Azərbaycan 22 xarici QHT-yə qrant verəcək
Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov qurumun 2014-cü ilin II rübü ərzindəki fəaliyyətinə dair hesabatın Şura üzvlərinə təqdim edildiyini bildirərək sənədin ayrı-ayrı fəsilləri haqqında ətraflı məlumat verib. F.Qurbanov Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyasında əksini tapan bütün sahələr üzrə Şuranın 2014-cü ilin II rübü ərzində gördüyü işlər haqqında danışıb.
Keçən dövr ərzində Şuranın aylıq “Vətəndaş cəmiyyəti” jurnalının 3 nömrəsi nəşr olunmuşdur ki, burda ümumilikdə 160-dan çox QHT-nin fəaliyyəti, həyata keçirdiyi layihə və proqramlar haqqında xəbər və müsahibələr verilmiş, ictimai sektorla bağlı çoxsaylı mövzular işıqlandırılmışdır. QHT-lərə operativ informasiya dəstəyi verən www.qhtxeber.az saytı da rüb ərzində fəaliyyətini uğurla davam etdirmişdir. Rüb ərzində Şuranın fəaliyyəti və keçirdiyi ayrı-ayrı tədbirlər haqqında mətbuata 32 press-reliz göndərilmişdir.
Eyni zamanda ölkə ictimaiyyəti və beynəlxalq təşkilatlar üçün nəzərdə tutulan Şuranın struktur bölmələri, xidmətləri, beynəlxalq əməkdaşlığı, qrant müsabiqələri, hesabatlıq və digər məsələlər haqqında məlumat nəşrləri bu günlərdə nəfis şəkildə çap olunmuşdur. 1 noyabr 2013-cü il tarixdən Xəzər televiziyasında efirə gedən “Cəmiyyət” verlişinin 2014-cü ilin 2-ci rübündə 9 buraxılışı yayımlanmışdır.
Ötən rüb ərzində QHT-lərin hesabatlılığının asanlaşdırılması sahəsində bir sıra dəyişikliklər həyata keçirilmiş, müvafiq sənədin elektron qaydada qəbuluna keçilmiş, ortaya çıxan problemlərin həlli üçün “Maliyyə hesabatının təqdim edilməsi üzrə metodiki göstəriş” hazırlanaraq təşkilatların ixtiyarına verilmişdir.
17 iyun 2014-cü ildə Şuranın təşkilatçılığı ilə QHT-lərin fəaliyyətinin qanunvericiliyə və beynəlxalq standartlara uyğun şəkildə qurulması, onların idarəçilik qabiliyyətinin artırılması məqsədi ilə Şamaxı şəhərində “QHT-lərin müsbət təcrübəsinin təbliği” mövzusunda konfrans keçirilib.
Şuranın 26 may 2014-cü il tarixli iclasında cari ilin II qrant müsabiqəsinə yekun vurularaq 3 mövzu üzrə (2014-cü il bələdiyyə seçkiləri ilə bağlı seçicilərin maarifləndirilməsi və seçkilərin monitorinqi, mənəvi və əxlaqi dəyərlərin təbliği, ictimai və sosial sahədə innovativ təşəbbüslərin dəstəklənməsi) elektron bazaya daxil olmuş 215 layihədən 127-sinin maliyələşdirilməsi ilə bağlı qərar qəbul olunmuşdur.
25 iyun 2014-cü ildə Şuranın “Hüquq və monitorinq” komissiyasının Ədliyyə Nazirliyinin, Mərkəzi Bankın, ABŞ, Böyük Britaniya, Avropa Birliyi səfirliklərinin, ATƏT-in Bakı Layihə əlaqələndiricisi, Açıq Cəmiyyət İnstitutu-Yardım Fondu, Fridrix Nauman və Konard Adenauer Fondlarının, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin nümayəndələrinin iştirakı ilə genişləndirilmiş iclası keçirilib. Toplantıda QHT qanunvericiliyinə edilən son dəyişiklilərin tətbiqi ilə bağlı komissiyanın gördüyü işlər haqqında məlumat verilmiş, toplanmış informasiyalar təhlil edilmiş və təkliflər paketi hazırlanmışdır.
Rüb ərzində Şuranın 3 iclası keçrilmiş və bir sıra mühüm qərarlar qəbul edilmişdir. 5 may 2014-cü ildə Şuranın sifarişi ilə hazırlanmiş “Şuşaya Azadlıq - 22 dildə” videoçarxının təqdimat mərasimi keçirilib. Toplantıda çıxış edənlər Şuşayla bağlı saysız maddi və mənəvi irs nümunələrinə sahib olmağımızın ermənilərin işğalçılıq siyasətinin ifşasını xeyli asanlaşdırdığını və bu sahədə vətəndaş cəmiyyətinin üzərinə düşən işi ardıcıl şəkilə həyata keçirməli olduğunu vurğulayıblar. Eyni zamanda 9 may 2014-cü ildə Berlində Şura sədrinin iştirakı ilə bu videoçarxın təqdimatı olub.
22 aprel 2014-cü ildə Şuranın və BMT-nin ölkəmizdəki daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə Park Inn hotelində Beynəlxalq Avrasiya Mətbuat Fonduna BMT-nin İqtisadi və Sosial Şurasının yüksək məşvərətçi statusunun verilməsinə həsr edilmiş təqdimat keçirilərək Azərbaycan QHT-sinin yüksək statusa layiq görülməsinin böyük nailiyyət olduğu vurğulanmışdır.
Ötən illərdə olduğu kimi, 2014-cü ilin 2-ci rübündə də Şura beynəlxalq təşkilatlarla əməkdaşlığa böyük önəm vermiş, müxtəlif beynəlxalq təşkilatların rəhbərləri ilə mühüm görüşlər keçirilmişdir. Şura sədrinin başçılıq etdiyi nümayəndə heyəti ötən rüb ərzində Macarıstan, Danimarka, Litva, Almaniya, Türkiyə və Çexiyada səfərlərdə olmuş, müvafiq dövlətlərin deputatları, QHT təmsilçiləri, diplomatik korpus nümayəndələri və digər yerli ictimaiyyət nümayəndələri ilə görüşlər keçirərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ölkəmizin mövcud inkişaf səviyyəsi, vətəndaş cəmiyyətinin inkişafı istiqamətində həyata keçirilən dövlət siyasəti və multikultralizm ənənləri haqqında geniş məlumat vermişdir.
Şuranın xarici QHT-lər üçün qrant proqramı çərçivəsində dəstəklədiyi layihələr çərçivəsində ötən rüb ərzində Azərbaycanın milli mənafelərinin müdafiəsi istiqamətində mühüm beynəlxalq konfrans və tədbirlər də keçirilib. Belə ki, 4 aprel 2014-cü ildə Macarıstanın paytaxtı Budapeştdə “İnsan hüquqlarının vəziyyəti və vətəndaş cəmiyyətlərinin əməkdaşlıq imkanları”, 11 aprel 2014-cü ildə Litvanın paytaxtı Vilnüsdə “Həll edilməmiş münaqişələrinin siyasi təsirləri və həlli perespektivləri ”, 3 iyun 2014-cü ildə Şimali Avropanın ən qədim ali məktəbi olan Vilnüs Universtetində “Dağlıq Qarabağ probleminə geosiyasi perespektivlər prizmasından baxış”, 12 iyun 2014-cü ildə Britaniyanın Vindzor şəhərində "Qafqaz: Xarici və daxili qüvvələrin rolu", 9 iyun 2014-cü ildə Çexiyanın paytaxtı Praqada “Azərbaycanın təhlükəsizlik siyasəti: regional təhlükəsizliyin və sülhün təminatçısı kimi” mövzularında beynəlxalq ekspertlərin, diplomatik korpus nümayəndələrinin, parlamentarilərin iştirakı ilə konfranslar təşkil edilib.
Şuranın II qrant müsabiqəsi çərçivəsində 5 mövzu üzrə 15 dövlətdən 42 layihə təklifi qəbul edilmiş, onlardan 22-si haqqında ekspertlər müsbət rəy vermişdir.
Hesabat ətrafında çıxış edən Şura üzvləri 2014-cü ilin II rübü ərzində görülən işləri qənaətbəxş hesab etdiklərini bildirərək, təklif və rəylərini səsləndiriblər. Şura üzvləri həmçinin 22 xarici ölkə QHT-nin layihəsinin dəstəklənməsi ilə də bağlı qərar qəbul ediblər.
Teqlər: