Vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi olub

Vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi olub
  21 İyun 2024    Oxunub:1082
İyunun 21-də “Badamdar Estates” mehmanxanasında “İnsan hüquqları aylığı” ilə bağlı Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman), Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin üzvləri, vəkil qurumlarının rəhbərləri, habelə KİV nümayəndələrinin iştirakı ilə Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib.  
Tədbir Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Dövlət Himni və Vəkil Marşının səsləndirilməsi ilə başlayıb.

Mərasimdə Kollegiya sədri Anar Bağırov çıxış edərək Azərbaycanda vəkilliyin tarixindən, inkişafından və getdikcə daha da yüksələn nüfuzundan danışıb, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycan vəkilliyinin bu gün daha da böyüdüyünü, gücləndiyini və vətəndaşların hüquqi yardıma çatımlılığının tam təmin edildiyini vurğulayıb.

Sədr Prezident İlham Əliyevin tövsiyəsinə uyğun olaraq vəkillərin sayının artdığını, dövlət başçısının ölkədə vəkillik fəaliyyətinin gücləndirilməsinə çox böyük dəstək göstərdiyini bildirib, ARVK-nın beynəlxalq əlaqələrinin qurulmasından, çoxsaylı nüfuzlu təşkilatlara üzv qəbul edilməsindən, “İnsan hüquqları aylığı” çərçivəsində vəkillərin fəal iştirakından söz açıb, habelə digər məsələlər barədə tədbir iştirakçılarına məlumat verib. Bildirilib ki, müxtəlif bayramlar və o cümlədən “İnsan hüquqları aylığı” çərçivəsində 1500 -ə yaxın vətəndaşa pulsuz hüquqi yardım gösətərilib.

Həmçinin Anar Bağırov son dövrlər vəkillikdə informasiya və kommunikasiya texnologiyalarının tətbiqinə böyük üstünlük verildiyini bildirib, Kollegiya tərəfindən yaradılan “Elektron vəkil orderi” sisteminin hazırkı fəaliyyətindən danışıb, o cümlədən bu sistem vasitə ilə 47 Vəkil Bürosunda və fərdi qaydada fəaliyyət göstərən 20 vəkil tərəfindən indiyədək ümumilikdə 1300 -ə yaxın müqavilə imzalanıldığınıvurğulayıb.

Diqqətə çatdırılıb ki, 2018-ci ildən indiyədək ARVK üzvlüyünə qəbulla bağlı 13 yazılı test imtahanı keçirilib. Bu imtahanlarda iştirak edən 5488 namizəddən 1627 nəfər ixtisas imtahanlarında uğur qazanıb, icbari təlimi müvəffəqiyyətlə başa vuraraq vəkil andı içib. Bu gün vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və icbari təlimi uğurla başa vuran ümumilikdə 51 namizəd vəkil andı içərək Kollegiyaya qəbul olunublar.

Eyni zamanda bildirilib ki, namizədlər sırasında əvvəllər hakim işləmiş 6, vəkilik fəaliyyəti ilə məşğul olmuş 6 nəfər qanunvericiliyə uyğun olaraq şifahi müsahibədə uğur qazanaraq icbari təlimə cəlb olunmadan andiçmə mərasiminə buraxılıb. O cümlədən 3 hüquq elmləri doktoru vəkilliyə qəbulla bağlı andiçmə mərasimində iştirak edir. Beləliklə, vəkillərin sayı 2502 nəfərə çatıb.

Hazırda andiçmə mərasimində iştirak edən vəkillərdən 32 nəfəri kişi, 19 nəfəri isə qadındır. Bununla da qadın vəkillərin sayı 503 nəfər olmaqla ümumi vəkillərin 18%-ni təşkil etməkdədir.

Sonra tədbirdə Ombudsman Səbinə Əliyeva çıxış edərək vəkillərin məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayıb, vəkillik institutunun insan və vətəndaş hüquq və azadlıqlarının həyata keçirilməsinin vacib təminatı kimi çıxış etdiyini qeyd edib. Bu baxımdan, keyfiyyətli hüquqi yardım almaq hüququnun həyata keçirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və ədalət mühakiməsinin səmərəli fəaliyyətinin təmini üçün güclü və nüfuzlu vəkillik institutunun mövcudluğu mühüm əhəmiyyət kəsb edir.

Səbinə Əliyeva nəzərə çatdırıb ki, Azərbaycanda müstəqil vəkillik institutunun yaradılması və inkişaf etdirilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun rəhbərliyi altında Azərbaycan post-sovet məkanında vəkillik institutuna müstəqillik verən ilk dövlətlərdən biri oldu, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi və bununla da ölkəmizdə vəkillik müstəqil peşə kimi tanındı. Vəkillik institutunun inkişafı və nüfuzunun artırılması, vəkillik fəaliyyətinin müasir tələblərə uyğun şəkildə təşkili istiqamətində tədbirlər Azərbaycanın Prezidenti cənab İlham Əliyev tərəfindən davamlı olaraq həyata keçirilməkdədir. Məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi sahəsində görülən işlər çərçivəsində ölkə Prezidenti tərəfindən imzalanmış “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” müvafiq Sərəncamı Vəkillər Kollegiyasının fəaliyyətinin təkmilləşdirilməsi, regionlarda vəkillikfəaliyyətinin stimullaşdırılması, vəkillərin peşə hazırlığının və ixtisasının artırılması, dövlət hesabına göstərilən hüquqi yardıma görə müəyyən edilmiş məbləğin artırılması, hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlərin təşkili baxımından müstəsna əhəmiyyət kəsb edir.

Xüsusi ilə vurğulanmalıdır ki, ölkə Prezidentinin təşəbbüsü ilə qanunvericiliyə edilən dəyişikliyə əsasən mülki işlər üzrə də vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərin dövlət hesabına peşəkar hüquqi yardım almaq hüququ təsbit olundu. Beləliklə, ölkəmizdə vəkillik fəaliyyətinin gücləndirilməsi və müasirləşdirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir və göründüyü kimi, vəkillik sahəsində aparılan islahatlar son nəticədə insan hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsinə şərait yaradır.

Bildirilib ki, Ombudsman təsisatı olaraq əhalinin peşəkar hüquqi yardımla təmin edilməsi və bununla da hüquq və azadlıqların daha etibarlı müdafiəsi, müvafiq sahədə qanunvericiliyin təkmilləşdirilməsi və maarifləndirmə işinin təşkili istiqamətində Vəkillər Kollegiyası ilə əməkdaşlıq davam etdirilir. Xüsusi ilə vurğulanmalıdır ki, Ombudsman “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun, habelə vəkillik fəaliyyəti ilə bağlı digər normativ-hüquqi aktların təkmilləşdirilməsi prosesində yaxından iştirak edir.

Vəkillərin fəaliyyəti ilə bağlı Ombudsmana ünvanlanmış şikayətlərlə bağlı müvafiq araşdırmanın aparılması və zəruri tədbirlərin görülməsi üçün tərəfimizdən Vəkillər Kollegiyasına göndərilmiş müraciətlərə xüsusi həssaslıqla yanaşılır və zəruri tədbirlərin görülməsi təmin edilir. Bundan başqa, vəkillər tərəfindən Ombudsmana ünvanlanan şikayətlərə də qanunvericiliyin tələblərinə müvafiq qaydada baxılaraq cavablandırılması təmin edilir.

ARVK Rəyasət Heyətinin qərarına əsasən, Kollegiya ilə Ombudsman təsisatının birgə əməkdaşlığında verdiyi xüsusi töhfəyə görə Səbinə Əliyeva “Azərbaycan vəkilliyinin 100 illiyi” yubiley döş nişanı ilə təltif edilib, ona gələcək fəaliyyətində uğurlar arzulanıb.

Həmçinin mərasimdə vəkilliyə qəbul üzrə ixtisas imtahanlarından müvəffəqiyyətlə keçən, icbari təlimi başa vuran və şifahi müsahibədə uğur qazanan namizədlər namizədlər Azərbaycanın Dövlət Bayrağı önündə and içib, onlara vəsiqələr təqdim edilib.

Daha sonra mərasimdə vəkilliyə namizədlər çıxış edib, vəkil peşəsinə yiyələndikləri üçün məmnun olduqlarını, vəkilliyə qəbul üzrə ixtisas imtahanlarının intensiv olaraq keçirilməsi üçün ARVK-nın Rəyasət Heyətinə minnətdar olduqlarınıbildiriblər.

Tədbirin ikinci hissəsində fəaliyyətləri dövrlərində fərqlənən və yubileylərini qeyd edən Kollegiyanın bir sıra üzvləri, həmçinin “İnsan hüquqları aylığı” ilə bağlı olaraq və ARVK ilə informasiya təminatında sıx əməkdaşlıq da nəzərə alınmaqla bir qrup jurnalist təltif olunub.

Eyni zamanda ARVK Rəyasət Heyətinin iclası keçirilib.
AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti