Rusiya niyə ehtiyat qüvvələri döyüşə atır? - İSW səbəb və detalları açıqladı

      Rusiya niyə ehtiyat qüvvələri döyüşə atır?    - İSW səbəb və detalları açıqladı
  14 İyun 2024    Oxunub:1084
Ukrayna əsgərləri Xarkovdan şimalda itirilmiş mövqelərini bərpa edib və Qlubokoedən cənub-şərqdə əks-hücum əməliyyatları keçirirlər.
Bu fikirlər Müharibə Araşdırmaları İnstitutunun (ISW) yeni hesabatındandır. Sənəddə qeyd edilir ki, rus hərbi müxbirlər də Ukrayna Silahlı Qüvvələrinin Qlubokoe ətrafında əks-hücum keçirdiklərini təsdiqləyiblər.

Döyüşə uşaqlar gedir: Ukraynada daha bir azyaşlı öldürülüb
Hətta bir blogger qeyd edib ki, Kiyevin nəzarətində olan ordunun əks-hücumları bölgədə yerləşdirilmiş rus bölmələri üçün vəziyyəti xeyli çətinləşdirir.

Digər bir neçə rus mənbələri də Ukraynanın Volçansk və onun ətrafında güclü əks-hücumlara keçməsi barədə məlumatlar ötürüblər. Lakin o da iddia edilir ki, ruslar Volçanskın şimalında cəbhə boyu 4,5 km enlikdə 1,8 km irəli gediblər. Onlar hətta aqreqat zavodu adlanan ərazidə ciddi nailiyyətlər də qazanıblar.

Həm Rusiya, həm də Ukrayna mənbələri Kremlin Xarkov vilayətinin şimal hissəsinə artıq ehtiyat qüvvələri cəlb etdiyini söyləyiblər. Amma hansı miqyasda, təxminən nə qədər ehtiyat qüvvənin arxa cəbhədən döyüş bölgəsinə gətirilməsi məlum deyil.

Rusiyalı mənbə iddia edib ki, Volçansk yaxınlığında adi çağırışçılar deyil, 155-ci əlahiddə dəniz piyada briqadasının (Sakit Okean Donanması) bölmələri fəaliyyət göstərir. Maraqlıdır ki, ISW mütəxəssisləri də bu yaxınlarda Maryinski istiqamətində məlum briqadanın bölmələrini qeydə almışdılar: "Əgər məlumat doğrudursa, demək 155-ci motoatıcı briqadanın bölmələri Volçansk bölgəsində görünməklə bu vilayətdə rus qruplarını gücləndirməyə, Donetskdən Xarkov istiqamətinə məcburi yerdəyişməyə başlayıblar. Bu əraziyə rusların ehtiyat qüvvələrinin cəlb edilməsi xəbərini təsdiq edir".

Ukrayna Silahlı Qüvvələrinin Xarkov qoşun qrupunun nümayəndəsi Yuri Povx qeyd edib ki, ruslar artıq bölgədə ələ keçirdikləri mövqelərin ətrafında istehkamlar qurmağa çalışırlar. Ukrayna Baş Qərargahı isə bəyan edib ki, Kremlin hərbi qüvvələri iyunun 12 və 13-də Qlubokoe, Volçansk və Tixa yaxınlığında uğursuz hücumlar həyata keçiriblər.

Dünən ABŞ-nin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Çarlz Braun da sözügedən regionda hərbi əməliyyatlarla bağlı diqqət çəkən açıqlamalar vermişdi.

O hazırda Xarkov vilayətində vəziyyətin əvvəlki dövrlə müqayisədə sabitləşdiyini söyləyib.


Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Son bir ayda isə rus qoşunları Xarkov istiqamətində daha çox hücumlar edir, əsas hədəfin bu bölgənin olduğunu nümayiş etdirirlər. Bir müddət öncə isə Kiyev səfərbərlik qaydalarını bir qədər də sərtləşdirib.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya   Xarkov   Əks-Hücum  





Xəbər lenti