Moskva və Sankt-Peterburqda pilotsuz tramvaylar fəaliyyətə başlayır

Moskva və Sankt-Peterburqda pilotsuz tramvaylar fəaliyyətə başlayır
  29 İyul 2024    Oxunub:5161
Rusiyanın baş naziri Mixail Mişustin Moskva və Sankt-Peterburqda pilotsuz (sürücüsüz) tramvaylar üçün eksperimental hüquqi rejimin (EPR) yaradılması haqqında sənədə qol çəkib.
AzVision.az xəbər verir ki, bu barədə Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin saytında məlumat verilib.

“Bu istiqamətdə təcrübə xüsusən də şəhər şəraitində pilotsuz tramvayların istismarını, operatorlar üçün xüsusi təlim proqramlarını, müntəzəm texniki qulluq, real vaxt rejimində diaqnostika və yol hərəkəti təhlükəsizliyini təmin etmək üçün tədbirləri nəzərdə tutur”, - nazirliyin yaydığı məlumatda qeyd edilib.

Qeyd edilir ki, təcrübə üç il müddətinə planlaşdırılır. İlk mərhələdə tramvayların yürüşü ən azı 3 min km və ya 150 saata bərabər olmalıdır. Daha sonra tramvay sərnişinləri tam avtonom şəkildə daşımalı və onun hərəkətinə yalnız operator nəzarət etməlidir. Moskvada pilotsuz tramvayın tam şəkildə işə salınması 2025-ci ilin sonuna qədər baş tutacaq. Sankt-Peterburqda isə 2022-ci ildən pilotsuz tramvayın tətbiqi üzərində işlər aparılır.

Tural Tağıyev
AzVision.az



Teqlər: Tramvay  





Xəbər lenti