Amerika astronavtları ciddi risklə qarşılaşıblar

   Amerika astronavtları    ciddi risklə    qarşılaşıblar
  08 Avqust 2024    Oxunub:3574
“Boeing Starliner” kosmik gəmisinin missiyası texniki problemlərlə üzləşdiyindən ABŞ-nin Milli Aeronavtika və Kosmos agentliyi (NASA) astronavtların Yerə qaytarılması üçün alternativ variantları nəzərdən keçirir.
NASA-nın yaydığı bəyanatda bildirilir ki, “Boeing Starliner” kosmik gəmisi Yerə qayıtmaq üçün təmir olunmasa, iyun ayında Beynəlxalq Kosmik Stansiyaya (BKS) səkkiz günlük missiyası çərçivəsində yola düşən iki ABŞ astronavtı 2025-ci ilə qədər orbitdə qala bilər.

Agentliyin təmsilçilərinin dediyinə görə, “Boeing” şirkətinin “Starliner” kapsulunda ilk uçuş həyata keçirən astronavtlar Butç Uilmor və Suni Uilyams, “Starliner”lə qayıtmaq hələ də təhlükəli sayılarsa, 2025-ci ilin fevral ayında “SpaceX”-in istehsal etdiyi “Crew Dragon” kosmik gəmisində Yerə qayıda biləcəklər. NASA və “Boeing” şirkəti astronavtları evə necə gətirəcəklərinə qərar verməli olduğu üçün “Crew Dragon”un bir ay gecikdirilən növbəti buraxılışında iki yerin ehtiyat saxlanması barədə “SpaceX” ilə danışıqlar aparır.

Qeyd edək ki, iyunun 5-də start götürən və əvvəlcə səkkiz gün davam etməsi planlaşdırılan astronavtların sınaq missiyası “Starliner”in hərəkət sistemində yaranan problemlər səbəbindən təxirə salınıb və bu, Yerə təhlükəsiz qayıdış ehtimalını şübhə altına alıb. “Boeing”in sözçüsü bildirib ki, NASA “Starliner”in missiyasını dəyişməyə qərar versə, şirkət kapsulun astronavtlarsız geri qaytarılması üçün bütün lazımi tədbirləri görəcək.

“Starliner” mümkün 90 günün artıq 63 gündür ki, BKS-ə birləşdirilib, “Crew Dragon” isə növbəti üçüşda BKS-ə yeni astronavt heyətini çatdırmalıdır. Əvvəlcə “SpaceX Crew-9” missiyasının avqustun ortalarında başlaması planlaşdırılırdığı halda, NASA indi missiyaya sentyabrın 24-dən sonra start veriləcəyini açıqlayıb. “Starliner” kapsuluna dönməsi planlaşdırılan astronavtları Yerə qaytarmaq üçün “Boeing” şirkətinin “SpaceX”in istehsalı olan “Crew Dragon”dan istifadə etməsi, onlarla uzun müddət rəqabət aparan aerokosmik nəhəng üçün böyük zərbə olacaq.

İyul ayında “Boeing” hərtərəfli yerüstü sınaqlardan sonra “Starliner”də mühərrik nasazlığı və helium sızması da daxil olmaqla əməliyyat problemlərinin aşkarlandığını elan edib. Avqustun 2-də isə şirkət “Starliner”in ekipajla təhlükəsiz şəkildə geri qayıda biləcəyinə əminliyini açıqladı.

Sınaqlar “Starliner”in dörd mühərrikinin həddindən artıq istiləşmə və avtomatik sönmə ucabtından sıradan çıxdığını, qalan mühərriklərin isə yanacaq məhdudiyyətləri səbəbindən yenidən işə salındıqda səmərəliliyinin azaldığını aşkarlayıb.

Son vaxtlar ABŞ mediası NASA-nın və “Boeing” şirkətinin rəhbərləri arasında fikir ayrılıqlarının olduğunu yazır. Çünki kosmos agentliyinin rəhbərliyi “Starliner”in astronavtları geri qaytarmaq üçün təhlükəsizliyini şübhə altına alır. Keçən həftə “Starliner”ə nəzarət edən NASA-nın Kommersiya Ekipajı Proqramının iclasında astronavtları geri qaytarmaq üçün “Starliner”dən istifadənin mümkünlüyü ilə bağlı konsensus əldə olunmayıb. “Guardian” nəşrinə müsahibə verən ekspertlər eksperimental kosmik uçuşlar zamanı yaranan problemlərin gözlənilməz olmadığını bildiriblər.

Sınaq kimi qiymətləndirilən bu missiya pilotlu sınaq uçuşu adlandırılır və onun məqsədlərindən biri planlaşdırılmamış problemləri həll etməkdir. Son bir neçə ildə istehsal etdiyi təyyarələrlə bağlı reputasiya böhranı ilə mübarizə aparan “Boeing” üçün indi kritik vəziyyət yaranıb. Şirkətin “Starliner”lə bağlı keçirdiyi son mətbuat konfransında “Boeing”in kommersiya proqramı meneceri Mark Nappi missiyanın cəmi səkkiz gün davam edəcəyinə dair əvvəlki inamlı bəyanatlarından təəssüfləndiyini bildirib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: NASA   astronavtlar   risk  





Xəbər lenti