Daşkənddə Amerika Texnologiya Universiteti açılacaq

   Daşkənddə Amerika Texnologiya Universiteti açılacaq
  18 İyul 2024    Oxunub:1223

Daşkənddə Arizona Dövlət Universiteti və Amerikanın “Cintana Education” şirkəti ilə birgə yeni tədris ilində fəaliyyətə başlayacaq Amerika Texnologiya Universiteti açılacaq.
AzVision.az AZƏRTAC-a istinadən xəbər verir ki, Özbəkistan mətbuatına istinadla xəbər verir ki, paytaxtda Amerika Texnologiya Universitetinin yaradılması ilə bağlı tədbirlər haqqında Fərmanı dünən Özbəkistan Prezidenti Şavkat Mirziyoyev imzalayıb.

Məlumatlarda qeyd edilir ki, Özbəkistanda Vebster Universitetindən sonra ikinci Amerika universiteti olacaq bu özəl ali təhsil müəssisəsi tam akademik, təşkilati və maliyyə müstəqilliyi əsasında fəaliyyət göstərəcək. Burada təhsil müqavilə əsasında həyata keçiriləcək, tələbə qəbulunun parametrləri və qaydası, məzunların attestasiyası və müqavilənin məbləği universitetin özü tərəfindən müəyyən ediləcək.

Amerika Texnologiya Universiteti mühəndislik, səhiyyə, informasiya texnologiyaları, memarlıq və dizayn, iqtisadiyyat və maliyyə, eləcə də beynəlxalq əlaqələr sahələrində mütəxəssislər hazırlayacaq. Universitetin məzunlarına Arizona Dövlət Universitetinin və ya ABŞ-da tanınan və ən yaxşı 200 nüfuzlu reytinq təşkilatı siyahısına daxil edilmiş tərəfdaş xarici universitetin diplomu veriləcək.



“Cintana Education” bu universitetə 2024-2030-cu illərdə 30 milyon dollar, növbəti beş ildə isə 20 milyon dollar sərmayə qoymağı öhdəsinə götürüb ki, bu vəsait də onun yaradılması, fəaliyyətinin qurulması və maddi-texniki bazasının formalaşdırılması məqsədləri üçün istifadə olunacaq. Şirkət, həmçinin universitetin kitabxana fondunun formalaşdırılmasını, müasir ədəbiyyatla təchiz edilməsini həyata keçirməli, eyni zamanda, ABŞ-dakı Arizona Dövlət Universitetinin kitabxana fondundan istifadə imkanları yaratmalıdır.



Arizona Dövlət Universiteti (ASU) ABŞ-ın ən böyük təhsil və tədqiqat universitetidir. Ölkənin ən nüfuzlu universitetlərindən biri olan bu ali təhsil müəssisəsi 2014-cü ildən bəri səkkiz dəfə innovasiyalar üzrə dünyanın ən yaxşı təhsil ocağı kimi tanınıb. Abituriyentlər və distant təhsil alan tələbələr də daxil olmaqla 2023-cü ildə ASU-nun ümumi tələbə sayı 600.000 nəfəri ötüb.

AzVision.az



Teqlər:





Xəbər lenti