Laçın şəhərinin azad olunmasından iki il ötür

   Laçın şəhərinin azad olunmasından iki il ötür
  26 Avqust 2024    Oxunub:1171
İki il əvvəl, 2022-ci il avqustun 26-da xalqımız daha bir tarixi hadisənin sevincini və qürurunu yaşadı. Ordumuz həmin gün Laçın şəhərində yerləşdi, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Beləliklə, bu füsunkar, mühüm strateji mövqeyə malik diyarın işğalına tamamilə son qoyuldu. Prezident İlham Əliyevin Sərəncamına əsasən, 26 avqust – Laçın Şəhəri Günü kimi qeyd olunur.
Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğal dövründə rayonun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən çox hərbi və mülki şəxs həlak olub və ya itkin düşüb. İşğalçılar tərəfindən 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi və digər infrastruktur obyektləri talan olunaraq və məhv edilib. Həmçinin 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə uğrayıb.

Təcavüzkar Ermənistan Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, məqsədyönlü məskunlaşma siyasəti apararaq, demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllərlə məşğul olub, soyqırımları, bir çox digər hərbi cinayətlər törədib. Bütün bunlar dünya ictimaiyyətinin gözü qarşısında baş verir və çox təəssüf ki, susqunluqla qarşılanırdı.

2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsi nəticəsində 30 illik işğala son qoyuldu. Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Ordumuzun sarsıdıcı zərbələri Ermənistanı kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur etdi. Azərbaycan, Rusiya və Ermənistanın liderlərinin imzaladığı üçtərəfli Bəyanata əsasən, 2020-ci il dekabrın 1-də Laçın rayonu Ermənistan ordusu tərəfindən boşaldıldı. Bundan əvvəl, noyabrın 9-u isə Laçın rayonunun Güləbird, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilmişdi. 2022-ci ilin avqustun 26-da Qarabağ Zəfərinin davamı olaraq Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bu, şanlı zəfər tariximizə daha bir hərbi və diplomatik qələbə kimi yazıldı.

İşğaldan azad olunmuş digər yurd yerlərimiz kimi, Laçına da həyat yenidən qayıdır, burada sürətli bərpa-quruculuq işləri aparılır. Prezident İlham Əliyev Laçın rayonuna bir neçə dəfə səfər edib. Həmin səfərlər zamanı dövlətimizin başçısı Güləbird Su Elektrik Stansiyasının, “Qorçu” və “Laçın” şəhər yarımstansiyalarının və digər infrastruktur obyektlərinin açılışını edib, Laçın Beynəlxalq Hava Limanının, Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək 3,4 kilometr uzunluğundakı tunelin, “Laçın” Qovşaq Yarımstansiyasının, Qorçu qəsəbəsinin və Şəlvə kəndinin, Laçın şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin, İşğal və Zəfər Muzeyi Kompleksinin təməlini qoyub.

Prezident İlham Əliyev mayın 28-də Laçına növbəti səfəri zamanı aparılan quruculuq işlərindən danışaraq deyib: “Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun”.

Bu gün Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır. Təbii yaşıllıqlarla əhatələnmiş şəhərin tarixən mövcud olmuş təxminən 258 hektar məskunlaşma ərazisində həyətyanı sahəsi olan fərdi evlərə üstünlük verilir. Bununla yanaşı, çoxfunksiyalı zonalarda və digər yaşayış ərazilərində çoxmənzilli binaların tikilməsi təklif edilir. Şəhərdə xəstəxana, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin mədəniyyət və turizm obyektləri də yaradılacaq. Planlaşdırmada tətbiq edilmiş “15 dəqiqəlik şəhər” prinsipi isə yaşayış məhəllələrinin, gündəlik tələbat obyektlərinin yaxın məsafədə olmasını və aşağı sürətli yol infrastrukturunun təşkilini nəzərdə tutaraq sakinlərin və qonaqların şəhər daxilində rahat hərəkətini təmin edəcək.

Şəhərin giriş hissəsindəki körpünün sol istiqamətində salınan çaykənarı bulvar Laçın sakinlərinin və qonaqların sevimli istirahət məkanlarından birinə çevrilib. Artıq Həkəri çayı üzərində göl yaradılıb. Burada asma körpü inşa edilib, ətrafda yaşıllıqlar salınıb, kotteclər tikilib. Göldə çimərlik də fəaliyyət göstərəcək. Rayon sakinlərinin və qonaqların rahat istirahət etməsi üçün çimərliyin ətrafında əyləncə mərkəzinin yaradılması nəzərdə tutulub.

Ötən il avqustun 25-26-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçın rayonuna səfər zamanı Həkəri çayının sahilində keçirilən “Laçın Şəhəri Günü” bayram tədbirində iştirak ediblər.

Onlar “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyalarının açılışına qatılıb, Laçın Beynəlxalq Hava Limanında aparılan tikinti işlərinin gedişi ilə tanış olublar. Səfər zamanı Laçında mehmanxana kompleksinin təməli qoyulub. Dövlət başçısı və xanımı Laçının sənaye zonasında mebel fabrikinin açılışında da iştirak ediblər. Bundan başqa, rayonda “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonunun, “Həkəri Balıq Təsərrüfatı”nın açılışı olub, 2 nömrəli tam orta məktəb əsaslı təmirdən sonra istifadəyə verilib. Hazırda Kəlbəcər–Laçın avtomobil yolunun 38-ci kilometrliyindən 76-cı kilometrliyinədək olan hissəsində işlər uğurla davam etdirilir.

Laçın şəhərində istehsalat, xidmət və tədris müəssisələrinin yaradılması, əhalinin məşğulluğun təmin edilməsi də diqqət mərkəzində saxlanılır. Belə ki, yaxın gələcəkdə burada ekoloji və səmərəli kənd təsərrüfatı, tikinti, yüngül və qida sənayesi, balıqçılıq, tingçilik və digər sosial xidmət sahələrinin inkişafı nəzərdə tutulur. Şəhərdə yaradılan Aqro-Sənaye Parkında ümumilikdə 46 müəssisə fəaliyyət göstərəcək.

Məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün Azərbaycan Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” uğurla icra olunur. Artıq Laçın şəhəri, Zabux və Sus kəndləri də daxil olmaqla işğaldan azad edilmiş ərazilərin bir çoxunda məcburi köçkünlərin qayıdışı təmin olunur, sakinlərin doğma yurd-yuvasına köçürülməsi davam edir.

Ötən il mayın 28-dən başlayaraq laçınlıların doğma yurda dönüşünə start verilib. Laçın şəhəri 552 ailəyə qucaq açıb və 2031 laçınlının yurd həsrəti bitib. Köçürülən ailələrin şəhərdə vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb. Dövlət Proqramına əsasən ötən il rayonun Sus kəndinə 59 ailə və 215 sakinin, Zabux kəndinə 217 ailə və 823 sakinin köçürülməsi təmin olunub.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Laçın şəhərinin işğaldan azad edildiyi 26 avqust tarixi Laçın şəhəri günü kimi qeyd olunur. Bu gün laçınlılar şəhər gününü doğma evlərində sonsuz qürur və sevinc hissi ilə bayram edirlər.

AzVision.az



Teqlər:





Xəbər lenti