Türk ordusunun qəhrəmanlıq dastanı: 30 avqust

   Türk ordusunun qəhrəmanlıq dastanı:    30 avqust
  30 Avqust 2024    Oxunub:1229
Türkiyə Cümhuriyyətinin şanlı hərb tarixinin çox önəmli səhifələrindən biri də 30 avqust zəfər bayramıdır.
26 avqust 1922-ci ildə Dumlupınarda Mustafa Kamal Atatürkün başkomandirliyi ilə başlayan müharibə 30 avqustda zəfərlə nəticələnir. Böyük Qələbəni xatırlatmaq üçün Türkiyə və Şimali Kipr Türk Respublikasında hər il 30 avqust milli bayram günü kimi qeyd olunur.

Bu bayram Türkiyə tarixində Birinci Dünya Müharibəsindən məğlub çıxan Osmanlı dövlətinin işğalçı ölkələr arasında parçalanması planlarının qarşısının alınması ilə əlamətdardır. O zaman böyük sərkərdə və dövlət xadimi Mustafa Kamal Atatürkün başçılıq etdiyi vətənpərvər qüvvələr iflasa uğramış xanədanlığın xarabalıqları altından bugünkü Türkiyə Cümhuriyyətini dirçəltmək üçün böyük mücadilə və qurbanlar verdilər.

Zəfər bayramı ilk dəfə 1923-cü il avqustun 30-da Ankara, Afyon Karahisar və İzmirdə böyük təntənə qeyd edilib. İlk dəfə 1924-cü il avqustun 30-da Dumlupınarda Çal kəndi yaxınlığında Türkiyə Cümhuriyyətinin ilk Prezidenti Mustafa Kamal Paşanın da qatıldığı bir törəndə qələbə "Baş Komandan zəfəri" adı ilə bayram edildi. 1926-cı ildən Qələbə Günü olaraq qeyd olunur.

30 avqust Türkiyədə rəsmi tətildir. Həm də hər il bu gün Quru Qoşunları Hərbi Məktəbində məzun buraxılışı olur. Zabit rütbələri də məhz bu gün verilir.

Həmidə İbrahimova
AzVision.az


Teqlər: Türkiyə   Zəfərbayramı   30avqust  





Xəbər lenti