Borrel Türkiyənin Afrikada artan nüfuzundan narahatdır
“Mən Brüsselə gələndə Liviyada Fransa və İtaliya hərbçiləri iştirak edirdilər. Onlar həmişə razılaşdırılmış qaydada çıxış etmirdilər, həmişə birlikdə işləmirdilər, lakin fikir ayrılıqlarına baxmayaraq, orada birlikdə idilər. Bu gün Liviyada avropalı yoxdur, sadəcə türklər və bir neçə rus var. Liviya sahillərindəki bazalar artıq Avropa deyil, Türkiyə bazalarıdır. Bu, Aralıq dənizində görmək istədiyimiz nizam deyil”, - yüksək vəzifəli avropalı məmur vurğulayıb.
Türkiyənin Şimali Afrikada fəallaşmasından və öz mövqelərini gücləndirməsindən Borrelin narahatlığı təsasdüfi deyil. Belə ki, 2008-ci ildə Fransanın ovaxtkı prezidenti Nikola Sarkozinin təklifi və təşəbbüsü ilə yaradılan Aralıq Dənizi İttifaqı əslində Parisin bu regiona nəzarətçi rolunu oynamasına və beləliklə də Aİ-nin liderinə çevrilməsinə hesablanmışdı. İlk gündən bu layihənin əleyhinə çıxan Türkiyə isə Aralıq Dənizi İttifaqının əslində Ankara-Aİ münasibətlərinə alternativ bir platforma kimi yaradıldığını iddia edirdi. Fransanın ənənəvi qaydada Türkiyənin Aİ-yə üzvlüyünə qarşı çıxması Ankaranın iradlarının tam əsaslı olduğunu təsdiqləyirdi.
Yeri gəlmişkən, onda Aİ üzvlərindən Böyük Britaniya və Almaniya da bu layihənin sərt tənqidçiləri sırasında yer almışdılar. Sonrakı hadisələr Aralıq Dənizi İtitfaqının kollektiv Qərbin böyük pafosla təqdim etdiyi digər layihələr kimi iflasa uğradığını sübuta yetirdi. Avropa diplomatiyasının rəhbəri Borrelin narahatlığı isə əslində “odu söndürüb, külü ilə oynamaq” təsirini bağışlayır.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Türkiyə Borrel narahatlıq