Durovun həbsi “Telegram”ın reytinqini artırıb

   Durovun həbsi “Telegram”ın reytinqini artırıb
  27 Avqust 2024    Oxunub:822
“Telegram” messencerinin populyarlığı onun təsisçisi Pavel Durovun Fransada saxlanılmasından sonra artıb. Dünya üzrə iOS cihazlarında “Telegram”dan yükləmələrin sayı gündə 4 faiz çoxalıb.
AzVision.az “TechCrunch” nəşrinin yaydığı məlumata istinadən xəbər verir ki, avqustun 26-da Fransada Durovun messenceri sosial şəbəkələr kateqoriyasında “App Store”-da yükləmələr üzrə birinci yeri tutaraq, tətbiqlərin ümumi reytinqində üçüncü olub. Amerikanın “Apple” qadjetləri üçün tətbiqetmələr onlayn mağazasında “Telegram” avqustun 26-da sosial şəbəkə kateqoriyasında bir dəfə ikinci olub, lakin sonra üçüncü yerə düşüb.

“Appfigures” analitik xidmətinin məlumatına görə, “AppStore”-nin ən yaxşı proqramlarının (buraya oyunlar daxil deyil) reytinqində “Telegram” messenceri ABŞ-da populyarlığına görə 18-ci yerdən səkkizinci yerə yüksəlib.

Durovun həbsi Rusiyaya ciddi zərbədir
Bu arada Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Pavel Durovun həbsində Vaşinqtonun əli ola bilməsi ehtimalını irəli sürüb.

“Telegram messenceri ABŞ-nin heç bir təsiri olmayan internet platformalarından biridir. Buna görə də, düşünürəm ki, messencerin yaradıcısı Pavel Durovun Fransada həbsində ABŞ hakimiyyətinin əli var. ABŞ-nin Dövlət departamenti və Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) “Telegram”ı əvvəlcədən moderasiya aparmağa və “onlara məlumat verməyə” məcbur edə bilməz. Seçkilər ərəfəsində ABŞ prezidenti Co Bayden üçün “Telegram”a nəzarəti ələ keçirməsi vacibdir. “Telegram”ın fəal şəkildə fəaliyyət göstərdiyi və inkişaf etdiyi dövlətlər baş verənlərin mahiyyətini anlamalı və özləri qərar çıxarmalıdırlar: onlar Vaşinqtonun bu platformaya da nəzarət etməsini, yoxsa onun işinin ABŞ-nin siyasi maraqları naminə tənzimlənməməsini istəyirlər”, - rusiyalı siyasətçi öz “Telegram” səhifəsində yazıb.

Xatırladaq ki, “Telegram”ın təsisçisi Pavel Durov avqustun 24-də axşam Parisin “Le Burje” hava limanında saxlanılıb. İlkin məlumatlara görə, o, qanunsuz əməliyyatların aparılması üçün onlayn platformanın idarə edilməsində şəriklik, yetkinlik yaşına çatmayanlarla pornoqrafik məzmunun saxlanması, narkotik vasitələrin yayılması, hakerlik, dələduzluq və hüquq-mühafizə orqanları ilə məlumat paylaşmaqdan imtina da daxil olmaqla, 12 maddə üzrə cinayətlər törətməkdə şübhəli bilinir. Durovun həbs müddəti avqustun 28-ə qədər uzadılıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Durov   həbs   məşhurluq  





Xəbər lenti