Argentina prezidenti İranla bağlı sərt bəyanat verib

   Argentina prezidenti İranla bağlı    sərt bəyanat    verib
  18 İyul 2024    Oxunub:1032
Argentinanın prezidenti Xavyer Miley İranı “terrorçu dövlət” adlandırıb.
AzVision.az xəbər verir ki, Xavyer Miley Buenos-Ayresin 1994-cü ildə yəhudi mədəniyyət mərkəzinə qarşı törədilmiş terror aktında əli olduğuna inandığı İran rəsmilərinin mühakimə edilməsinə çalışacağını bildirib.

“Vəziyyət İranın terror dövlətinin oynadığı rolu, bəşəriyyətə qarşı cinayətləri ört-basdır etmək üçün şahidlərə rüşvət verilməsini nəzərə alaraq, törədilmiş cinayətlərin ağırlığına uyğun cəza tədbiri görülməsini tələb edir”, - Miley sözügedən terror aktının 30-cu ildönümünə həsr olunmuş konfransda vurğulayıb.

Argentina prezidenti bildirib ki, onun hökuməti xüsusilə ciddi məsələlərdə, o cümlədən terror fəaliyyətinin maliyyələşdirilməsi ilə bağlı işlərdə qiyabi mühakiməyə imkan verən qanun layihəsi təklif edib. Onun fikrincə, bu, İran rejiminin terror aktına aidiyyəti olan məmurlarını mühakimə etməyə imkan verəcək. Hərçənd, çox güman ki, hökm icra olunmayacaq.
Miley həmçinin İranı HƏMAS-ın 2023-cü il oktyabrın 7-də 25 Argentina vətəndaşının ölümü ilə nəticələnən İsrail ərazisinə hücumunda əli olmaqda suçlandırıb.

“Bu başqa şey deyil, elə eyni şeydir: İran hökuməti, Hizbullah, HƏMAS ilə əlaqəli sektorlar məsələsidir. Buna görə də, İran terrorunun milli maraqlara və bilavasitə argentinalıların həyatına toxunan bir məsələ olduğuna şübhə yoxdur”, - Argentina prezidenti bildirib.

Argentinalı müstəntiqlərin gəldiyi qənaətə əsasən, 1994-cü ildə 85 nəfərin ölümü ilə nəticələnən yəhudi mədəniyyət mərkəzinin bombalanmasında iranlı diplomatların və siyasətçilərin əli var. Lakin Tehran bu ittihamları dəfələrlə rədd edib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Argentina   İran  





Xəbər lenti