Ukrayna F-16 təyyarəsini necə itirib?
Qəzanın ilkin təqiqatından məlumatlı olan qərbdəki məmurlardan birinə istinad edən “The New York Times” (NYT) qəzeti yazır ki, F-16 qırıcısı ukraynalılar tərəfindən “Patriot” zenit-raket kompleksi (ZRK) ilə də vurula bilər.
Maraqlıdır ki, dünən Ali Radanın deputatı Maryana Bezuqlaya da F-16 təyyarəsinin “bölmələr arasında koordinasiya olmaması səbəbindən” səhvən hava hücumundan müdafiə (HHM) sistemi tərəfindən vurula biləcəyini qeyd etmişdi.
“Ukraynaya təhvil verilən təyyarələrdən birini onları aldıqdan dərhal sonra itirməsi Kiyevin NATO-dakı müttəfiqlərini mürəkkəb Qərb silahlarının öhdəsindən gələ biləcəyinə inandırmaq səylərinə böyük zərbədir”, - NYT yazır.
Eyni zamanda, qəzada həlak olan təcrübəli pilot Aleksey Mesin bu qırıcıları idarə etmək üçün sürətləndirilmiş təlim keçməsi də Vaşinqtonun imicinə ciddi zərbə kimi qiymətləndirilə bilər.
Qəzanın səbəbləri ilə bağlı Kiyevlə Vaşinqtonun apardığı birgə istintaqın nəticələrini gözləməyən Ukrayna prezidenti Volodimir Zelenski ölkənin Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general Nikolay Oleşuku vəzifəsindən azad edib.
- Mən Ukrayna Silahlı Qüvvələrinin HHQ-nin komandanını əvəz etmək qərarına gəldim. Bütün hərbi pilotlarımıza, mühəndislərimizə, mobil atəş dəstələrinin əsgərlərinə, HHM ekipajlarına sonsuz minnətdarlığımı bildirirəm. Həqiqətən də nəticə üçün Ukrayna uğrunda döyüşən hər kəsə minnətdaram. Bu, habelə komanda səviyyəsində də lazımdır - biz güclənməliyik və insanları qorumalıyıq. Şəxsi heyəti, bütün döyüşçülərimizi qorumaq lazımdır”, - Volodimir Zelenski Ukrayna xalqına video-müraciətində deyib.
Maraqlıdrı ki, Zelenskinin bu açıqlaması Ukraynanın Müdafiə naziri Rustem Umerovun Pentaqonun rəhbəri Lloyd Ostinlə Vaşinqtonda görüşündən bir qədər sonra verilib. Rusiyanın müdaxiləsinə qarşı Ukraynanın müdafiə səylərini yüksək qiymətləndirən Ostin ABŞ-nin öz dəstəyini “əsirgəməyəcəyinə” söz verib.
Qeyd edək ki, avqustun 26-da Rusiyanın güclü raket hücumu zamanı Ukraynanın HHQ Qərbdəki müttəfiqlərdən aldığı F-16 qırıcılarından birini itirib.
Bəzi ekspertlər təyyarənin Rusiyanın raket zərbəsi nəticəsində Starokonstantinovada yerləşən hərbi aerodromda məhv edildiyini bildirirlər. Lakin ukraynalı mənbələr BBC telekorparasiyasına verdikləri açıqlamada təyyarənin rusların raket zərbəsindən və ya pilotun səhvindən itirildiyi ehtimalını istisna edirlər. Belədə, yeganə variant kimi F-16-nın Ukraynaya verilən “Patriot” ZRK-sı ilə səhvən vurulması variantı qalır.
İstənilən versiyanın təsdiqlənəcəyi təqdirdə, kollektiv Qərbin imici ciddi zərbə alacaq. Belə ki, əvvəla, pilotun səhvi təsdiqlənərsə, F-16-ların idarəsi üçün sürətli proqram əsasında ukraynalı mütəxəssislərin hazırlana biləcəyi barədə iddiaların, əsassız olduğu aydınlaşacaq.
İkincisi, əgər təyyarənin “Patriot” ZRK-sı vasitəsilə ukraynalıların özü tərəfindən səhvən vurulması sübut edilərsə, onda Ukrayna Silahlı Qüvvələrinə Qərbin aparıcı hərbi texnikasının etibar olunması siyasətindəki boşluqlar üzə çıxacaq.
Üçüncüsü, təyyarə həqiqətən də rusların raket hücumunun qurbanı olubsa, deməli, Kiyevin böyük səbirsizliklə gözlədiyi, Qərbin isə pafosla Ukraynaya verdiyi F-16 qırıcılarının artıq Rusiyanın Hərbi Hava Qüvvələrinin (HHQ) hədəfinə çevrildiyi sübuta yetəcək.
Bu versiyalardan irəli gələn sərt imic zərbələri ilə yanaşı birbaşa maliyyə itkiləri də az deyil.
1) Bir ədəd F-16 təyyarəsinin maya dəyəri 34 milyon ABŞ dollarıdır
2) F-16 təyyarəsi üçün bir pilotun hazırlanması təxminən 5,6 milyon ABŞ dollarına başa gəlir
3) “Patriot MM-104” raketinin bir ədədi təqribən 4 milyon ABŞ dollarıdır.
Sahil İsgəndərov
AzVision.az