Durovun həbsi Rusiyaya ciddi zərbədir

   Durovun həbsi Rusiyaya    ciddi zərbədir
  26 Avqust 2024    Oxunub:1339
“Telegram” messencerinin yaradıcısı Pavel Durovun Fransada saxlanılması Rusiyanın Ukraynada apardığı müharibəyə təsir edə bilər. Çünki cəbhədə əsas ünsiyyət vasitəsi olan “Telegram”dan təkcə gündəlik yazışmalar üçün yox, həm də kəşfiyyat məlumatlarının ötürülməsində və artilleriya tənzimləmələrində istifadə edilir.
Rusiyalı hərbi müxbirlər və analitiklər Pavel Durovun Fransa hakimiyyət orqanlarına messencerin şifrələmə açarlarına giriş imkanı verəcəyi halda, həssas məlumatların onlar üçün əlçatan olacağından ehtiyatlanırlar.

“Əgər bir məqam olmasa idi, Durovun saxlanması özlüyündə bəlkə də Rusiyada rezonans doğurmazdı. Əslində bu indiki müharibənin əsas messenceridir. Bu, qapalı hərbi kommunikasiyalara alternativdir. İndi Rusiya ordusu üçün hərbi messencerin yaradılması məsələsi həyati əhəmiyyət kəsb edir. Çünki “Telegram”ın nə qədər qalacağını və belə bir messencerin ümumiyyətlə qalıb-qalmayacağını indi proqnozlaşdırmaq çətindir”, - Moskva Şəhər Dumasının vitse-spikeri Andrey Medvedev deyib.

Hərbi müxbirlər “Telegram”ın cəbhədə mühüm rabitə vasitəsi olduğunu təsdiqləyirlər. Rusiya Dövlət Tele-Radio şirkətinin hərbi müxbiri Aleksandr Sladkov cəbhədə rabitənin yarısının bu messencer üzərində qurulduğunu iddia edir.


Qoşunların komandanlığının və nəzarətinin bu gün “Telegram”la sıx bağlı olduğunu “Ərazilərin İnkişafı və Turizm Mərkəzi” qeyri-kommersiya təşkilatının rəhbəri və direktoru, 3-cü dərəcəli həqiqi dövlət müşaviri Aleksey Roqozin də təsdiqləyir. Çünki nə qədər inanılmaz səslənsə də, kəşfiyyat məlumatlarının ötürülməsi, artilleriya tənzimləmələri, helikopterlərdən video axınların yayımlanması və daha çox məsələlər bu gün əslində daha çox “Telegram” vasitəsilə həyata keçirilir.

Digər hərbi müxbir Aleksandr Kots Durovun Parisdə saxlanmasının messencerin adi istifadəçiləri üçün heç nəyi dəyişməyəcəyini, lakin bunun döyüş zonasında hərbi qulluqçular arasında məlumat mübadiləsi üçün artıq təhlükəsiz alət olmayacağını bidlirb.

- Durov “Telegram”ın şifrələmə açarlarını verən kimi, bu isə zaman məsələsidir, normal ünsiyyətin itirilməsi nəticəsində ordumuzun mövqeləri daha da həssas olacaq”, - sosial texnoloq və analitik Roman Alyoxin də öz həmkarlarının naratlığına şərik çıxıb.

“Telegram”ın təsisçisinin həbsi fonunda bəzi Rusiya rəsmilərinə və hüquq-mühafizə orqanlarının əməkdaşlarına messencerdəki rəsmi yazışmaları silmək tapşırılıb. Eyni göstərişin bəzi iri sahibkarlara da verildiyi iddia edilir. Bəzi məmurlar isə hələ ki, messencerdəki yazışmaların silinməsi tələbi olunmadığını, lakin öz rəhbərlərindən belə bir əmr gözlədiklərini bildiriblər.

Təsadüfi deyil ki, Durovun Fransada saxlanılmasından sonra Rusiya prezidenti Vladimir Putin “Telegram” messencerinin tam rus analoqunun yaradılması barədə göstəriş verib. Rusiya mediasında yayımlanan məlumata görə, bütün məmurlar, hərbçilər, kəşfiyyatçılar yeni messencerə keçməli olacaqlar.

“Biz tez bir zamanda hər şeyi inkişaf etdirməliyik və hər hansı problem olarsa, onları işin gedişatı prosesində həll edəcəyik. Rabitə ilə bağlı məsələ yaxın vaxtlarda kritik ola bilər”, - Kremldəki həmsöhbətlərdən biri vurğulayıb.

Vəkil Yekaterina Semenets etiraf edib ki, Durovun saxlanması messencer istifadəçilərinin məlumatlarının sızmasına səbəb ola bilər. Çünki sahibkar məhkəmədə təqsirsizliyini sübut etməli olacaq ki, bu da “Telegram” istifadəçilərinin şəxsi məlumatlarının açıqlanması təhlükəsini yaradır.

Durovun həbsinə baxmayaraq, ekspertlər messencerin onsuz da işləməyə davam edəcəyinə inanırlar. “Telecom Daily” analitik informasiya mərkəzinin baş direktoru Denis Kuskov bildirib ki, Durov Fransa hakimiyyətinə terror kanallarına qarşı mübarizə aparmağı və onlara nəzarət etməyi vəd etsə, o zaman tərəflər “ortaq dil tapa biləcəklər” və problem “Telegram” bağlanmadan da həllini tapa bilər.


Teleqramın yaradıcısı Fransada saxlanıldı
Qeyd edək ki, avqustun 24-də Parisin “Le Burje” hava limanında öz şəxsi təyyarəsində cangüdəni və sevgilisi ilə eniş etdikdən sonra saxlanılan və tezliklə məhkəmə qarşısına çıxacaq milyarder Pavel Durovu 20 ilə qədər həbs cəzası gözləyir.

Fransanın hakimiyyət orqanlarının fikrincə, “Telegram”ın təsisçisi öz messenceri vasitəsilə həyata keçirilən qanunsuz hərəkətlərə şərikdir. O, terrorizm, narkotik alveri, fırıldaqçılıq və pedofil məzmunu yaymaqda ittiham oluna bilər. Durovun problemlərlə bağlı polislə əməkdaşlıqdan imtina etdiyi açıqlanıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Durov   Rusiya   zərbə  





Xəbər lenti