Hava ilə bağlı əhaliyə çağırış

   Hava ilə bağlı əhaliyə çağırış
  14 Avqust 2024    Oxunub:1120
Avqustun 15-dən 17-si gündüzədək gözlənilən hava şəraiti ilə bağlı əhaliyə çağırış edilib.
Bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova məlumat verib. O bildirib ki, fəsadlardan qorunmaq üçün əhali hava haqqında verilən xəbərdarlıqları və hava proznozlarını diqqətlə izləməlidir. "Respublikanın bəzi ərazilərində avqustun 15-dən 17-si gündüzədək hava şəraitinin dəyişəcəyi, yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi və sarı xəbərdarlığa uyğun olaraq külək əsəcəyi proqnozlaşdırılır.

Gözlənilən intensiv yağıntılarla bağlı çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, həmçinin Lənkəran-Astara bölgəsinin bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur. Bu səbəbdən vətəndaşlarımızı daha diqqətli və ehtiyatlı davranmağa çağırırıq", - deyə o qeyd edib.

Qeyd edək ki, avqustun 15-də günün birinci yarısında, 16-da isə gün ərzində Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir. Bildirilib ki, yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.

Azərbaycanın rayonlarında avqustun 15-dən 17-si gündüzədək bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Daşkəsən-Gədəbəy, Balakən-Şəki, Dağlıq Şirvan, Quba-Qusar, Mərkəzi Aran, Lənkəran-Astara) intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var.

Avqustun 15-də axşamdan 16-sı səhərədək əksər rayonlarda yağıntıda fasilə olacaq. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, həmçinin Lənkəran-Astara bölgəsinin bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

AzVision.az


Teqlər:





Xəbər lenti