsi Toretsk, Çasov Yar və Slavyansk, Kramatorsk və Kostyantinovkanın “qala” aqlomerasiyasında Ukrayna qoşunlarının maddi-texniki təminatını ciddi şəkildə çətinləşdirəcək.

Cinahlarda da öz irəliləyişini genişləndirən Rusiya Pokrovskdan cənub-şərqdə yerləşən Selidov şəhərinin mərkəzində sərt döyüşlər aparır.

- Şəhərin şərqində, Ukraynanın sol cinahında rus qoşunları Krasnıy Yar və Qrodivkaya daxil oldular. Bu addımlar Ukrayna cəbhəsinin şimalda Toretsk yaxınlığında, cənubda isə Kuraxov yaxınlığında böyük hissələrinin mühasirəyə alınması təhdidini yaradır. Başqa sözlə, ruslar Donetsk bölgəsinin böyük hissələrini ələ keçirməyə hazırdırlar. Onların bəyan etdiyi müharibə məqsədlərindən biri Ukraynanın qalan mövqelərini təhlükə altına qoyaraq, Dneprə hücum təhlükəsi yaratmaqdır”, - “The Telegraf” nəşrində dərc edilən materialda vurğulanır.

Avropa Xarici Əlaqələr Şurasının (ECFR) almaniyalı hərbi eksperti Qustav Qressel rusların Pokrovsk şəhərini və onun infrastrukturunu yer üzündən siləcəyinə şübhə etmir. Onun fikrincə, mümkün olan ən pis ssenari Rusiya tərəfindən Ukraynanın Donetsk vilayətinin tamamilə işğalı ola bilər.

Maraqlıdır ki, Kiyevin üzləşdiyi ağır vəziyyətə rəğmən, Ordu Araşdırmaları Mərkəzinin direktoru Mixail Samus Ukrayna Silahlı Qüvvələrini hətta Pokrovskun həndəvərinə çatacaq rusların yerüstü dəhlizlərini istənilən halda bağlaya biləcəyinə əmindir.

Sahil İsgəndərov
AzVision.az




Teqlər: Rusiya   Ukrayna   Pokrovsk  





Xəbər lenti