Türkiyə Ukraynanı əvəz edə bilər
“Alternativ yollar var. Türkiyədə hab yaratmaq planları var. Hazırda iş gedir, lakin Ukraynanın bu cür qərarları əvvəlkitək daha ucuz olan Rusiya qazını almaq istəyən avropalı istehlakçıların maraqlarına xələl gətirəcək”, - Peskov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, nəticədə belə ölkələr mavi yanacaq üçün daha çox pul ödəməyə məcbur olacaqlar və bu, onların sənayesinin rəqabət qabiliyyətini aşağı salacaq.
Qeyd edək ki, dünən Ukrayna prezidenti Volodimir Zelenski Rusiya qazının tranziti üçün “Qazprom”la 2024-cü ilin sonunda başa çatacaq müqaviləni Kiyevin yeniləməyəcəyini bildirib. Eyni zamanda o, bundan sonra Rusiya qazının Ukrayna ərazisindən tranziti müstəvisində Avropa İttifaqı (Aİ) ilə birgə qərar qəbul etməyə hazır olduğunu açıqlayıb.
Hələ bu ilin mart ayında Ukraynanın energetika naziri German Qaluşenko Kiyevin Rusiyanın “Qazprom” inhisarçı şirkəti ilə müqaviləni yeniləməyəcəyini bəyan etmişdi. Brüssel də qışda razılaşmanın uzadılmasında maraqlı olmadığını bildirmişdi. Lakin sonrakı aylarda bəzi Aİ ölkələrinin hələ də Kiyevlə bu mövzuda danışıqlar apardığı, Rusiya qazının Avropaya idxalının artdığı xəbəri yayıldı.
Maraqlıdır ki, iyulun 3-də Rusiya qazının Ukrayna ərazisindən keçməklə Aİ ölkələrinə tranzitinin gələcəyinin Kiyevin istəyindən asılı olduğunu deyən Rusiya baş nazirinin müavini Aleksandr Novak Moskvanın müqavilə başa çatdıqdan sonra da tədarükləri davam etdirməyə hazır olduğunu açıqlamışdı.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Rusiya Ukrayna Türkiyə