2 milyon təkəri okeanın dibinə niyə atmışdılar? - Maraqlı faktlar

   2 milyon təkəri okeanın dibinə niyə atmışdılar? -    Maraqlı faktlar
  22 İyul 2024    Oxunub:2794
1970-ci ildə amerikalı alimlər olduqca qəribə bir layihə hazırladılar. Məqsəd okeanda canlıların rahat və firavan yaşayıb çoxalmasını təmin etmək idi. Xeyr, söhbət neft tullantılarını toplamaqdan getmir. Alimlər rəsmiləri inandıra biliblər ki, milyonlarla maşın təkərini okean dibinə yığsalar, bu süni riflər olacaq və okean canlıları “müftə mənzil” və rahat şərait əldə edəcəklər. Nəhayət, pafoslu layihə qəbul olunur və həyata keçirmək üçün hərəkətə başlayırlar.
100-dən çox özəl sektora aid qayıq və ABŞ donamasının gəmisi bu işə cəlb olunur. Layihəni həyata keçirən "Goodyear Tire and Rubber Co" o qədər həvəslənir ki, hətta zibilliklərdən əlavə təkərlər yığır və bu təkərləri bir-birinə bağlayan işçi qrup yaradır.

Hətta bununla kifayətlənməyib, ilk qızıl suyuna çəkilmiş təkəri okeana atmaq üçün zeppelin hava nəqliyyatını kirayələyir.

Öncə qızıl suyuna çəkilmiş, sonra bir-birinə bağlanmış təxminən 2 milyon təkər Florida sahillərində Atlantik okeanin dibinə atılır. Lakin çox keçmədən, burada yaşayan canlıların “qara günləri" başlayır. İlk sualtı dalğalar təkərləri bir-birindən ayırır və onlar okean dibinə yayılır.

Sonra sualtı dalğalar təkərləri parçalamağa başlayır. Suda hərəkət edən balıqlar və digər canlılar təkər qırıntılarına ilişib can verirlər. Bir sözlə, okean dibində rezin fırtınaları baş verir. Üstəlik, canlıların münbit yaşayış yeri böyük bir zibilliyə çevrilir.

Fəlakətin miqyası get-gedə böyüyür. Səlahiyyətli şəxslər dərhal Amerika ordusuna bütün təkərləri yığmaq əmri verir. Güc-bəla ilə təxminən 72 min təkər yığılır, lakin qalan təkərlər suyun dibində qalır.

Layihənin koordinasiyasına kömək edən Florida Universitetinin professoru Ray McAllister 2007-ci ildə mətbuata açıqlamasında:“ Həqiqətən də parlaq fikir idi. Məqsədimiz həmin bölgədəki canlıların sayını 2-3 dəfə artırmaq idi. Amma plan baş tutmadı. İndi fikirləşəndə bunun necə qorxunc bir plan olduğunu anlayıram”, -bildirib.







Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti