Kann şəhərinin məşhur Kruazet bulvarında təşkil olunan yürüşə hazırlıq səhər saatlarında iştirakçıların siyahıya alınması və onlara üzərində “Bakı-2015 – ilk Avropa Oyunları” sözləri yazılmış idman formalarının paylanması ilə başlanıb. Onlarla şəhər sakininin, turistlərin qatıldığı yürüşdə iştirak etmək üçün təxminən 100-dən çox şəxs qeydiyyatdan keçib.
Mərasimdə çıxış edən Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarının ölkəmizdən kənarda baş tutan ilk təqdimatının uğurlu olduğunu diqqətə çatdırıb. Nazir bildirmişdir ki, hazırda Oyunlara ciddi hazırlıq gedir və Azərbaycan bu beynəlxalq idman tədbirini yüksək səviyyədə keçirmək əzmindədir.
Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın da iştirak etdiyi və Kruazet bulvarı boyunca davam edən yürüşə start verilib.
Finiş xəttinə birinci olaraq Kannın gənc sakini Maksons Vadelin çatıb. Yürüşü ikinci başa vuran isə Fransada təhsil alan həmyerlimiz F.Abuzərli olub.
Daha sonra qaliblərin mükafatlandırma mərasimi keçirilib. Yürüşün qaliblərinə fəxri fərman və gələn il keçiriləcək ilk Avropa Oyunlarına baxmaq üçün Bakıya səfər biletləri təqdim olunub. Birinci yeri tutan Maksons Vadelinə mükafatı Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva təqdim edib.
Sonda Heydər Əliyev Fondunun hədiyyəsi olan elektromobilin sahibinin lotereya əsasında yürüş iştirakçıları arasından müəyyən olunması ilə bağlı oyun keçirilib. Kann sakini xanım Martin Mağmadanın bəxti üzünə gülüb.