Vens: “Amerikalı işçilərin hüquqlarını qoruyacağam”

   Vens: “Amerikalı işçilərin hüquqlarını qoruyacağam”
  18 İyul 2024    Oxunub:1594
Donald Trampın vitse-prezident kimi namziədliyini irəli sürdüyü Ceyms Devid Vens Respublikaçıların Milli qurultayında ilk dəfə bu statusda çıxışı zamanı demokratlar tərəfindən “kənara atılan və unudulan” Amerikanın fəhlə sinfinin hüquqları uğrunda mübarizə aparacağına söz verib.
AzVision.az “BBC” tele-korporasiyasına ixtinadən xəbər verir ki, iki həftədən sonra 40 yaşı tamam olacaq Ceyms Vens çətin uşaqlıq illərindən tutmuş Dəniz Piyadaları korpusunda xidmətə, Yel Hüquq məktəbini bitirməsinə, vençur kapitalı firmasında işləməsinə və nəhayət, ABŞ Senatına seçilməsinə qədər keçdiyi çətin yoldan danışaraq, adi amerikalıların üzləşdiyi çətinlikləri anladığını söyləyib.

O, prezident Co Bayden kimi həyatlarından daha uzun müddət ərzində siyasətdə olan “karyera siyasətçilərini” uğursuz ticarət siyasəti və ölkənin hüdudlarından kənarda müharibələrdə iştirak etməklə kiçik şəhərləri dağıtmaqda günahlandırıb.

“Prezident Trampın baxışı isə çox sadə və eyni zamanda çox güclüdür. Biz Uoll Stritə ( Nyu-Yorkun tarixi maliyyə kvartalı – red .) xidmət göstərməyi bitirdik. Biz işçiyə xidmət edəcəyik”, - Vens vurğulayıb.

Çıxışında Ukraynadakı müharibəyə toxunmayan Vens, ümumiyyətlə, partiya konfransının üçüncü gününün mövzusu olan xarici siyasət haqqında az danışıb. O, ABŞ-nin müttəfiqlərinin dünyada sülhü təmin etmək yükünü bölüşməli olduğunu və Amerikanın münaqişədən qaçacağını, ancaq təxribat olarsa, “sərt zərbə endirəcəyini” bildirib.

Vensin çıxışı Trampın baxışlarının bir çox əsas prinsiplərini təkrarlayıb. Yerli istehsalı Çin idxalından üstün tutacağına söz verən potensial vitse-prezident, ABŞ-nin müttəfiqlərinə indən sonra Vaşinqtonun qlobal təhlükəsizliyin qorunmasında köməyindən sərbəst şəkildə istifadə edə bilməyəcəkləri barədə xəbərdarlıq ünvanlayıb.

“Onun iddiasına görə, hökumət idxalı məhdudlaşdırma və minimum əmək haqqını artırmaqla, habelə korporativ tamahkarlığı cilovlamaqla zəhmətkeşlərə kömək etmək üçün daha çox iş görməlidir. Bu müddəalar Respublikaçılar partiyasının daha azad bazarlar və daha az hökumət tənzimləməsi ilə bağlı ənənəvi gündəliyindən fərqlənsə də, Trampın gündəliyinə tamamilə uyğundur”, - BBC tele-korporasiyası qeyd edib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Vens   işçilər  





Xəbər lenti